05 May 2024, Bazar

 

Növbəti yazımızda ilin bu vaxtı ən çox ehtiyac duyulan bir meyvədən – zoğaldan bəhs edəcəyik. Yazda bütün ağaclardan tez çiçəkləyən zoğal o meyvələrdəndir ki, onu əkib-becərmək, bar vədəsinə çıxarmaq böyük bir zəhmət və qulluq tələb etmir. Zoğal ağacı 2 metrədək boy atır, hər il barverən məhsuldar giləmeyvədir. Əvvəllər yabanı halda muxtar respublikanın dağlarında, meşə massivlərində çox rast gəlinən zoğal sonralar insanlar tərəfindən mədəni əkinçiliyə gətirilib. Qış aylarının əvəzolunmaz müalicə vasitələrindən olan zoğalın tərkibində vitamin, mineral və güclü antioksidantlar var. 

Tarixçi Rəşidəddin Fəzlullah Qafanın Naxçıvan tüməninə aid olduğunu yazarkən onun kənd təsərrüfatına həsr edilmiş “Asar və əhya” (“Təsir və dirçəliş”) əsərindəki “zoğal Naxçıvana aid olan Qafanın bəzi yerlərində bitir” qeydini oxuyarkən, bu bitkinin muxtar respublika ərazisində uzaq keçmişdən bəri yetişdirildiyi qənaətinə gəlirik. Hətta Şahbuz və Culfa rayonlarının Keçili və Milax kəndlərinin sərhədində qədim bir yaşayış məntəqəsinin adı “Zoğala” kəndi kimi yaddaşlarda yaşamaqdadır. 

Zoğal muxtar respublikamızda ən çox Ordubad rayonunun Nüsnüs kəndində yetişdirilir. Çünki kəndin iqlimi bu bitkinin yaxşı inkişafı və məhsuldar­lığı üçün çox əlverişlidir. Bu səbəbdəndir ki, bu gün Nüsnüsdə hansı həyətyanı sahəyə baxsan, zoğal ağacına rast gələrsən. Kənddə bu meyvəni becərməkdə ad-san qazanan təsərrüfatçılardan biri Kamal Lütfəliyevdir. O, uzun illərdir ki, bu sahə ilə məşğul olduğundan zəngin təcrübəyə malikdir. Kamal kişi zoğal bağını 20 ildir ki, salıb. Bağında 40-a yaxın zoğal ağacı var. Ağacların budaqlarının bardan əyilməsi lazımi aqrotexniki qayğının, çəkilən zəhmətin bəhrəsidir. Xırdameyvəli cır və irimeyvəli hibrid, armudu, qabığı nazik qırmızı zoğal yetişdirən təsərrüfatçı calaq üsulu ilə sarı zoğal növünü də əldə etməyi bacarıb.

Müsahibimin sözlərinə görə, zəngin vitamin tərkibinə malik olan zoğal fevral-mart aylarında çiçəkləyir, barvermə vaxtı isə avqust-sentyabr aylarına düşür. Kamal Lütfəliyev deyir ki, bu ağaca el arasında “şeytanaldadan” da deyirlər. Bu deyim çox ehtimal ki, ağacın tez çiçəkləyib, gec bar verməsi ilə bağlıdır. Deməli, bu müddət ərzində torpaqda olan ən faydalı elementləri mənimsəyərək meyvəsində toplamaq imkanı əldə edir. Odur ki, qırmızı, tünd-qırmızı, qara-qırmızı olan zoğal növlərinin hər birinin tərkibi faydalı elementlərlə zəngindir.
Təsərrüfatçının dediyinə görə, bu il zoğal ağacları keçən ilə nisbətən daha çox bar verib. Bu hal onun qiymətinə də öz təsirini göstərib. Belə ki, əvvəllər kilosu 2-3 manat arasında dəyişən zoğal bu il 1 manatdan satışa göndərilir. Alıcılıq qabiliyyəti də yüksəkdir. Çünki çiçəklərindən tutmuş bütün komponent­lərinə qədər can dərmanı olan Nüsnüs zoğalından ətirli mürəbbə, kompot və digər məhsullar hazırlanır.
Kənd sakini Firuzə Məmmədəliyevanın təbirincə Ordubadda zoğal mürəbbəsi “mürəbbələrin şahı” sayılır. Çünki o, el arasında soyuqdəymənin ən kəsərli əlacı kimi qiymətləndirilir. Özü də qaydasında bişirilməlidir ki, ətrini də, gözəlliyini də özündə saxlasın. Zoğal meyvələri yetişdikcə turşluğu azalır, şəkəri isə xeyli artır. Odur ki, onu al-qırmızı rəng aldıqda toplamaq məsləhətdir. Bu meyvədən hazırlanan keyfiyyətli lavaş da rayon əhalisinə çoxdan məlumdur. Lavaşdan bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı vasitə kimi geniş istifadə edilir.
Sakinlərin bu giləmeyvəyə belə böyük maraq göstərməsi isə əbəs deyil. Maddələr mübadiləsinin nizamlanmasında, mədə xəstəliklərində və bir sıra digər problemlərdə faydalı olan zoğal, xüsusilə immun sisteminin gücləndirilməsində əhəmiyyətli təsirə malikdir. Ona görə də qış aylarında mütəmadi istifadə edilir.
Əsrlərdən bəri ulularımızın dini-fəlsəfi, bədii düşüncələrində müstəsna yer tutaraq gələcək həyatı, dünyagörüşü istiqamətləndirən, formalaşdıran ağac kultu bir inanc sistemi olaraq bu günümüzə qədər gəlib çıxıb. Zoğal ağacı ilə bağlı inancların izlərinə isə muxtar respublikamızın da bir çox yerlərində rast gəlinməkdədir. Deyirlər ki, çinar, dağdağan, dəmirağac, palıd, söyüd, tut ağacları kimi zoğal ağacı da müqəddəs hesab olunur. Əkildikləri yerlər pir və ocaq kimi çağırılır. Onu kəsmək, qol-budağını qırmaq günah sayılır. Bəlkə, ona görədir ki, bir çox mənbələrdə “zoğal ağacının altında yatmazlar”, “zoğal ağacını kəsməzlər”, “zoğal ağacını yandırmazlar” kimi deyimlərə rast gəlirik. Əsrlərboyu bu ənənə, hətta İslam öncəsi tarixə gedib çıxır. Bir rəvayətə görə, Şah İsmayıl Xətai balaca olanda onu Ağqoyunlu dövlətinin adamlarından yayındırmaq üçün zoğal çubuqlarından hörülmüş cəvərana qoyub ağacın başında gizlədiblər. İsa Peyğəmbərin də zoğal ağacında çarmıxa çəkildiyi deyilir. Məşhur xristian əfsanəsinə görə, həmin hadisədən sonra ağacın boyu kiçilərək indiki formaya düşüb. Qədim yunan salnaməçisi və coğrafiyaçısı Strabonun yazdığına görə, məşhur bir loğman soyuq payız günü Qanıx çayının sahilində oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Suya baş vurub çimən uşaqların soyuqlayıb xəstələnəcəyindən narahat olan loğman görür ki, uşaqlar çaydan çıxıb kənardakı zoğal ağacına dırmaşaraq meyvələri dərib yeməyə başladılar. Loğman öz-özünə fikirləşir ki, bu xalq dərdinin dərmanını bildiyinə görə böyük xalqdır. Soyuqdəyməni aradan götürən, bir çox xəstəliklərin müalicəsi üçün əhəmiyyətli olan vasitə kimi zoğal xalq təbabətində indiyə kimi istifadə olunur.

 Gülcamal TAHİROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR