22 Dekabr 2024, Bazar

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır”. Görkəmli cərrah Nikolay Piroqovun bu kəlamını xatırlayarkən Əqil Mehdiyevi anmamaq mümkün deyil. Fədakar əməyi ilə xalqın rəğbətini, hörmətini qazanan, hər zaman böyük məhəbbət və minnətdarlıqla xatırlanan tanınmış həkim, ictimai xadim Əqil Mehdiyev 1920-ci ildə Naxçıvan qəzasının Nehrəm kəndində dünyaya göz açıb. Onun həyat yolu çox çətin və şərəfli olub. Orta təhsilinə Nehrəm kənd məktəbində başlayan Əqil Mehdiyev daha sonra təhsilinə Bakı şəhərindəki 18 nömrəli orta məktəbdə davam edib. Bakıda onun müəllimlərindən biri böyük şairimiz, nakam ömürlü Mikayıl Müşviq olub. Orta təhsilini 1938-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə başa vurub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunan səhiyyə fədaisi İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq saxlamaq məcburiyyətində qalıb və müharibəyə yollanıb.

“Şərq qapısı” qəzetinin 1975-ci il 31 yanvar tarixli nömrəsindəki “Həssas qəlb” adlı məqalədə Əqil Mehdiyevin təhsili ilə bağlı dediklərini oxuduqca bir daha aydın olur ki, gələcəkdə yüzlərlə insana sağlamlıq  bəxş edəcək bu böyük insan sevdiyi ixtisası öyrənmək üçün enişli-yoxuşlu yollardan keçməli olub. Məqalədə yazılır: “Əqil müəllim danışdıqca ömür xatirələri dilə gəldi. Onun dediklərindən: “1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstituna daxil olaraq seçdiyim ixtisasa təzəcə yiyələnirdim ki, müharibə başlandı. Tələbəlik həyatım yarımçıq qaldı. Müharibə çiçəklənməkdə olan arzularımın qarşısına sədd çəkdi...”  Lakin oxumaq arzusu onun ürəyində qalmır. 1947-ci ildə Əqil Mehdiyev Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə qəbul olunur və həmin institutu müvəffəqiyyətlə başa vurur. 1943-1955-ci illərdə Nehrəmdə müəllim və məktəb direktoru vəzifəsində çalışır.  İşlədiyi müddətdə işgüzarlığı, qayğıkeşliyi, prinsipiallığı ilə tanınan Əqil müəllim həkim olmaq istəyindən əlçəkmir. Təbii ki, yenidən Tibb İnstitutunda təhsil almaq insandan qətiyyət, cəsarət, iradə tələb edir. Amma o bunu da bacarır. Xəyalını amala çevirən Əqil Mehdiyev istəyinə nail olur və beləliklə 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunur. Təhsil almaqla bərabər, institutun kitabxanasında işləyən Əqil Mehdiyev İnstitutu bitirəndə 39 yaşı olur. Ali məktəbi bitirdikdən sonra 1959-cu ildə Babək rayonunun Qahab kənd xəstəxanasına baş həkim kimi fəaliyyət göstərməyə başlayır. 1960-cı ilin oktyabr ayından isə Nehrəm kənd xəstəxanasının baş həkimi təyin olunur və 1973-cü ilədək həmin vəzifədə çalışır. O vaxtlar Nehrəm xəstəxanası nəinki Naxçıvan MSSR-də, həmçinin Azərbaycanda da nümunəvi tibb ocaqlarından biri sayılırdı.

“Şərq qapısı” qəzetinin 1962-cı il 26 aprel tarixli nömrəsindəki “Sağ ol, Əqil!” başlıqlı təşəkkür dolu yazıda oxuyuruq: “...Ağır vəziyyətdə müalicəyə gətirilmiş gənc ana Rübabə Xəlilovanın sağalıb xəstəxanadan çıxması hamımızı sevindirdi. O öz körpəsini sevinclə bağrına basdı, fərəhdən gözləri yaşardı. Sənə və xəstəxanının bütün kollektivinə dönə-dönə təşəkkür etdi. İndi “Kommunizm” kolxozunda kimdən səni soruşsan deyər: – Sağ olsun Əqili! Sənin şəfalı əllərin çoxlarını yenidən həyata qaytarmışdır…” “Şərq qapısı” qəzetinin digər bir nömrəsində – 1975-ci il 31 yanvar tarixli “Həssas qəlb” adı ilə dərc olunan məqalə isə Əqil həkimin əsl səhiyyə fədaisi olduğunu bir daha sübut edir: “İlk tibbi fəaliyyətə Qahab kəndində başlayan Əqil Mehdiyev bir ildən sonra Nehrəmə dəyişdirilir. Doğma kəndlərindəki tibb məntəqəsində işə başlayan Əqil Mehdiyev orada ilk növbədə səhiyyə mədəniyyətinin yüksəltməyi qarşısına qoyur. Məntəqə uçuq-sökük bir binada yerləşirdi. Tavan-döşəməsi yararsız olan otağa 6 çarpayı güclə sığırdı. Xidmət işindən isə danışmağa gəlməzdi. Baş həkim işgüzarlıqla işə girişdi. Məntəqəni 15 çarpayılıq xəstəxanaya çevirdi. Lakin bununla da kifayətlənmədi. O kənddə 50 çarpayılıq nümunəvi xəstəxana açılmasına nail oldu. Kənddə səhiyyə mədəniyyətini yüksəltdi. Bu sahədə həkimlərdən S. Novruzov, Ə. Axundov, K. İsmayılov və başqaları, həmçinin kənd camaatı fəallıq göstərdilər”.

Yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq Əqil Mehdiyev muxtar respublikada ən böyük səhiyyə ocağına – Nəriman Nərimanov adına Naxçıvan Respublika Xəstəxanasına (indiki Naxçıvan Muxtar Respublika Xəstəxanası) baş həkim təyin edilir, özü də elə bir vaxtda ki, baxımsızlıq və laqeydlik ucbatından bu tibb ocağı çox pis vəziyyətdə idi. Əqil müəllim baş həkim kimi fəaliyyətə başlaması ilə burada qısa müddətdə əsaslı dönüş yaradır. Binanın zirzəmisi çirkabdan təmizlənir, palatalar əsaslı təmir edilir. Çarpayıların sayı artırılır. Travmatologiya, urologiya və reanimasiya şöbələri təşkil edilir. Gənc həkim və tibb işçilərinin fəaliyyəti üçün geniş imkan yaradılır. Baş həkim işlədiyi 11 ildə respublika xəstəxanası tanınmaz dərəcədə dəyişir. Tibb sahəsində danılmaz xidmətləri olan səhiyyə təşkilatçısı Əqil Mehdiyev “Naxçıvan MSSR-in Əməkdar həkimi” fəxri adına layiq görülür.

İşgüzar, yorulmaz fəaliyyəti ilə hər zaman xalqı üçün xidmət edən səhiyyə fədaisi təəssüf  ki, heç bir səbəb olmadan, yeni rəhbərliyin tapşırığı ilə 1984-cü ildə baş həkim vəzifəsindən azad edilir. O, bu ədalətsizliyi soyuqqanlılıqla, təmkinlə qarşılayır və yenə Nehrəm kənd sahə xəstəxanasına qayıdır. Həmin dövrdə sıravi həkim işləyir, ağsaqqallıq missiyasını şərəflə yerinə yetirir. Kəndin bir çox sosial problemləri məhz onun qayğısı, diqqəti və təşkilatçılığı sayəsində həll olunur.

Və nəhayət haqq yerini tapır. Azərbaycan müstəqilliyə, demokratiyaya qovuşur. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra sular durulur, fəlakətdə olan ölkə azadlığa çıxır, siyasi sabitlik yaranır. Beləliklə, incidilmiş, mənən sarsıdılmış xalqın ehtiyac duyduğu insanlar yenidən cəmiyyətə gərəkli olurlar. Əqil Mehdiyev də 1993-cü ilin noyabrında ikinci dəfə Naxçıvan Respublika xəstəxanasına baş həkim təyin edilir. Səmərəli və işgüzar fəaliyyəti yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, 1995-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunur. 2004-cü ilin iyul ayınadək həmin vəzifədə layiqincə çalışır. Əqil həkimin nazir işlədiyi bu illərdə səhiyyə sistemində ciddi dönüş yaranır.

Daha sonra o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilir. 1997-ci ildən Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri, 2002-ci ildən isə Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini təyin olunur. Əqil Mehdiyevin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə əmək rəşadətlərinə görə”, “Əməkdə fərqlənməyə görə” medalları, Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub. Bu fədakar təbib “Azərbaycan SSR-in Əməkdar həkimi” fəxri adlarına layiq görülüb.

Yorulmaz səhiyyə fədaisinin fəaliyyətinə ən yüksək qiyməti ümummilli liderimiz Heydər Əliyev verib. Dahi rəhbərin fərmanı ilə Əqil Mehdiyev 2001-ci ildə “Şöhrət” ordeni, 2003-cü ildə isə ölkənin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunub. Bu il tanınmış həkim və ictimai xadimin anadan olmasından 100 il ötür. Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyevin əməyi bu gün də öz layiqli qiymətini aldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.

Bu mühüm dövlət sənədi cəfakeşliyin, fədakarlığın, zəngin ömrün, nümunəvi həyatın və enişli-yoxuşlu illərin halal qiyməti, eyni zamanda, dövlətimizin digər sahələrdə olduğu kimi, milli səhiyyəmizin də inkişafında özünəməxsus xidmətləri olan şəxslərin fəaliyyətinə verilən yüksək dəyər, muxtar respublikamızın zəngin səhiyyə ənənələrinin yaşadılması və inkişafına böyük qayğıdır.

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR