22 Dekabr 2024, Bazar

Vətən! Bütün qəlbimizlə ifadə etdiyimiz bu söz üzərində müstəqil yaşadığımız, zəngin mədəniyyətimizin, qüdrətli dövlətimizin və ulu tariximizin ortaq elementi olan torpaq parçasına verdiyimiz addır. O torpaq ki bizim milli şüurumuzda namusumuzun bir parçasıdır...
Bu torpaq sıradan bir torpaq deyil. Çünki dünyanın hər hansı bir yerindəki torpaq bizim Vətənimiz ola bilməz, Vətənimizin bizdə yaratdığı müqəddəs hissləri oyada bilməz. Vətən yolunda savaşıb, uğrunda yüzlərlə şəhid vermişik. Lakin heç zaman başqasının torpaqlarına göz dikməmişik. Məncə, elə əsl vətənpərvərlik budur. Öz Vətənini sevən başqasının torpaqlarına, ərazi bütövlüyünə də hörmətlə yanaşar, namusuna sataşmaz.

Bizim Vətən sevgimiz tarixboyu qəlbimizdə yaşayır və yaşayacaq. Qəlbimizdən, varlığımızdan, mənliyimizdən qopub gələn vətənpərvərlik duyğusundandır ki, əsrlər boyunca Vətən uğrunda yazmadığımız şeir, qoşmadığımız nəğmə qalmayıb. Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə Vətən sevgisi budur:


Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən, uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.


Vətən təkdir, birdir, vazkeçilməzdir, heç bir varlıqla müqayisəedilməz dərəcədə müqəddəsdir. Maldan-mülkdən, paradan-puldan, candan – hər şeydən keçmək olar. Amma Vətəndən keçilməz. Çünki Vətəndə həyatımız, sevdiklərimiz, millətimiz, ulu babalarımız, tariximiz, keçmişimiz, gələcəyimiz, namusumuz, qürurumuz, heysiyyətimiz, rifahımız, xoşbəxtliyimiz, hüzurumuz, xəyallarımız, qısaca, yaşamaq, insana, millətə dair nə varsa, hamısı vardır. Bütün bunların bir anlamı, mənası olması üçün öncə onları sərbəst şəkildə yaşaya biləcəyimiz bir Vətən gərəklidir. Vətənpərvərlik sevgi kəlməsinin məna sərhədlərini elə aşır ki, o sevginin daxilini ruhla, qətiyyətlə, inam və inancla, uğrunda öləcək hisslərlə bəsləməsən, sevginin Vətənə heç bir faydası olmaz.
Vətənpərvərlik, əslində, insanlığa, bəşəriyyətə olan sevgidir. Vətənpərvərlik namuslu, vicdanlı düşünmək, yaşadığın cəmiyyət üçün faydalı olmaqdır. Bu gün vətənpərvərlik təkcə əlinə silah alıb səngərlərə atılmaq deyil. Vətənpərvərlik hər bir sahədə çalışan, fəaliyyət göstərən insanın ruhuna hakim kəsilir. Ərzaq təhlükəsizliyinin təmin olunması yolunda tər axıdan kəndli, dağların-dərələrin hər qarışına bələd olan çoban, sağlamlığımıza vicdanlı şəkildə cavabdeh olan həkim, gələcəyimizi etibar etdiyimiz müəllim, hər bir sahədə dövlətçilik ənənələrimizə sadiq qalan məmur, bir sözlə, kimliyindən və peşəsindən asılı olmayaraq, işini vicdanla yerinə yetirən hər kəs əsl vətənpərvərdir. Bu gün təkcə Vətən uğrunda döyüşmək yox, Vətən uğrunda döyüşənlərə dəstək olmaq gərəkdir.
Biz bugünkü firavan həyatı, rahat yaşayışı asan qazanmamışıq. Buna görə də onu rahatlıqla əldə etmək istəyənlərə veriləcək cavabımız birdir. Türkün Vətən sevgisi və düşmənə nifrət duyğularından yoğurulan hisslərlə silahlanmış müzəffər Azərbaycan Ordusu Vətənimin bir qarış torpağına əl uzatmaq istəyənin əlini kəsər, dilini qoparar. Aprel döyüşləri, Günnüt zəfəri, bu ilin iyul ayında düşmən təxribatına verdiyimiz tutarlı cavab kimi...
Əlbəttə, Azərbaycanın dünya miqyasında davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları düşmənlərimizi çox narahat edir, qorxuya salır. Son günlərdə Tovuz istiqamətindəki sərhəd ərazilərində düşmən hücumunun qarşısını qətiyyətlə alan qəhrəman əsgər və zabitlərimiz bir daha sübut etdi ki, müasir silah və texnikalarla təchiz olunmuş ordumuz mətin və ürəyində Vətən sevgisi olan qəhrəmanları ilə daim zəfərə doğru irəliləyir. Belə bir həssas məqamda xalqımız bir daha milli birlik nümayiş etdirərək müzəffər ordumuza, qəhrəman əsgərlərimizə dəstək nümayiş etdirdi. Yüz minlərlə həmyerlimiz səfərbərlik çağırışı ilə ordu sıralarına könüllü yazılmaq üçün müraciət etdi. Bütün bunlar düşmən qüvvələrin narahatlığını daha da artırdı. Çünki bu həm xalqımızın şəhidlərinə olan sonsuz məhəbbət və ehtiramı, həm də xalq-dövlət birliyinin , xalq-ordu həmrəyliyinin ən parlaq ifadəsidir. Bu milli birlik dərin tarixi köklərə, adət-ənənələrə, mədəniyyətə malik olan, “Tək əldən səs çıxmaz”, “Güc birlikdədir” – deyən, Dədəmiz Qorqudun qopuzunun sədaları altında düşmən üstünə birlikdə gedən Oğuz igidlərini yetirən xalqımızın yenilməzliyinin təzahürüdür!..
Bu gün yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimiz ordumuzun sıralarında ləyaqətlə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər. Qüdrətli ordumuzun mətin övladları sırasında şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının qəhrəmanlıqları gələcək nəsillər üçün əsl vətəndaşlıq nümunəsidir. Babəklər, Koroğlular, Cəmşidlər yetirən bu torpaq bu gün də böyük qəhrəmanlıq şücaəti göstərən, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, intiqam, Vətən, torpaq təəssübkeşliyi ruhunda döyüşən Qabillər, Mübarizlər, Polad Həşimovlar yetirir. Bu gün ön cəbhədə vuruşaraq şəhidlik zirvəsini fəth edən ölməz Vətən övladları sırasında ordumuzun generallarının da olması bir daha sübut edir ki, Vətən sevgisi peşə, vəzifə, rütbə tanımır. Qəlbində Vətən sevgisi, dilində namus hayqıran hər bir azərbaycanlı cəbhəyə atılır, düşmənin qarşısında sinəsini sipər edir.

Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR