Naxçıvandakı şəhid ailələri və qazilər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar
Azərbaycan tarixinin şanlı Zəfər salnaməsini yazarkən çox canlar fəda etdi xalqımız. İgid oğullarımız “Öncə Vətən”, – deyib sinələrini Vətənə sipər edərək azadlıq mübarizəsinə qoşuldu, yurdumuzu murdar yağı tapdağından təmizlədi. Parlaq qələbənin qazanılması uğrunda müqəddəs savaşda minlərlə Vətən övladı ilə birlikdə Naxçıvan torpağının yetirdiyi igid oğullarımızın da böyük payı var.
Bunu Prezidentimiz, cənab İlham Əliyevin “Bildirməliyəm ki, İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər” fikirləri bir daha təsdiq edir.
İgidlik göstərərək şəhidlik zirvəsinə yüksələnlər sırasında Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə bərabər, Naxçıvan Əlahiddə Ümumqoşun Orduda təşkil olunan ixtisas hazırlığı kurslarında peşəkar hərbçi kimi yetişən oğullarımızın II Qarabağ müharibəsindəki şücaətləri, göstərdikləri qətiyyət muxtar respublikamızda vətənpərvərlik və millilik ideologiyasının təbliğinə nə qədər önəm verildiyini bir daha sübut etdi. Şəhidlərin Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən qarşılanması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun şəhidlərin qarşılanma mərasimlərində şəxsən iştirak etməsi, onların xatirəsinə ehtiramını bildirməsi, şəhid ailələri ilə görüşüb onlara başsağlığı verməsi xalqımızın, dövlətimizin birliyindən, aliliyindən, müdrikliyindən xəbər verdi.
Ali Məclisin Sədri muxtar respublikanın bütün dövlət qurumlarına şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına həm maddi, həm mənəvi dəstək göstərilməsini bir vəzifə olaraq tapşırmaqla onlara hörmət və ehtiramı göz önünə sərdi.
Muxtar respublika rəhbəri Naxçıvan Qarnizonunun Hərbi Qospitalında qaziləri ziyarət edərək, onların sağlamlığı, göstərilən tibb xidmətinin səviyyəsi ilə maraqlandı: Ali Məclis Sədrinin: “Vətənə layiqincə xidmət etmək və bu xidmətin dövlət tərəfindən qiymətləndirilməsi isə Vətənin bütövlüyünə, gələcəyinə xidmət edir. Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü və modern silahlarla ölçülmür. Ordunu güclü edən onun sıralarında cəsur və vətənpərvər gənclərin olmasıdır” fikirləri hər bir hərbçiyə qürur hissi yaşatmaqla bərabər, “bu ölkə üçün nə etsəm, azdır” qənaətini daha da artırdı.
Qələbənin qazanılmasında əvəzsiz xidmətləri olan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri, o cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbçilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən orden və medallarla təltif edildi, onlara xüsusi hərbi rütbələr verildi, onlar üçün Azərbaycan Prezidentinin təqaüdü təyin edildi. Həmçinin müharibə şəhidlərinin və qazilərinin adlarının əbədiləşdirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün fərman və sərəncamlar imzalandı. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2021-ci il 7 yanvar tarixli Fərmanına əsasən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikasının bütün şəhər və rayonlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatında da belə bir şöbə yaradılıb. 2021-ci ilin yanvar ayında yaradılan şöbənin iş planı hazırlanaraq təsdiq edilib, Vətən müharibəsi iştirakçıları və şəhidlər barədə verilmiş fərman, sərəncam və qanunlar, eləcə də digər qanunvericilik sənədləri toplanıb. Onların qayğı və problemlərinin vaxtında və diqqətlə, yerindəcə həll edilməsi üçün yaradılan yeni şöbənin müdiri vəzifəsinə təyin olunan İsmayıl Gülməmmədovla şöbənin fəaliyyət istiqaməti haqqında söhbət etdik.
İsmayıl müəllim bildirdi ki, qısa vaxt ərzində Naxçıvan şəhəri üzrə şəhidlərin və qazilərin siyahıları dəqiqləşdirilib, onlar haqqında ətraflı məlumatlar – yaşayış və qeydiyyat yerləri, doğum və ölüm tarixləri, yaralanma yerləri, ailə tərkibləri, dövlət təltifləri, şəhidlərin dəfn edildikləri yerlər və sair onlar üçün hazırlanmış məlumat – sorğu anketlərində əks olunub. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi və Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi ilə əlaqə saxlanılıb, müharibə və iştirakçılar barədə əlavə məlumatlar əldə edilib.
Şəhid ailələri, qazilərlə görüş, onların ziyarət edilməsi ilə bağlı aylıq təqvim planı da hazırlanıb və təqvim əsasında hər bir ailədə görüşlər olub, onların qayğı və problemləri qeydə alınıb, aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Həll edilməsi digər dövlət orqanlarının səlahiyyətinə aid olan məsələlər həmin orqanlara göndərilir və nəticəsi diqqətdə saxlanılır. İsmayıl müəllim onu da qeyd etdi ki, yeni yaradılmış bu şöbə işini günün tələbləri səviyyəsində quraraq Azərbaycan Respublikası Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qarşıya qoyduğu vəzifə və tapşırıqları layiqincə yerinə yetirmək üçün bütün imkanlardan səmərəli istifadə edir. Məqsəd ondan ibarətdir ki, şəhid ailələri, müharibə iştirakçıları maksimum dərəcədə qayğı ilə əhatə olunsun, hər hansı bir çətinliklə qarşılaşmasınlar. Bununla yanaşı, ailələrlə görüşlər zamanı dövlətin bu ailələrə aid yeni normativ sənədlərlə vaxtında tanış olmaları və ondan faydalanmaları üçün izahat işləri, maarifləndirici söhbətlər aparılır.
Şöbənin gördüyü işləri biz də şəhid ailələri və qazilərimizin dilindən eşitmək istədik. Bunun üçün bir neçə şəhid ailəsi və qazi ilə görüşüb, onlarla söhbətləşdik. Şəhid gizir Bağır Ələkbərovun ailəsində olarkən atası Əsəd Ələkbərov bildirdi ki, muxtar respublikamızda şəhid ailələrinə dövlətimiz tərəfindən böyük qayğı göstərilir. İstər şəhidlərin Naxçıvana gətirilməsi, istərsə də hava limanında qarşılanma mərasiminin təşkil edilməsi, xüsusilə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə onlara böyük ehtiramın ifadə olunması bizi çox qürurlandırdı. Dövlətimizə minnətdarıq ki, sonrakı proseslərdə də – dəfn mərasimlərinin təşkili, onların məzarlarının götürülməsi biz şəhid ailələrinə həm maddi, həm də mənəvi dəstək idi. Burada Naxçıvan sakinlərinin, ayrı-ayrı idarə və təşkilatların, gənclərin şəhidlərə göstərdiyi böyük diqqəti də vurğulamaq istəyirəm. Həqiqətən, bir şəhid ailəsi, yaxınları olaraq hiss etdik ki, bizim arxamızda həm dövlət, həm də xalq dayanıb. Buna görə də hər kəsə öz minnətdarlığımızı bildiririk.
Bəs dövlət qurumlarından hansıları indi sizinlə daha çox maraqlanır? – sualına isə müsahibimiz cavab verdi ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq bizimlə görüşüb, əlaqə saxlayırlar. İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, demək olar ki, tez-tez evimizdə olurlar, bizə səmimi qayğı, nəvaziş ilə yanaşırlar.
Bu fikirləri leytenant, şəhid Nihat Seyidovun ailəsində olarkən də eşitdik. Şəhid atası bizimlə söhbətində dedi ki, oğlu oktyabrın 15-də Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Təbii ki, şəhid xəbəri, övlad itkisi ilə barışmaq çətin olsa da, həm dövlətimiz, həm bütün naxçıvanlılar şəhidlərimizə göstərdikləri ehtiramla hər birimizin dərdinə şərik oldular. Bəzən küçədə, şəhərdə və yaxud hansısa bir təşkilata yolumuz düşəndə şəhid ailəsi olduğumuzu biləndə bizə həddindən artıq hörmətlə yanaşır, dərd-sərimizi öyrənməyə, nəsə bir kömək etməyə çalışırlar. Bütün bunlar bizə böyük təsəlli verir, hər birimizdə fəxarət hissi yaşadır. Dövlət qurumlarının bizə münasibətinə gəldikdə isə, deməliyəm ki, muxtar respublika rəhbərimizin birbaşa tapşırıq və göstərişi ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti bu sahədə xüsusi fəallıq göstərir. Ev və məişət qayğılarımızla maraqlanır, davamlı olaraq hansı sahədə kömək edə biləcəklərini soruşurlar. Sağ olsunlar, istər dəfn və yas mərasimlərinin təşkili, istərsə də dövlətimiz tərəfindən müavinətlərin verilməsində hər cür köməklik ediblər. Elə bu gün də bu dəstək davam edir.
