22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublika sürətli inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, aparılan geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat müasir Naxçıvanın əsas inkişaf göstəricisidir. Xüsusilə sosial-iqtisadi inkişaf ilə bağlı mərhələli Dövlət proqramlarının qəbulu və icra olunması Naxçıvanda bütün sahələrdə sürətli inkişafı təmin edib. Sosial-iqtisadi inkişaf, yüksək həyat şəraiti və sabitlik isə özlüyündə müasir dövrümüzün ən gəlirli sahələrindən olan turizmin də inkişafını təmin edib. Turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası muxtar respublikanı həm də turizmin inkişaf etdiyi diyara çevirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası da bu sahədə fəaliyyətin güclənməsinə əlverişli şərait yaradıb. Ötən dövrdə proqramın icrası diqqət mərkəzində saxlanılıb, turizmin inkişafına xidmət edən bir çox sahələrdə əsaslı işlər görülüb. Artıq bu, bir reallıqdır ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu getdikcə artır. Göstərilən dövlət dəstəyi sahibkarlıq subyektlərini daha fəal çalışmağa sövq edir. Hazırda muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının, göstərilən xidmətlərin əksər hissəsi özəl bölmənin payına düşür. Bunun nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 88 faizi ötüb.

Turizmlə bağlı bu yazıda iqtisadi göstəricilərə və sahibkarlığın inkişafına o səbəbdən nəzər salmaq istəyirik ki, muxtar respublikada bu sahənin inkişafı özəl sektorun əsas istiqamətlərindən biri elan edilib. Səfər etdikləri yerlərdə turistlərin diqqətini daha çox cəlb edən sahələrdən biri də xalq sənətkarlığı sahələri və əl işləridir. Muxtar respublikada xalq sənətkarlığının müxtəlif sahələri inkişaf etdirilib, sənətkarlar üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən öyrəndik ki, ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən xalçaçılıq, papaqçılıq, bədii incəsənət, ağac misgərlik, daşduz və gips üzərində oymalar, dekorativ-tətbiqi sənət və dulusçuluq sahələri üzrə 13 min manat dəyərində 722 ədəd əl işi (suvenirlər və hədiyyəlik xatirə əşyaları) və sənət əsəri hazırlanıb. Bu əl işlərinin turistlərin ən çox maraq göstərdiyi obyektlərdə, o cümlədən “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi-satış mağazalarında və digər hədiyyəlik mağazalarda nümayişi və satışı həyata keçirilib.

Azərbaycan xalçaları tarixin bütün dövrlərində xarici ölkələrdə maraqla qarşılanıb. Günümüzdə də ölkəmizə səfər edən turistlər sənətkarlıq nümunələri sırasında xalçalara xüsusi maraq göstərirlər. Buna görə də ən qədim sənət növlərindən biri kimi xalçaçılığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Naxçıvanda zəngin ənənələrə malik olan xalçaçılıq günümüzdə də yaşadılır, böyük xalçaçılıq nümunələri ilə yanaşı, turistlər üçün kiçikhəcmli hədiyyəlik nümunələr də toxunur. İqtisadiyyat Nazirliyindən bildirdilər ki, Xalq Yaradıcılığı Emalatxanasında milli mentalitetimizi, adət-ənənələrimizi əks etdirən 57 xalça toxunub. Muxtar respublikanın qədim tarixini tanıtmaq üçün xalçalar üzərində Haçadağ, milli motivlər, kənarlarında isə milli arqumentlər, qədim çeşnilər öz əksini tapıb.
2018-ci il Naxçıvanda turizmin ən çox inkişafda olduğu il kimi tarixə düşüb. Çünki İslam Mədəniyyətinin Paytaxtı elan olunan Naxçıvana daha çox turist səfər edib, diyarımızla ətraflı maraqlanıblar. Ötən dövr ərzində muxtar respublikada fəaliyyət göstərən sənətkarlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipi əks olunmuş 748 əl işi hazırlanıb. Bu baxımdan yanaşdıqda Şərur rayonunun Cəlilkəndində Buzxana kompleksində xalçatoxuma, misgərlik, Yengicə və Şahtaxtı kəndlərindəki hamam komplekslərində sənətkarlıq və xidmət sahəsinin yaradılmasının muxtar respublikada xalq yaradıcılığının inkişafı ilə yanaşı, turizm imkanlarının artmasında da əhəmiyyətli rola malik olduğunu qeyd edə bilərik.

