22 Dekabr 2024, Bazar

Bu barədə düşünərkən istər-istəməz ötən əsrin sonlarında ölkəmizin düşdüyü çətin sosial-iqtisadi şəraiti xatırlamalı olursan. Həmin illərdə yaşanan mürəkkəb ictimai-siyasi hadisələr, SSRİ kimi nəhəng imperiyanın çökməsi ilə yenidən suveren dövlət olmaq hüququnu reallaşdırmaq imkanı qazanan Azərbaycanda hakimiyyətdə olan müxtəlif qüvvələrin səriştəsiz siyasəti olduqca ağır bir vəziyyətin formalaşması ilə nəticələnmişdi. Digər tərəfdən Sovetlər İttifaqına daxil olan ölkələr arasında 70 il ərzində formalaşmış iqtisadi əlaqələrin bir anda pozulması, istehsalın iflic vəziyyətinə düşməsi, intensiv şəkildə dəyişən qiymət indeksi nəticəsində infilyasiya prosesinin dərinləşməsi sosial-iqtisadi böhranı daha da ağırlaşdırmışdı. Eyni zamanda ayrı-ayrı silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəsi, ölkənin siyasi və coğrafi cəhətdən parçalanmaq təhlükəsi ilə üzləşməsi, vətəndaş müharibəsi astanasına gəlməsi, Ermənistanın təcavüzünə məruz qalması, 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusunun yaranması kimi amillər vəziyyəti xeyli ağırlaşdırırdı. Təbii ki, bütün bu məşəqqətli günlərin fonunda işsizlik, yoxsulluq həddinin artması sosial gərginliyi dərinləşdirmiş, infilyasiya prosesini sürətləndirmişdi. 

Keçmişi xatırladıqca bir daha iftixarla bu qənaətə gəlirsən ki, Azərbaycan bu gün əvvəlki dövrlə müqayisə olunmaz dərəcədə dəyişib. Bu inkişaf strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyev dövlət quruculuğu fəlsəfəsində əhalinin sosial təminatının daim güclənməsini çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirməklə yeni ictimai-iqtisadi formasiyada insanların yüksək həyat səviyyəsinin etibarlı təminatına nail olub. Bu baxımdan, sadəcə, bugünkü reallıqlar zəminində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial təminat tədbirlərinə nəzər salmaq kifayətdir. Əvvəlcə ölkəmiz üzrə əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində son illər qəbul edilən mühüm dövlət sənədlərinin bir neçəsinə baxaq.

Prezident cənab İlham Əliyev tərəfindən təkcə ötən il əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlar böyük tarixi əhəmiyyət daşıyır. Çünki bu sahə ilə bağlı imzalanan fərman və sərəncamlar 4 milyondan çox insanın həyat şəraitinin yaxşılaşmasına xidmət edib, pensiyalar, əməkhaqqı, müavinət və təqaüdlər əsaslı şəkildə artırılıb. 2019-cu ildə qəbul edilən iki sosial­yönümlü paketə əsasən minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bunun sayəsində dövlət sektorunda çalışanların əməkhaqları 20-100 faiz artıb. Minimum pensiya isə 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılıb. Həmçinin xüsusi şərtlərlə təyin olunan pensiyalarda 31 faiz artım təmin edilib. Beləliklə, ümumilikdə, hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını əhatə edib. Nəticədə, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB ölkələri arasında birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə yüksəlib.


