22 Dekabr 2024, Bazar

Anar İbrahimov: “Yeni Azərbaycan Partiyasının ideyaları, bütövlükdə,

müstəqil Azərbaycanın əsas ideoloji hədəfləri sırasında yer alır”


Ötən əsrin sonlarında müstəqillik əldə etmiş ölkəmizi dərin siyasi, iqtisadi, sosial böhran bürüdüyü bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olan həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciətdə ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldu.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yaradıldığı gündən keçən qısa tarixi dövr onu göstərdi ki, xalqımız Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək bu siyasi xəttin davam etdirilməsinə dəfələrlə səs verdi. Məhz bu ideologiyanın layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan çox böyük uğurlara imza atdı, özünün iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi. Bu güc və həmrəylik ölkəmizə illərdir, işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan verdi. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Yeni Azərbaycan Partiyası və bu partiyanın məqsədyönlü hədəfləri ötən dövrdə Azərbaycanı, sözün həqiqi mənasında, yenidən quran partiya oldu.
Maraqlıdır, ümummilli maraqlara doğru daim irəliləyən və öz hədəflərinə çatan bu ideoloji təşkilatı müasir dövrün konsepsiyası baxımından necə xarakterizə etmək olar? Bu və ya digər suallarımızı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov cavablandırır:
– Bilirsiniz, istənilən siyasi partiya, ictimai-siyasi hərəkatın ümdə məqsədi inandığı ideyanı, planları reallaşdırmağa nail olmaqdır. Partiyanın digər funksiyaları, məsələn, təmsilçilik, ictimai səfərbərlik, dialoq mühitinin yaradılması, hətta siyasi sistemin konstruksiyasında və sadalamadığımız başqa funksiyalar. Bu reallıqları nəzərə alaraq, qətiyyətlə demək olar ki, Yeni Azərbaycan Partiyası unikal siyasi partiyadır. Məhz bu reallıqlara görə ümummilli liderimiz, partiyanın banisi Heydər Əliyev “Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin” partiyası kimi dəyərləndirmişdi. Yeni Azərbaycan Partiyası həm xilaskarlıq missiyasını həyata keçirən siyasi qüvvə, həm Azərbaycanın müstəqilliyinin ilk illərində və dövlət institutlarının deqradasiya edildiyi zamandakı oynadığı rola görə sistem yaradan, həm də Azərbaycanın müstəqillik ideyasının, dövlətçiliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün geniş xalq kütlələrini səfərbər edə bilən siyasi təşkilat kimi xarakterizə edilməlidir.
Partiyanın mükəmməl ideologiyası və bu ideologiya ilə xalqla ünsiyyət quran, onu inandıran, arxasınca aparan dahi şəxsiyyət Heydər Əliyev kimi banisi olması qısa zamanda Yeni Azərbaycan Partiyası iqtidar partiyasına çevirdi. Bu gün Yeni Azərbaycan Partiyasının ideyaları, demək olar ki, bütövlükdə, müstəqil Azərbaycanın əsas ideoloji hədəfləri sırasında yer alır. Bu mənada, Yeni Azərbaycan Partiyası həm də siyasi fenomendir.
– Ümummilli lider Heydər Əliyevin vaxtilə böyük siyasi uzaqgörənliklə Naxçıvanda yaratdığı Yeni Azərbaycan Partiyası özünü tarixin bir sıra mərhələlərində ümummilli məfkurəyə xidmət edən, xalqı öz ətrafında birləşdirə bilən, əsl siyasi həmrəylik nümunəsi göstərən bir partiya kimi təsdiq etdi. Tariximizin bu dövründə Yeni Azərbaycan Partiyasının bu missiyanın öhdəsindən Naxçıvanda necə gəldiyini düşünürsünüz?
– Yeni Azərbaycan Partiyasını ölkəmizdəki digər siyasi partiyalardan fərqləndirən məqamlar çoxdur, bunlardan biri də 1992-ci ilin siyasi reallıqlarına görə partiyanın mərkəzdə deyil, Azərbaycanın bölgəsində – Naxçıvanda təsis edilməsidir. Partiyanın Naxçıvanda yaraması, onun lideri, xalqımızın xilaskarı Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, muxtar dövlətin rəhbəri kimi Naxçıvanı iqtisadi, siyasi böhrandan və Ermənistanın işğalından xilas etməsi partiyanın buradakı nüfuzuna, sözsüz, təsir etmişdir. Yeni Azərbaycan Partiyası həmin dövr Azərbaycan ictimai şüurunda uğurlu layihə, ümid və sabitliklə təcəssüm olunur, bu gözləntilərin görkəmli dövlət xadimi Heydər Əliyev rəhbərliyi ilə, bütövlükdə, ölkə­də yayılması arzu edilirdi. Xalqın tələbi ilə 1993-cü ilin iyununda ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə ikinci qayıdışı bu ümidləri reallığa çevirdi. Naxçıvan Muxtar Respublikasında 1995-ci ildən başlayaraq Heydər Əliyev siyasi kursuna dayanan hərtərəfli inkişaf siyasəti Yeni Azərbaycan Partiyasını daha da gücləndirdi. 1995-ci ilin aprelində təsis edilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı bu gün muxtar dövlətimizin aparıcı ictimai-siyasi təşkilatıdır. Özünün ətrafında 57 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təkilatı, bütövlükdə, muxtar respublikada ictimai fəal əhalinin, yəni seçicilərin 18 faizindən çoxunu təşkil edir.
Ötən il Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndərimiz Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək. Qarşıdakı illərdə də dahi rəhbərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Partiyamızı və ölkəmizi ümummilli liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız Azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.
– Məncə bu məqamda xüsusilə vurğulamaq yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən 25 ildə həm də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri kimi muxtar respublikamızın hərtərəfli inkişafında böyük xidmətlər göstərmişdir.
– Ulu öndərin “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir” fikirlərini özünün fəaliyyət istiqamətinə çevirən Ali Məclisin Sədri muxtar diyarımızın tərəqqisinə nail olmuşdur. Muxtar respublikada uğurla həyata keçirilən siyasət, iqtisadi artım, sənayeləşmə, sosial siyasət, həyat səviyyəsinin və keyfiyyətinin yüksəlməsi, insan kapitalının inkişafı və bütün digər sahələrdə uğurlar burada Yeni Azərbaycan Partiyasının nüfuzuna pozitiv təsir edir, əhali YAP-ı özünün siyasi ifadəsinin vasitəsi kimi qəbul edir.
– Yeni Azərbaycan Partiyasının fəaliyyəti çoxşaxəlidir. Ancaq istərdim, partiyanın dövlət quruculuğu və idarəetmədəki roluna xüsusilə toxunaq.
– Çox zaman Yeni Azərbaycan Partiyasının fəaliyyətini təhlil etdikdə xilaskarlıq və bu kimi missiyalar mütləq qeyd edilir. Vurğulamaq lazımdır ki, bu heç də siyasi təbliğatın özünəməxsus leksikonu ilə əlaqələndirilməməlidir. Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə alternativ ideya, həll yolları, hazır komanda və siyasi dünyagörüşü ilə ozamankı iqtidara alternativ olaraq ortaya çıxmış və özünü parlamenttipli müxalifət partiyası kimi təqdim etmişdir. Yəni Yeni Azərbaycan Partiyasının yeganə silahı dahi rəhbər Heydər Əliyev kimi arxasında illərin təcrübəsi və real işləri olan güclü lideri və fərqli siyasi gündəliyi idi. Yarandığından bir neçə ay sonra iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası və onun liderinin fəaliyyəti, xüsusən də dövlət quruculuğu, siyasi sistemin yenidən formalaşdırılması, dünya iqtisadi və siyasi institutları ilə, demək olar ki, sıfırdan yaradılan əlaqələr partiyanı bir növ dövlətçilik məfhumu ilə eyniləşdirdi. Yaxın siyası tariximizə ekskurs etsək, görərik ki, Azərbaycanda dövlət institutları, məsələn müstəqillik dövrümüzün Konstitusiyası, seçki institutları, məhkəmə-hüquq sistemi, yerli özünüidarəetmə və sair komponentlər məhz Yeni Azərbaycan Partiyasının siyasi təşəbbüslərindən, proqramından irəli gələn siyasi görüşünün reallaşdırılmasının nəticəsidir. Yeni Azərbaycan Partiyasının uzun müddət seçici dəstəyi qazanaraq iqtidar partiyası kimi siyasi səhnədə daim mövcud olması bu dövr ərzində müstəqillik və Azərbaycançılıq ideyaları üzərində formalaşmış gənclik üçün Yeni Azərbaycan Partiyası – dövlət arasındakı sərhədləri bir növ aşılandırmışdır. Bu mənada, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da üzərimizə qoyduğu mühüm vəzifələr partiyanın cəmiyyətdə nüfuzunu daha da artırmaq, siyasi dəstəyinin səviyyəsini yüksək səviyyədə saxlamaq, Azərbaycanda baş verən istənilən təşəbbüs və çağırışlara qoşulmaq kimi proseslərdə fəal iştirak etməkdir. Ali Məclisin Sədri demişdir: “Ulu öndərimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyası qəlbən ona bağlı olanların partiyasıdır. Yalnız bu yolla biz partiyamızı sağlamlaşdıra, daha da mətinləşdirə, daha da gücləndirə bilərik”. Ona görə də hər bir partiya üzvü fəaliyyətini ümumi siyasi xəttə uyğun qurmalı, xüsusilə seçki prosesləri zamanı layiqli namizədlər irəli sürülməlidir. Partiya işinin təşkilində ərazi ilk təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Ona görə də yerlərdə vətəndaşlarla işə üstünlük verilməli, həyata keçirilən tədbirlərin mahiyyəti düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalı, tikilənlərə, qurulanlara biganə münasibətin qarşısı alınmalıdır... Yeni Azərbaycan Partiyasının üzvü cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini dərk etməli, işə münasibətdə daim tələbkar olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidir”.
