“Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ümummilli liderimiz Heydər Əliyevin bu cür yüksək qiymət verdiyi muğamlarımızın xoş sədası bu sənətin beşiyi olan Şuşadan ucalaraq bütöv Azərbaycana yayılıb, xalqımızın qanına, canına, yaddaşına hopub.
Muğamlar əsrlər boyu böyük inkişaf yolu keçərək xalqımızın mənəvi dəyərlərini və nailiyyətlərini özündə əks etdirir. Tarixi çox qədim olan muğamlarımız Azərbaycan musiqi mədəniyyətinin zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək dövrümüzə qədər gəlmiş nadir sənət nümunəsidir. Bu və ya digər yerə xas olan xüsusiyyətləri, bir çox muğam ifaçılarının parlaq fərdi istedadı və bir sıra digər cəhətlər muğamlarımızın ayrı-ayrı bölgələrimizdə müxtəlif inkişaf yolu keçdiyini təsdiq edir. Bütün bunlar muğamların fərqli ifa variantlarının meydana çıxmasına və onun daha da zənginləşmsinə şərait yaradıb.
Bu qədim sənəti daha da zənginləşdirən Azərbaycan muğam məktəbləri olub. Muğamların ifaçılığının yayılmasında və ifaçıların peşəkarlığının artırılmasında XIX əsrin əvvəllərindən başlayaraq bir çox şəhərlərdə, xüsusilə Şuşada inkişaf edib. Qədimlərdən bəri Qarabağda müxtəlif musiqi-muğam məclisləri fəaliyyət göstərib. Bu məclislər muğamı inkişaf etdirib, onun yeni-yeni qollarının, şöbələrinin yaranmasına rəvac verib, muğamın dinlənmə coğrafiyasını daha da genişləndirib. Muğamın bu cür inkişafı XIX və XX əsrin əvvəllərində Azərbaycan musiqiçilərinin peşəkar inkişafına təkan verib.
Tədqiqatçıların belə bir fikri var: ifaçıların məhz Qarabağ torpağında dünyaya göz açması onların taleyini əvvəlcədən müəyyən etmişdir. Yaxşı səsi olan hər kəsin doğulması üçün Qarabağ doğrudan da ideal bir yerdir. Çünki ən məşhur muğam ifaçılarına diqqət yetirdikdə, məhz bu torpaqların yetirmələri olduğunu aşkar şəkildə görürük. Sanki muğam bu yurdun insanları ilə birgə doğulur, eyni taleyi yaşayır. Xanın səsi ilə yüksəlir, Üzeyirin dühası ilə dünyanı fəth edir. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətini inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstəriblər. Bu yerlərin təbiətindən keçib gələn, ruhu oxşayan həmin gözəllikdir ki, nadir musiqi mədəniyyətində öz əksini tapıb. Qarabağ muğam məktəbinin rəmzinə çevrilən məşhur “Qarabağ şikəstəsi” buna bariz nümunədir.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur.
Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Bu, özlüyündə görkəmli rus ədibi Sergey Yeseninin məşhur “Şair deyilsə, Şirazdan, müğənni deyilsə, Şuşadan deyil” ifadəsini xatırladır. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev isə deyirdi ki, XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Aşqabadda, Tehranda və ya İstanbulda musiqiçilərlə rastlaşsanız, hökmən onların arasında şuşalı olduğunu görəcəksiniz. Şuşa dünyaya o qədər ustad xanəndələr, görkəmli bəstəkarlar və musiqişünaslar bəxş edib ki, onlar haqqında ifaçılıq ustalığı üzrə böyük bir ensiklopediya da yaratmaq olar. Bu dilbər guşəmiz tarixən muğam məclisləri ilə o qədər şöhrət tapıb ki, nəticədə musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilib. Əbəs yerə deyil ki, Şuşanı haqlı olaraq Şərqin musiqi konservatoriyası da adlandırırlar.
Günümüzdə də muğam Azərbaycan musiqisinin zirvəsi olaraq inkişaf qorunub saxlanılır, gələcək nəsillərə ötürülür. Bütün bunların nəticəsidir ki, muğam bu gün bütün dünyada Azərbaycan xalq musiqisi kimi tanınır, şöhrət tapır. Təsadüfü deyil ki, milli dəyərlərimizin bir parçası olan muğamlarımız YUNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Deməli, muğam bəşəriyyətin qorumalı olduğu dəyərli bir irsdir.
Bir sözlə, muğamlarımız nəsillərdən-nəslə keçərək Azərbaycan xalqının ruhuna hakim kəsilib, damarında axan qanına çevrilib, bu günümüzə gəlib çatıb. Sevindirici haldır ki, bu irs muxtar respublikamızda da lazımınca qorunur, təbliğ edilir. Naxçıvanda fəaliyyət göstərən uşaq musiqi məktəblərində, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin konservatoriyasında muğam ixtisas kimi tədris olunur. Uşaq musiqi məktəblərini bu ixtisas üzrə bitirən şagirdlər Naxçıvan Musiqi Kollecinin muğam sinfində təhsillərini davam etdirirlər.
Bütün bunlar isə bir daha təsdiq edir ki, heç bir qüvvə xalqımızın milli dəyərlərini, mənəvi sərvətini unutdura, ondan uzaqlaşdıra bilməz. Azərbaycana qarşı əsassız və ədalətsiz torpaq iddiaları irəli sürən erməni vandalları Qarabağın mədəniyyət mərkəzi hesab olunan Şuşanı illər boyu işğal etsələr də, bu diyarın bizə bəxş etdiyi mədəni sərvət bu gün də qorunub saxlanılıb, daha da inkişaf və təbliğ edilib. Qarabağ bülbülləri hələ də oxumağa davam edir. “Qarabağ xanəndələri” layihəsində xalqımızın musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan Qarabağ muğam məktəbinin 24 nümayəndəsinin səs yazıları lentə alınıb.
Bu günün mənzərəsi tamam başqadır. Artıq Qarabağ bir nəfəs qədər yaxındadır. Bu gün hər birimiz Qarabağın incisi Şuşanın azad edilməsi sevincini yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev xalqa müraciətində demiçdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”. Bu gün doğma diyarımızın muğamının xoş sədası çınlayır qulağımızda, onun avazı ilə boy atıb ecazkar mənzərələr yaradan xarı-bülbülünün valehedici ətri duyulur havadan. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz Böyük Qələbəyə doğru addımlayır, bizi addım-addım, qarış-qarış Xankəndiyə, Laçına, Kəlbəcərə doğru aparır. Bu gün Şuşada, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Xudafərin körpüsünün üzərində və nəhayət göz bəbəyimiz Şuşada dalğalanan üçrəngli bayrağımız tezliklə digər torpaqlarımızda da öz zirvəsinə yüksələcək. Özü də milli muğamımızın sədaları altında. Artıq Xanın səsi öz doğma yurdunda yenidən havalanacaq, Natəvanın qəzəlinin ruhu özünə qayıdacaq. Qüdrətli dövlətimiz, rəşadətli ordumuz və böyük xalqımızın torpaqlarımızın bir qarışında belə yağı düşmənin ayaq izlərini saxlamayacaq. Biz inanırıq, əminik ki, çox yaxında, Bütöv Qarabağda "Qarabağ şikəstəsi" səslənəcək, yenidən yeni "Qarabağ bülbülləri" xoşbəxtlik nəğmələri oxuyacaq!
Gülcamal TAHİROVA