Şəhid İbrahim İbrahimovun ailəsində də mehribanlıqla qarşılanırıq. Şəhidin xanımı Gülsüm İbrahimova deyir ki, ailə başçısının yoxluğu ilə barışmaq çətin olsa da, bu gün həm dövlətimizin, həm də bütün Naxçıvan əhalisinin şəhidlərə, onların ailə üzvlərinə qarşı nümayiş etdirdikləri yüksək münasibət onları ayaqda mətin qalmağa, ölkəmizin gələcəyinə inamla baxmağa ruhlandırır. Deyir ki, şəhid ailələrinə muxtar respublikamızda göstərilən dövlət qayğısı ölçüyəgəlməzdir. Şəhidlərin Naxçıvan Hava Limanında ehtiramla qarşılanması, dövlət təşkilatlarının şəhidlərə, onların ailə üzvlərinə diqqət göstərməsi cəmiyyətimiz, gələcəyimiz olan uşaqlarımız üçün bir nümunədir. Bu dəstək hazırda da davam etdirilir. Muxtar respublikada bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər müvafiq dövlət qurumlarının nümayəndələri indi də bizimlə maraqlanır, hər hansı bir problemimiz olarsa, dərhal həll etməyə çalışırlar. Xüsusilə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən böyük dəstək, diqqət və qayğı görürük. Müntəzəm olaraq problemimizlə maraqlanırlar. Bütün bunlara görə bir daha dövlətimizə ailəmiz adından minnətdarlığımızı bildiririk.
Arif Niftəliyev isə Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizdəndir. Onunla görüşmək üçün telefonla əlaqə saxladım. Mövzu ilə bağlı söhbət etmək istəyimi bildirdim. Öyrəndim ki, şöbə müdiri İsmayıl müəllimlə birlikdə liseydə bir yerdə təhsil aldığı, azadlıq mücadiləmizdə şəhadət məqamına yüksəlmiş dostu Sahib Məmmədovun və digər şəhidlərimizin məzarlarını ziyarət etməyə gedəcəklər. O anda fikrimdən birlikdə getmək istəyi keçdi və bu istəyimi qazimizə bildirdim. Razılaşdıq, görüşdük, bir yerdə getdik. Elə söhbətimiz də ziyarət zamanı oldu.
27 yaşlı baş leytenant Arif Niftəliyev sentyabrın 27-dən oktyabrın sonlarınadək müharibədə iştirak edib. Növbəti döyüşlərin birində o, ağır yaralanıb, Bakıya gətiriblər. Hospitalda bir neçə cərrahiyyə əməliyyatı keçirib. Qazimiz göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirərək dedi:
– Şəhər İcra Hakimiyyətində yeni yaradılmış şöbə əməkdaşları və digər təşkilatların nümayəndələri mənimlə mütəmadi əlaqə saxlayır, səhhətimlə maraqlanırlar. Bu da o deməkdir ki, dövlətimiz həmişə öz vətəndaşının yanındadır. Onu da deyim ki, gündəlik olaraq bir həkim və bir tibb bacısı mənə tibbi xidmət göstərir. Sağ olsunlar.
Daha bir qazimizin ona göstərilən dövlət qayğısından razılıq etməsi muxtar respublikada insan amilinin öndə dayanması bir daha təsdiq edir.
Biz də torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən, ölkəmizin, xalqımızın 30 illik yurd, torpaq həsrətinə son qoyan şəhidlərimizə Allahdan rəhmət diləyir, azadlıq mücadiləsində rəşadət göstərərək sağlamlığını itirən qazilərimizə bundan sonrakı həyatlarında xoş günlər arzulayırıq.
Gülcamal TAHİROVA