Oturmuşuq... Ortalığa sükut çöküb... “Dörd divarına sükut çökən bu ev, kim bilir, bir zamanlar nə sevinclərə, nə qəh-qəhələrə, nə qəmsiz-kədərsiz günlərə şahidlik edib”, – deyə düşünürəm. Bir zamanlar üç igidə ata ocağı olan bu ev indişəhid evidir. Otağın baştərəfində bir rəf yerləşir, bir gözündə ona aid kitablar. Bəlkə də onların içində oxuyub tamamlaya bilmədiyi bir kitab hələ də onu gözləyir.Rəfin üzərindəki şəkillərdən izləyir bizi, elə xoş təbəssümlə baxır ki, sanki hiss edir onun üçün gəldiyimizi.
Səssizcə oturmuşuq... Bu səssizliyi pozmaq lazımdır axı. Amma heç bilmirəm nə deyim? Haradan başlayım? Onu necə tanıyım? Kimdən soruşum onu? Gözümü zillədiyim bir nöqtədən güclə ayırıram və bütün mənəvi gücümü toplayıb, şəhid anasının üzünə baxıram. Əvvəl gözünü Nicatın şəklinə dikib susur, sonra baxışları divarlarda, tavanda gəzişir. Hiss edirəm ağlamaq istəmir. Bəlkə, qüruruna sığışdırmır, bəlkə, dərdini təzələmək istəmir, bilmirəm. Amma qadınlar göz yaşlarını nə vaxt gizlədə bilib ki?! Ortalığa çökən sükutu özü pozur: “Çox mərd, qeyrətli, fədakar oğul idi, Nicat. Heç kəsin xətrinə dəyməzdi. Hərdən deyirəm, kaş ki, bircə dəfə qəlbimi qırardı, xətrimə dəyərdi, bəlkə, bu qədər çox incitməzdi gedişi məni. Hər addımında bizimlə məsləhətləşərdi, həmişə deyərdi ki, ana, nə zaman ki,sənin xeyir-duan olmadan bir iştutsam, həmişə ziyan çəkirəm. O qədər ifallı oğul idi ki, Nicat. Sevgisini bəlli etməkdə çətinlik çəksə də, hər birimizin qayğısını da elə o çəkərdi. Nicatla dost idik biz. Hər sirrini mənimlə bölüşərdi. Arzuları var idi, oktyabrın 23-ü nişan taxacaqdıq, qismət olmadı. Arzusu gözündə qaldı balamın.
“Hərb peşəsinə uşaqlıqdan həvəsi var idi”, – deyir anası Minayə xanım. Bu şərəfli yolu özü seçmişdi. Şərəfli zabitə məxsus olan sirr saxlamaq keyfiyyətinə malik idi. Müharibə başlayandan deyirdi ki, mən döyüşdə deyiləm. Sən demə, narahat olmayaq deyə, elə deyirmiş. Şəhidlik zirvəsinə ucalana qədər biz onun döyüşdə olduğundan xəbərsizdik. Bu gün də əsgərləri zəng vurub halallıq istəyirlər, deyirlər ki, o bizə komandir yox, qardaş olmuşdu.
…Bir dostu varmış Nicatın. Bağça yoldaşlığından döyüş yoldaşlığına qədər. Bir məktəbə getmişdilər. Eyni ali məktəbə qəbul olub, Bakıda da bir evdə yoldaşlıq etmişdilər. Qismət elə gətirmişdi ki, Vətən savaşında da döyüş yoldaşı olmuşdular. Deyir ki, Nicatın hərbçi mətinliyi hər kəsə örnək idi. Bütün çətinliklərin öhdəsindən gələrdi. Nizamlı-intizamlı idi Nicat. Orduda çətinliklər olur, ordu kişilik məktəbidir. Nicatı bir dəfə də olsun, o çətinliklərdən şikayətlənən görmədilər. Aza kifayətlənən, çoxa şükür edən idi. Ətrafındakı əsgərlərin hörmətini qazanmışdı. Hər maaş aldıqda əsgərlərinin cibinə pul qoyardı. 4 dil bilirdi. O qədər dərin, dünyagörüşlü insan idi ki, hər kəs onunla söhbət etməyə can atırdı.
Atası Rizvan Məmmədli deyir ki, Vətən dara düşəndə onun qeyrətli oğulları ondan ötrü can verməli, qan tökməli, onun sipəri olmalıdır. Nicat da belə oğullardan idi. O, torpağa bağlılıq, Vətənə sədaqət ruhunda böyümüşdü. Elə bil torpaq üçün yaranmışdı. Bəlkə də, qismət, məsləhət belə imiş. Ölüm sevinməsin! Çünki o ölmədi. Əksinə, ölməzlik qazandı. Düzdür, aramızdan ayrıldığı üçün darıxırıq, həsrətini çəkirik, amma illərdir, düşmən tapdağı altındakı torpaqlarımızın azad edilməsində Nicatın da əməyi olması qürur hissi yaşadır bizə.
…Sən sağ ol, Vətən! Daha bir övladın sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yanında ürəyi yansa da, başı dik dayandı.Adi ölümolsaydı, bu, bir ata üçün çox çətin və əzablı olardı. Min əziyyətlə böyütdüyü oğluna nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəldi.Başını dik tutub göz yaşlarını ovundurmağa çalışdı. Dindirəndə həzin bir səslə pıçıldadı: “Onlarla belə oğulfəda edərəmtorpaq uğrunda, təki Vətən sağ olsun”.
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, – deyir, oğlunun nəşi üstünə sərilən Bayrağımızdan onun qoxsunu alır, onun əsgər yoldaşlarında təskinlik tapır. Hər kəs baş əyir məzarının önündə, “səninlə fəxr edirik,Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni”, – deyir.
Haşiyə: Nicat Rizvan oğlu Məmmədli 31 iyul 1999-cu ildə Culfa rayonunda anadan olmuşdu. 2005-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbin birincisinfinə qədəm qoymuşdu. 2013-cü ildə isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. Burada oxuduğu illərdə təşəkkürnamə, Fəxri fərmanla mükafatlandırılmışdı. 2017-ci ildəHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş, 2020-ci ildə Ali Hərbi Məktəbi leytenant rütbəsilə fərqlənmə ilə bitirmişdi. Orada oxuduğu illərdə bütün müəllimlərinin və yoldaşlarının sevgisini qazanan Nicat ötən il oktyabr ayının əvvəllərində döyüşlərdə böyük qəhrəmanlıq və şücaət göstərərək əbədi ölməzliyə qovdu.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nicat Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Torpağın üzü soyuq olur, – deyirlər, – söndürür insanın içindəki alovu, ovudur kədəri. Üstəlik, şəhidlik zirvəsinin yüzlərdən, minlərdən, milyonlardan birinə qismət olduğunu düşünmək ən böyük təsəlli deyilmi geridə qalanlara? Bu şərəfli ölüm qəhrəmancasına şəhid olan Nicata da qismət oldu. Şəhadətin mübarək, Vətən oğlu!
Gülcamal TAHİROVA