– Yeni Azərbaycan Partiyası və gənclər. Mənə elə gəlir ki, gənclərlə hər hansı bir siyasi təşkilat arasındakı münasibətlərə ən gözəl nümunəni də elə Yeni Azərbaycan Partiyasının timsalında göstərmək mümkündür.
– Bu gün Yeni Azərbaycan Partiyası geniş siyasi dəstəyi olan, cəmiyyətdə qəbul edilən siyasi partiyadır. Partiya uzunmüddətli, mən deyərdim ki, strateji hədəflərinə çatmaq üçün yarandığı gündən gəncliyin potensialına güvənmişdir. Təsadüfi deyil ki, partiya üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. Gənclik partiyaya inanır, onu özünün ifadəsində ən optimal siyasi təşkilat qəbul etdiyinə görə YAP-da fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası həm də onun ətrafında birləşən yüz minlərlə gənc üçün “siyasi məktəb” funksiyasını yerinə yetirməkdədir. Bu gün fəal gənc­liyin böyük bir hissəsi patiyanın Gənclər Birliyində fəaliyyət göstərir, həm özünü ifadə edir, həm də gələcəyin fəal vətəndaşı olaraq siyasi bacarıqlarını artırır.
– Azərbaycanın II Qarabağ müharibəsində tarixi zəfər qazanması böyük hərbi-siyasi qələbə olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının iqtidarda olan partiya kimi siyasi qələbəsidir. Bunu Azərbaycanda fəaliyyət göstərən digər partiya rəhbərlərinin YAP-ın sədri, cənab İlham Əliyevə ünvanladığı təbriklər də təsdiq edir.
– Bəli, II Qarabağ, digər ifadə ilə Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə dövlətçiliyimizin tarixində əhəmiyyətli hadisədir. Bu həm də Azərbaycan milli ideyasının – işğal altında olan torpaqlarımızın azad edilməsi, milli suverenliyimizin ölkənin bütün ərazisində bərpasının təntənəsi və qələbəsidir. Bu tarixi qələbənin kökündə, heç şübhəsiz, ümummilli liderin siyasi kursu, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi əzmi dayanır. Ulu öndər Heydər Əliyevin siyasi baxışları ətrafında formalaşan Yeni Azərbaycan Partiyası hər sahədə Vətənimizin inkişaf proqramını hazır­lamış və ötən 28 ildə həyata keçirmişdir. Heydər Əliyev irsinin məhsulu olan Yeni Azərbaycan Partiyası özünün proqramında dövlət quruculuğu, milli təhlükəsizlik və iqtisadi inkişaf kimi sahələrlə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpasını da partiyanın strateji hədəfi kimi müəyyənləşdirmişdir. Biz çox sevinirik və fəxr edirik ki, partiyamızın banisi, ulu öndərimizin müəyyənləşdirdiyi bu hədəfə də cənab Prezidentimizin rəhbərliyi ilə çatmışıq, artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir.
– Partiya funksioneri kimi qalib Azərbaycanın bundan sonrakı uğurlarını necə görürsünüz?
– Ölkə başçısı cənab İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə prezident seçildiyi özünün inaqurasiya mərasimindən gələcək proqramı haqqında bəhs edərkən qeyd etmişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Bu illər ərzində qazandığımız uğurların arxasında düşünülmüş siyasət, iqtisadi inkişaf, dünyaya inteqrasiya, milli kimliyin qorunması, güclü Silahlı Qüvvələrin və səmərəli diplomatiyanın yaradılması dayanır. Son qələbəmiz də məhz həmin üstünlüklərimizin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Muxtar respublikamız isə son onilliklərdəki misligörünməmiş inkişaf və tərəqqisi ilə Heydər Əliyev siyasətinin təntənəsini nümayiş etdirməklə bu siyasi proseslərin mərkəzindədir.
– Maraqlı müsahibə üçün çox sağ olun. 

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR