22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvanda ağac, sadəcə, bir məqsədlə kəsilir: ömrünü başa vurduğu üçün

Ekoloji vəziyyət günümüzdə dünyanı narahat edən ən qlobal məsələlərdən biridir. Məlum məsələdir ki, elmin, texnikanın inkişafı, eyni zamanda təbiətin məhvinə yönəlir, ekoloji tarazlığı pozur. Bu problemin qarşısının alınmasında isə ağac əkini, yaşıllıqlar yaradılması böyük əhəmiyyət daşıyır. Qürurverici haldır ki, ölkəmizdə yaşıllaşdırma  tədbirlərinin əsası Naxçıvanda qoyulub. Bu gün müxtəlif ərazilərdə, təpələrin, çay vadilərinin, ümumiyyətlə, əkinəyararsız torpaqlarda həyata keçirilən yaşıllaşdırma siyasəti bir daha sübut edir ki, el-oba sevgisi, gələcəyə qayğı boz çölləri də gülüstana çevirir.

Naxçıvanda bu gün təbiətə həssas münasibət təkcə peşəkarların marağında deyil. Sadə adamlar, təbiət həvəskarları, vəzifəsindən asılı olmayaraq, hər kəs yaşıllıqların genişləndirilməsinə, ekoloji tarazlığın qorunmasına töhfə verir. Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində, eləcə də yaşayışın olmadığı yol kənarlarında, dağ yamaclarında, çay vadilərində boy-boya verən ağaclar, balaca fidanlar muxtar respublika sakinlərinin yurd sevgisindən, təbiətsevərliyindən xəbər verir. İctimai şüura çevrilən bu işlər nə qədər zəhmət tələb etsə də, hər kəs tərəfindən könülxoşluğu ilə həyata keçirilir.

“Başına gələn başmaqçı olar”, – deyiblər. Ötən əsrin 90-cı illərinin əvvəllərində enerji və təbii yanacaq sarıdan tarixin sınaqları ilə üz-üzə qalan naxçıvanlılar məcburiyyət qarşısında təbiətə sığındı, ağaclara balta çalındı. Min əzab-əziyyətlə boya-başa çatdırılan yaşıllıqlar bir neçə il ərzində məhvə sürükləndi. 1995-ci ildə yaşıllıq sahələrinin heç 1 faizə də çatmaması o günlərdəki Naxçıvanın ekoloji mənzərəsi idi. Həmin çətin günləri göz önünə gətirərək təbiətə olan “borcumuzu” bu gün artıqlaması ilə veririk. Bu gün Naxçıvanda hansısa ağaca balta vurulursa bunun, sadəcə, bir səbəbi ola bilər: o ağac ömrünü başa vurduğu üçün, o, doğranıb oduncaq kimi istifadə üçün bəzi hərbi hissələrə göndərilir, yerinə isə yeni fidanlar salınır. Ekologiyamızda bu cür dönüş yaratmaq məqsədilə ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti hamımız üçün nümunəyə çevrildi. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə ekoloji problemləri ciddi məsələ kimi önə çəkdi, özü şəxsi nümunə göstərərək çox nəcib və xeyirxah ağacəkmə aksiyaları təşkil etdi. Dahi rəhbərin ətrafında sıx birləşən sakinlərimiz təbiətə sahib çıxdı, bir neçə il ərzində minlərlə hektar sahələrdə yaşıllaşdırma işləri görüldü.
Sonrakı illərdə davamlı xarakter alan bu işlər ictimai şüura çevrildi. Günümüzdə uşaqdan-böyüyə hər kəs bacardığı qədər təbiətə öz faydasını verməyə çalışır. Son illər muxtar respublikamızın rayonlarında və Naxçıvan şəhərində “Gənclər bağları”nın salınması, gənclərin bu bağlarda həvəslə çalışaraq ağac əkmələri, onlara düzgün qulluq göstərmələri onların ətraf mühitə daha həssas yanaşmasını göstərir. Təbii ki, bu mühitdə böyüyən hər bir uşaq ətrafındakıların ağac əkdiyini görürsə, o da belə-kürəyə sarılıb təbiətin qayğısına qalmağa çalışır. Ekoloji könüllülərin yerlərdə təmizlik-abadlıq işlərinə qoşulması onlara aşılanan düzgün tərbiyənin nəticəsidir. Bu nümunənin nəticəsini, bu dönüşün əhəmiyyətini isə təbiətimiz görür. Nəticə isə özünü bu gün muxtar respublikadakı yaşıllıq sahələrinin 20 faizədək yüksəlməsində göstərir. Təkcə bu ilin birinci yarısında muxtar respublika ərazisində 282 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 206 min 560-a yaxın ağac, bəzək və gül kolları əkilib.
Belə ekoloji tədbirlərin sayı çoxaldıqca muxtar respublikamızın iqtisadi qüdrəti daha da artır, çox mühüm ekoloji tarazlıq yaranır. Naxçıvan şəhərindən muxtar respublikamızın müxtəlif istiqamətlərinə uzanan magistrallar boyu insanı darıxdıran boz çöllər indi öz yerini bir-birini tamamlayan yaşıllıqlara verib. Həm yayda, həm də qışda göz oxşayan, qəlbi və düşüncəni zənginləşdirən yaşıl zolaqlar insan əməyinin bəhrəsidir. Bu nemətin dəyərini sözlə ifadə etmək isə çətindir. Təsəvvür edin ki, bir hektar meşə bir ildə 10-20 ton karbon qazı udur, o qədər də oksigen buraxır. Bu, bir sutkada 5 min insanın qəbul etdiyi oksigenin miqdarına bərabərdir. Digər tərəfdən min hektarlarla uzanan meyvə bağları həm də idxaldan asılılığı aradan qaldırıb. 20-25 il bundan öncəki kimi, süfrəmizin bərəkətini özgə ölkələrdən almırıq. Hətta meyvə bağlarının tonlarla məhsulunu toplayıb əsgərlərimizə sovqat göndərib, ordumuza dəstəyimizi nümayiş etdiririk.

Təbii ki, yaşıllıq salmaq işin bir tərəfidirsə, onu böyütmək, ərsəyə gətirmək, qulluq göstərmək işin digər tərəfidir. Görülən işlər içərisində vacib bir məqamı – yaşıllıqların becərilməsində mütərəqqi suvarma şəbəkəsinə üstünlük verilməsini də vurğulamaq yerinə düşər. Çünki bu suvarma üsulunun ilk olaraq Naxçıvanda tətbiqinə başlanıb. Necə ki 2004-cü ildən başlayaraq, əsası Uzunoba gölünün ətrafındakı yamaclarda qoyulan terras üsulu bu gün bir çox qumsal təpələri, əkinəyararsız çölləri əhatə edib. Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülür. Dövlət proqramlarının uğurla icrası nəticəsində suvarma sistemləri yenidən qurulub, torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, mövcud su resurslarından istifadə imkanları genişləndirilib və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib.
Bütün bunlar bir daha sübut edir ki, Naxçıvan Muxtar Respublikasında əlverişli ekoloji mühitin qorunub saxlanılması dövlətimizin diqqət mərkəzindədir. Son illər bu məqsədlə müvafiq dövlət proqramları qəbul edilib, ardıcıl tədbirlər görülüb. Hətta bu gün muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər beynəlxalq ekoloji təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir.

Bu da bir həqiqətdir ki, salınan yaşıllıq diyarımızın ümumi görünüşünü gözəlləşdirməklə yanaşı, digər tərəfdən natəmizliyin, antisanitariyanın da aradan qaldırılması deməkdir, sağlamlığa göstərilən böyük qayğıdır. Bunun mahiyyətini dərk edən hər bir sakin bu gün ürəklə ağacəkmə kampaniyalarına qoşulur. Bu ənənənin mənəviyyat borcu olduğunu tam mənası ilə dərk edən insanların əməyi ilə muxtar respublikanın ərazisinin ecazkar, füsunkar görünüşü daha da artır. Bu işlər həm də təbiəti bizimlə bir ailəyə çevirir. Burada insan və təbiətin həmahəngliyi yaranır. Hər bir vətəndaş ana təbiətin keşiyində durmağı, təbii sərvətlərimizi qorumağı müqəddəs borc sayır.

- Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR