“Bütün hökmdarlıqlarda hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir. Amma yaxşı ordu olmadığı yerdə yaxşı qanunlar da olmur və ya əksinə, harada yaxşı ordu varsa, oranın qanunları da yaxşıdır”. İtalyan filosof və yazıçısı Nikkolo Makiavellinin “Hökmdar” əsərindəki bu fikirlərə nəzər saldıqda bir daha əmin olursan ki, hər bir dövlətin qüdrətini müəyyənləşdirən əsas amillərdən biri, hətta birincisi güclü ordudur. Bu gün “Dünyanın ən qüdrətli ordusu da böyük ideyaların qarşısında duruş gətirə bilməz” – kəlamı Azərbaycanda öz təsdiqini tapıb. Qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycanın hər an düşmənə layiqli cavab verə bilməyə qadir olan güclü, qüdrətli və modern ordusu, hərbi arsenalında isə ən müasir, dünyanın qabaqcıl ölkələrinin ordularının silahlanmada istifadə etdikləri texnikalar var.
Məhz ordumuzun gücü ilə neçə illərdir ki, işğal altında olan torpaqlarımız geri alınmaqda, xalqımızda böyük sevinc yaşatmaqdadır. Azərbaycanın işğalla heç vaxt barışmayacağını hər zaman bəyan edən Prezident cənab İlham Əliyev deyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir”.
Təbii ki, ölkəmizin bu gün bu qədər qüdrətli olması heç də asan başa gəlməyib. Keçmişə qısa bir səyahət edək. Ölkəmizdə xaos, anarxiya, siyasi hərc-mərclik, özbaşınalıq hökm sürən zamanlar himayədarlarının köməyinə arxalanan ermənilər cəbhəboyu hücuma keçmişdilər. Yaranmış xaotik vəziyyətdən istifadə edən ermənilər sürətlə irəliləyir, ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları qüvvələrin şəxsi maraqlarına xidmət edirdilər. Keçmiş Sovet imperiyasının silahlı qüvvələrindən istifadə edən Ermənistan Azərbaycanda qanlı qırğınlar törətdi. Qarabağda qətliamlar təşkil edildi. Naxçıvan Muxtar Respublikasının təcavüzkar ölkə ilə sərhədləri gecə-gündüz düşmən atəşinə tutuldu. Ancaq bütün bunlar Azərbaycanı haqq yolundan döndərə bilmədi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu geniş vüsət aldı, ayrı-ayrı siyasi qüvvələrə xidmət edən naqis dəstələr ləğv edildi, qeyri-peşəkarlar ordudan uzaqlaşdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxılaşdırıldı, ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Ümummilli lider Heydər Əliyevin 1993-cü il noyabrın 2-də böyük dönüşə yol açan tarixi çağırışı ölkə ictimaiyyətində gələcəyə olan inamı və hərbi-vətənpərvərlik hisslərini ikiqat artırdı. Onun xalqa müraciəti minlərlə insanı könüllü olaraq döyüşən orduya yolladı. Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırdı. Nəhayət, Azəbaycan Ordusu ən güclü, qüdrətli silahlı qüvvəyə çevrildi. Bununla ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu. Əslində isə ordunun güclənməsi Azərbaycan dövlətinin güclənməsi demək idi.
Bu gün ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və bunun ordumuzun güclənməsi ilə müşayiət edilməsi Ali Baş Komandanın öz vədinə sadiq olduğunun sübutudur. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində son illər ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun bariz nəticəsidir ki, Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilməklə hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat və texnika daha müasirləri ilə əvəz olunur. Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı qürurla deyə bilər ki, indi qüdrətli ölkəmizin güclü, yenilməz, nizami ordusu var.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı hərbi birləşmələri də ən müasir hərbi texnika ilə təmin olunub, zabit və əsgərlərin peşəkarlığı artırılıb. Bütün bunlar isə muxtar respublika rəhbərinin orduya göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Ordumuzun qüdrətindən bəhs edərkən təcavüzkar Ermənistanda yaranan vəziyyətdən danışmaq, müqayisəli təhlil aparmaq da yerinə düşər. Aydın məsələdir ki, bir ölkənin müqəddəratını ordunun vəziyyəti xarakterizə edir. İşğalçı ölkə olan Ermənistanın daxili, iqtisadi və sosial vəziyyəti çox ağır bir durumdadır. Demək olar ki, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu isə ölkənin ağır iqtisadi və siyasi böhran vəziyyətində olması ilə bağlıdır. Azərbaycan torpaqlarına sahiblənmək istəyən təcavüzkar Ermənistan rejimi artıq çökmək üzrədir. Bu vəziyyətdə Azərbaycan dövləti ilə hər hansı bir rəqabət aparması, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin qarşısına çıxması, sadəcə, axmaqlıqdır. Artıq bütün xarici ölkələr də bilir ki, iqtisadi bataqlıqda boğulan Ermənistanda vətəndaşlar kimi, ordu da acınacaqlı durumdadır.
Deyirlər, müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar bitirir. Bəli, Azərbaycanla müharibəyə başlayanlar bu ada tamamilə layiqdirlər. Bu gün Azərbaycan Ordusunun igid əsgərinin düşmənə qarşı amansızlığı, hərbi biliyi, müasir silahlarla təmin olunması tam əsas verir deyək ki, biz qələbəni qazanmağa qadirik və buna müvəffəq olacağıq. Xalqımız inanır ki, Azərbaycan Ordusu lazımi zamanda öz sözünü deyəcək, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməklə bərabər, yurdumuzda gözü olan hər kəsə gözdağı verə biləcək. Bütün qəlbimizlə inanırıq ki, parlaq zəka, dəmir iradə və haqq qalib gələcək...
- Gülcamal TAHİROVA