Turizm potensialı yüksək olsa da, onun təbliği mexanizmini işə salmadıqda bu potensialdan səmərəli istifadə etmək barədə söhbət gedə bilməz. Necə deyərlər, təbliğatsız turizm kompassız gəmi kimidir. Buna görə də Turizm Departamenti, Turizm İnformasiya Mərkəzi və digər aid qurumlar Naxçıvanın turizm imkanlarını istər internet resursları vasitəsilə, istərsə də diyarımıza səfər edən qonaqlara daha geniş şəkildə təbliğ etməklə Naxçıvana daha böyük maraq yaratmağa çalışır. Son illər Koreya, İsveç, Hindistan, Rusiya Federasiyası, Norveç Krallığı, Tacikistan, İndoneziya, Moldova kimi bir çox ölkələrin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Naxçıvan Biznes Mərkəzində keçirilmiş görüşlərdə muxtar respublikanın turizm imkanları, səhiyyə turizm ocaqları barədə məlumatlar verilib, perspektivdə sahibkarların bu sahəyə cəlb edilməsinin əhəmiyyəti vurğulanıb. 2018-2019-cu illərdə Almaniya, İran, Belarus, Səudiyyə Ərəbistanı, Xorvatiya, Polşa, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Rusiya, Ukrayna, Pakistan, İtaliya, Çin, Latviya, Qazaxıstan, Çexiya, Fransa, Avstriya, Slovakiya kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nəfər nümayəndəsinin iştirakı təmin edilib və bütün hallarda muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib.
Naxçıvanın təbliği, sadəcə, muxtar respublika hüdudları daxilində həyata keçirilmir. Sahibkarlarımızın ərsəyə gətirdikləri məhsulların xarici ölkələrdə də nümayişi önəmli məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən iş adamları keçirilən bir çox sərgilərdə fəal iştirak edib, diyarımızın turizm potensialını, Naxçıvanın təşviqi ilə bağlı tanıtım materiallarını nümayiş etdirirlər. Təkcə bir faktı qeyd edək ki, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində Naxçıvan Muxtar Respublikasında istehsal olunan ərzaq məhsulları və əl işlərinin sərgi-satışı təşkil olunub. Tədbirdə muxtar respublikanın 26 sahibkarlıq subyektinin, həmçinin 62 adda əl işlərinin sərgi-satışı həyata keçirilib.
Naxçıvanda inkişafına diqqət yetirilən turizm sahələrindən biri də kənd yaşıl turizmidir. Muxtar respublikanın kəndlərinin çox hissəsi dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Geniş ərazi, münbit torpaq, saf su, təmiz hava, bol günəş – bunlar zəngin təbiət sərvətləridir və ekoturizmin yarımnövü olan kənd yaşıl turizmin inkişafına da öz müsbət təsirini göstərir. Muxtar respublikada gedən sosial-iqtisadi inkişafın nəticəsidir ki, artıq ən ucqar dağ kəndlərində belə, kənd yaşıl turizm həvəskarlarını qəbul edib onların istirahətini təmin etmək üçün hər cür imkan var. Belə ünvanlarda yüksəksürətli internet şəbəkəsindən və poçt-rabitə xidmətlərindən də istifadə etmək mümkündür.
Kənd turizminin inkişaf etdirilməsində, kənd yerlərində kiçik sahibkarlığın inkişafında, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında ailə təsərrüfatlarının mühüm rolu vardır. Belə təsərrüfatların fəaliyyətinin stimullaşdırılması, sıralarının genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata əsasən ötən dövr ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 46 ailə təsərrüfatına 710 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. Bu da nəticə olaraq təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul verib, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb. Bununla yanaşı, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi, belə təsərrüfatlar tərəfindən istehsal olunan məhsulların sərgi-satışının təşkili həm ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılmasında, həm də muxtar respublikanın turizm imkanlarının təbliğində mühüm rol oynayıb. Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda ailə təsərrüfatlarında istehsal olunan 112 çeşiddə məhsulun nümayiş etdirilməsi diyarımıza təşrif buyuran xarici qonaqların muxtar respublikanın kənd yerlərinin iqtisadi potensialı haqqında dolğun məlumat əldə etmələrinə şərait yaradıb.
Turizm, öz növbəsində, yeni xidmət və istehsal sahələrinin inkişafını da şərtləndirir. Ötən dövr ərzində istifadəyə verilən Uzunoba istirahət kompleksi, Naxçıvan atçılıq klubu, iri ticarət mərkəzləri, kafelər, restoranlar, Naxçıvan şəhərində fəaliyyətə başlayan xidmət sahələri dünyanın məşhur firmalarının istehsal etdikləri “İdeal” ətriyyat və kosmetika mağazası kimi məkanlar turistlər üçün nümunəvi xidmətin və mənalı istirahətin ünvanlarıdır.
Naxçıvan Muxtar Respublikasının ölkə və beynəlxalq miqyaslı turizm tədbirlərində iştirakı təbliğat baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər eyni zamanda Naxçıvanın beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində də xüsusi rol oynayır. Görülən silsilə tədbirlər qədim diyarımızın turizm potensialı geniş şəkildə təbliğinə xidmət edir.

Göründüyü kimi, Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri yaradan sənətkarları, qonaqpərvərliyi, sabitliyi ilə dünyanın istənilən ölkəsindən gələn turisti heyrətləndirməyə qadirdir. Turizmin inkişafı həm də Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə dəstəkdir. Buna görə də hər birimiz müasir dövrün gəlirli sahəsi hesab edilən turizmin inkişafında maraqlı olmalıyıq. Sənətkar əsərində, jurnalist yazısında, fotoqraf fotolarında, rəssam rəsmlərində, ən əsası isə hər birimiz sosial şəbəkə hesablarımızda Naxçıvanı, diyarımıza məxsus gözəllikləri təbliğ edəriksə, bu sahədə daha geniş inkişafı təmin etmiş olarıq. Turizm ümumxalq işidir. Hər birimiz Naxçıvanın təbliğinə çalışmaqla, bu məqsədlə sosial şəbəkələrdəki imkanlarımızdan istifadə etməklə turizmin muxtar respublika iqtisadiyyatındakı rolunu gücləndirər, Azərbaycanın bu qədim və gözəl guşəsinin daha geniş miqyasda tanınmasına töhfəmizi vermiş olarıq.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR