Əzəldən bəri xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan igid oğullarımızın qanını yerdə qoymayan bu günümüzün qəhrəmanları 44 günlük Vətən savaşında həmin missiyanı şücaətlə davam etdirdilər. Ərənlərimiz canı-qanı bahasına döyüş meydanında böyük qəhrəmanlıq göstərdilər. Bu şərəfli yolda hünərlə addımlayan mərd igidlərimiz Ana Vətən uğrunda öz qanlarıyla, canlarıyla ölməzlik qazanaraq, əbədiyyətə qovuşub, şəhidlik adlı ən uca məqama yüksəldilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. İgidlərimiz bu qəhrəmanlığı, mübarizliyi bütün dünyaya nümayiş etdirdilər. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Vətən oğullarımız sübut etdilər ki, bu xalqın qəhrəmanları yenilməz, həmrəyliyi əbədi və tükənməzdir.
Azərbaycanı yadellilərin təcavüzkar basqınlarından qəhrəmanlıqla qoruyaraq öz qanları ilə tarixin şanlı səhifələrini yazan belə qəhrəmanlar içərisində ərənlər yurdu Naxçıvanın igid oğulları da qəhrəmancasına iştirak edib, şəhidlik məqamına yüksəlib. Hərbi qulluqçu Gülməmmədov Amin Mais oğlunun cənazəsi Culfa rayonunun Saltaq kəndində son mənzilə yola salınıb. Dəfn mərasimində dövlət və ictimaiyyət nümayəndələri, Ali Məclisin deputatları, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, minlərlə sakin iştirak edib. Hər kəs onun igidliklərindən danışaraq bildirib ki, tarixi Qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək şəhidliyə yüksələnlər bütün azərbaycanlıların ürəyində daim yaşayacaq, heç vaxt unudulmayacaqlar.
Mərasimdə iştirak edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər.
...Bəli, şəhidlik elə bir zirvədir, məkanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar Vətən uğrunda ölümü gözə alırlar. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Həyatımızın bugünkü mənasına mübarizəmizin məqsədi kimi baxan, el qədrini öz canından daha əziz bilən, cəbhələrdə son ana qədər mərdliklə vuruşub şəhid olmağa hazır olan qeyrətli oğulları ilə bütün Azərbaycan fəxr edir, qürur duyur. Gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Gülcamal TAHİROVA