Bununla yanaşı, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Həmin artım həssas qrupdan olan vətəndaşlardan ibarət 600 min insanı, o cümlədən 300 minə qədər əlilliyi olan şəxsi əhatə edib. Eyni zamanda məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri də artırılıb, 800 min insanın problemli kreditlə bağlı olan narahatlığına son qoyulub.
Göründüyü kimi, ulu öndərimizin müəyyənləşdirdiyi sosial strategiya ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Bu layihələrin muxtar respublikada da uğurla həyata keçirilməsi əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşması, daxili sabitliyin bərqərarolmasına şərait yaradıb. Aparılan sosial siyasətin real əsaslara söykənməsi, iqtisadiyyatın inkişafının çoxşaxəli xarakter alması və bu qəbildən olan digər tədbirlər sosial-iqtisadi yüksəliş mərhələsinin yaşanmasına səbəb olub. Bu kontekstdə sosial bərabərliyə nail olunması, əməyin və insanların sağlamlığının qorunması, vətəndaşlara göstərilən dövlət yardımlarının, orta aylıq əməkhaqlarının davamlı şəkildə artırılması xüsusi vurğulanacaq məsələlərdir. Əməkhaqları, pensiya və digər sosial müavinətlər yoxsulluq probleminin həlli ilə bağlı görülən tədbirlər diyarımızda daha güclü sosial müdafiə modelini formalaşdırıb. 2010-cu ildən 2020-ci ilədək muxtar respublikada, ümumilikdə, 35 min 791 yeni iş yeri açılıb. Təbii ki, yüksək əməktutumlu iş yerlərinin yaradılması əhalinin səmərəli məşğulluğunu təmin edib, 2009-cu ilin sonu ilə müqayisədə məşğul əhalinin sayı 20,2 faiz artaraq 2019-cu ilin sonuna 250 min nəfərə yaxın olub. Hazırda muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 520 manata çatdırılıb. Bunu, sadəcə, bir il öncə ilə müqayisə etdikdə, müvafiq aylar ərzində artımın 19 faiz yüksək olduğunu görürük.
Məlumdur ki, sosial müdafiənin ən yaxşı forması əhalinin işlə təminatının yüksək səviyyəyə çatdırılmasıdır. İşləyən, yüksək əməkhaqqı alan vətəndaşın sosial yardıma ehtiyacı qalmır. Odur ki, dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunların qəbul və icra olunması sosial statusundan asılı olmayaraq, insan amilinə verilən yüksək qiymətin ifadəsidir. Sosial müdafiəyə daha çox ehtiyacı olanlara dövlət tərəfindən yardımların göstərilməsi əsas məqsədlərdən birini təşkil edir. Bu qəbildən olan çoxsaylı fərman və sərəncamların imzalanması, Dövlət proqramlarının təsdiq edilməsi həyata keçirilən sosial siyasətin effektivliyini və sosial qayğıya ehtiyac duyan daha çox insanı əhatə etməsi ilə nəticələnib.

Ötən dövrdə muxtar respublikada müvafiq Dövlət proqramlarında sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı mütəmadi artırılıb, işsizlik problemlərinin həlli kimi vəzifələr daim əsas planda yer alıb. İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı əmək yarmarkaları təşkil olunur. Ötən dövrdə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilmiş əmək yarmarkalarında 103-ü dövlət və 95-i özəl olmaqla, ümumilikdə, 198 müəssisədən 1580 boş iş yeri təqdim edilib. Əmək yarmarkalarında 209 nəfər sözügedən vakansiyalar üzrə işə göndərilib, 40 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib.
Sosial siyasətin mütərəqqi istiqamətlərindən biri də ehtiyacı olan ailələrə ünvanlı dövlət sosial yardım proqramının həyata keçirilməsidir. 2020-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 412 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib, 5 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilib. Bu qəbildən olan insanlar üçün özünüməşğulluğun təmin olunması məsələnin köklü həllində ən yaxşı vasitədir. Həmin insanlar dövlətin göstərdiyi maddi və digər dəstəyin nəticəsi olaraq öz məşğulluqlarını təmin edə bilirlər. Bu mənada, aztəminatlı ailələrin aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına imkan yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu işlərin sistemli xarakter almasında mühüm sənəd kimi dəyərləndirilib. Proqrama əsasən ötən il də xeyli məqsədyönlü tədbirlər reallaşdırılıb. Cari ilin ilk yarımilində isə 65 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilib. Bu layihənin daha bir səmərəli cəhəti ondadır ki, müqavilə əsasında istifadəyə verilən aktivlər müddəti bitdikdən sonra həmin ailənin mülkiyyətinə keçirilir. Bu da onların sosial rifah hallarının yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına və şəxsi sahibkarlıqlarını inkişaf etdirmələrinə köməklik göstərir.
O da xüsusi qeyd olunmalıdır ki, muxtar respublikamızda bütün kateqoriyadan olan insanların sosial problemlərinin həlli diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da bunun bariz nümunəsidir. Mətbuatda, media orqanlarında, o cümlədən qəzetimizin səhifələrində hər il bu kateqoriyadan olan insanlara göstərilən həssas münasibəti əks etdirən məlumatlara rast gəlirik. Təkcə bu ilin ötən dövründə 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 4 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan”-330 markalı minik avtomobilləri təqdim edilib.
Bu gün sosial müdafiəyə ehtiyacı olan əlil vətəndaşlar da dövlətimizin himayəsində tam təminatdadırlar. Aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində muxtar respublikada əlil vətəndaşların sağlamlıqlarının qorunması, reabilitasiyası, tibb və sosial-məişət xidməti ilə təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil və məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Yenə də bu ilin geridə qalan dövrünə nəzər salaq. Adıçəkilən dövrdə 218 tənha ahıl və əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 61 nəfər stasionar, 30 nəfər ambulator olmaqla, 91 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində stasionar və ambulator olmaqla, 88 uşağın müalicəsi təşkil edilib. Sağlamlıq imkanları məhdud 41 nəfər sanatoriya-kurortlara yollayışlarla, 94 nəfər texniki, 69 nəfər köməkçi reabilitasiya vasitələri ilə təmin olunub, 99 nəfərə protez-ortopediya xidmətləri göstərilib.
Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun artırılması ilə bağlı qəbul edilən Dövlət proqramının icrası məhdud fiziki imkanlı şəxslərin də sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Ötən müddət ərzində onlarla sağlamlıq imkanları məhdud vətəndaş müvafiq işlə təmin olunub.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, müdafiəsi, cəmiyyətə inteqrasiyası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən dövrdə təhsilin inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb və bu sərəncamların icrasında məhdud fiziki imkanlıların təhsilə cəlbi də öz əksini tapıb. Belə dövlət sənədləri içərisində isə Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Mərkəz, sözün həqiqi mənasında, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyət həyatında iştirakı üçün əsl məbəd rolunu oynayır.
Hazırda muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində bir mühüm Dövlət proqramı da icra olunur. Belə ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların tədris prosesinə cəlb olunması işləri daha geniş şəkildə həyata keçirilir. Ötən dövrdə proqramın icrası diqqətdə saxlanılıb, qeyd edilən kateqoriyadan olan uşaqların təhsilə cəlb olunması istiqamətində ardıcıl işlər görülüb.
Son illər ölkəmizdə geniş vüsət alan könüllülük fəaliyyəti mühüm ictimai, sosial və tərbiyəvi əhəmiyyət daşıyır. Bu layihənin davamı olaraq sosial könüllülüyə gənclərin təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq “Sosial könüllülük hərəkatı” yaradılıb. Sosial iş ixtisası üzrə təhsil alan bir qrup tələbə müəyyənləşdirilib, onların müvafiq təlimlərə cəlb edilməsi məqsədilə Sosial Könüllülük Akademiyası yaradılıb. Bu akademiyanı uğurla başa vuran gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işlərə könüllü kimi cəlb olunublar.
Dünyada pandemiya dövrü kimi yaşanan son aylarda sosial könüllülük layihəsinin səmərəsini daha aydın müşahidə etdik. Sosial könüllü gənclərimiz karantin dövründə muxtar respublikada yaşı 65-i keçən və tənha yaşayan 301 ahılı həftədə iki dəfə evlərində ziyarət edib, ümumilikdə, 641 nəfərə sosial xidmət göstəriblər. Bu ilin mart-aprel aylarında muxtar respublikada yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 1620 nəfərə ərzaq payları verilib. Bununla yanaşı, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə ərzaq təqdim olunub.
Əhalinin sosial problemlərinin həlli istiqamətində görülən məqsədyönlü işlər təbii ki, karantin dövründə daha geniş xarakter alıb. Qeyd olunan dövrdə muxtar respublika üzrə 412 ailənin 1839 ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilib, 17 ailəyə ünvanlı dövlət sosial yardımının verilmə müddəti uzadılıb. Məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi təmin edilib, bu məqsədlə 1600 nəfərə birdəfəlik ödəmə təyin olunub.
Nəticə olaraq deyək ki, hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri davamlı xarakter alan sosial siyasətin həyata keçirilməsidir. Sosial-iqtisadi inkişafın özünəməxsus modelini yaradan və nəticədə, iqtisadiyyatın artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlində ön sıralarda olan Azərbaycan və onun blokada şəraitində inkişaf edən Naxçıvan Muxtar Respublikası bu gün həyata keçirdiyi sosial­yönümlü siyasət strategiyası, eləcə də onun səmərəlilik əmsalının yüksək olması baxımından nümunəvi bir mövqeyə malikdir. Makroiqtisadi sabitliyin qorunub saxlanması şəraitində yoxsulluğun aradan qaldırılması, işsizliyin minimuma endirilməsi, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin davamlı şəkildə artırılması, insan kapitalının, sosial infrastrukturun inkişafı və nəticə etibarilə, əhalinin həyat səviyyəsinin ötən illərlə müqayisədə daha da yüksəlməsi bugünkü Naxçıvanı xarakterizə edən əsas reallıqlardandır.
Bir daha dönüb geriyə baxaq. Sadəcə, demoqrafik vəziyyətə və məşğulluq səviyyəsinə diqqət yetirək. Bir zamanlar ehtiyaca görə qonşu ölkələrə iş dalınca gedən muxtar respublika sakinləri bu gün doğma yurdunun idarə, müəssisə və təşkilatlarında vəzifəsini icra edir, fabrik zavodları işə salır, öz təsərrüfatını qurub yerli məhsul istehsal edirlər. Başqa sözlə, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində məşğulluq və işsizlik problemləri aradan qaldırılıb. Müəyyən səbəblərə görə qayğıya ehtiyacı olanları isə dövlətimiz öz etibarlı himayəsinə götürüb. Bir sözlə, bu günümüzə qayğı göstərənlər etibarlı gələcəyimizi təmin edirlər.

- Gülcamal TAHİROVA
Məqalə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR