Maşın uca dağların ətəklərində üzüyoxuşa yol aldıqca bu labirint fikirləri öz-özümə düşünərək ətrafımdakı uca dağlara, yal-yamaclara, al-əlvan gül-çiçəklərə, qayalara bürünən mamırlara, arx kənarlarındakı can dərmanı olan bir-birindən şəfalı otlara baxa-baxa irəliləyirik Şərur rayonunun Aşağı Yaycı kəndində yerləşən “Arpaçay” Dövlət Təbiət Yasaqlığına. Budur, artıq yasaqlığın ərazisinə yaxınlaşırıq. Burada bizi qarşılayan mühafizəçi “Şərq qapısı” qəzeti əməkdaşı olduğumuzu öyrəndikdə məmnuniyyətlə bu cənnətməkan əraziyə daxil olmağa icazə verdi. “Arpaçay” Su Anbarının ətrafındakı sıx meşənin füsunkar mənzərəsi, quşların cəh-cəhi, suyun xoş avazı insanın ruhunu dinləndirir. Ulu Tanrı, həqiqətən, diyarımızdan səxavətini əsirgəməyib. Belə gözəlliklərin və nadir nümunələrin isə qorunması ən vacib tədbirlərdəndir. Elə buna görə də qədim diyarımızın ümumi ərazisinin 27 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir. Halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 10-12 faizə çatır.
Bu sehrli gözəlliyin seyrindəykən yasaqlığın direktoru Elşən Seyidov da bizə yaxınlaşır. Təbiətin gözoxşayan mənzərəsini seyr edə-edə bu füsunkar məkan haqqında məlumat alırıq. Direktor deyir ki, Naxçıvan Muxtar Respublikasında xüsusi mühafizə olunan təbiət ərazilərinin geniş şəbəkəsi var. Onlardan biri də “Arpaçay” Dövlət Təbiət Yasaqlığıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixdə imzaladığı Sərəncamla yaradılmış yasaqlıq 9 min 118 hektar ərazini əhatə edir.
Ötən illərdə yasaqlığın flora və faunası daha da zənginləşib, əvvəlki yulğunluqlar xüsusi gözəllik məskəninə çevrilib. Muxtar respublikamızda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər uğurla davam etdirilir. Buna Ali Məclis Sədrinin “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanının uğurlu icrası ilə nail olunub. Həmin fərmana uyğun olaraq Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının ərazilərində 68 min 911,18 hektarlıq “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması ekologiya sahəsində müəyyən olunmuş strateji xəttin ardıcıl şəkildə davamının məntiqi nəticəsidir. Bu, muxtar respublikamızda ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki və heyvan növlərinin, mədəniyyət və tarixi-memarlıq abidələrinin qorunub saxlanılması, diyarımızın xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi məqsədini daşıyır.
Direktor deyir ki, yasaqlığın “Arpaçay” adlandırılması heç də təsadüfi deyil. Bu ad Naxçıvanın qədim çaylarından biri, Arazın sol qolu olan Arpaçayın adı ilə bağlıdır. Uzunluğu 126 kilometr olan bu çayın mənbəyi Sarıbulaq silsiləsinin yamaclarından başlanır və yeraltı sular, qar və qismən yağış suları ilə qidalanır. Bir zamanlar suvarmada geniş istifadə edildiyindən yay aylarında suyu Araza çatmırdı. Bunu nəzərə alaraq 1977-ci ildə Arpaçay üzərində su anbarı tikilib, 9 sentyabr 2013-cü ildə işə salınıb.
Direktordan onu da öyrəndik ki, bura, sadəcə, təbiətin gözəl və nadir guşələrindən biri deyil. Həm də minillik bəşər tarixini də özündə yaşadır. Son illər Arpaçay vadisində aparılmış arxeoloji qazıntılar nəticəsində Tunc dövrünə, antik dövrə və orta əsrlərə aid bir çox yaşayış yerləri, nekropollar və başqa arxeoloji abidələr qeydə alınıb və tədqiqata cəlb edilib.
Yeri gəlmişkən, qeyd edək ki, Şərur, Kəngərli, Babək, Şahbuz əraziləri, bütövlükdə, muxtar respublikamız çox zəngin bitki örtüyünə, faunaya malikdir. Burada 5 iqlim tipi, 2 min 835 ali bitki növü yayılıb. Bu da Azərbaycan ərazisində yayılan ali bitki növlərinin 63 faizini təşkil edir. Onların arasında nadir ağac və kollar da çoxluq təşkil edir. “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində əsrlərdən bəri xalq tərəfindən qorunub saxlanılan, nəsildən-nəslə yadigar qalan çoxlu nəhəng Şərq çinarları, narbənd, püstə, innab, çəkil, yunan qozu, müxtəlif şaftalı növləri vardır. Onu da qeyd edək ki, ulu babalarımızın yadigarı olan isti və quraq iqlimi, şoran torpaqları sevən, xüsusi dekorativ görünüşə malik Naxçıvanın nadir narbənd ağacının quruyub tələf olmasının və nəslinin kəsilməsinin qarşısını almaq üçün həmin ağac respublikamızın “Qırmızı kitabı”na daxil edilib.
Elşən Seyidov deyir ki, Naxçıvanın heyvanat aləmini öyrənmək də həmişə Azərbaycan və dünya zooloqlarının diqqət mərkəzində olub. Muxtar respublikanın faunası barədə verilən məlumatlardan belə nəticəyə gəlmək olur ki, Naxçıvan heyvanat aləminə görə Azərbaycanın bir çox regionlarından kəskin surətdə fərqlənir. Naxçıvan Muxtar Respublikasında olan heyvanların miqdarı bütün qruplar üzrə Azərbaycan faunasının 60-70 faizini təşkil edir. Belə nadir fauna nümunələri Arpaçay ərazisində də məskən salıb. Dövlətimizin məqsədyönlü şəkildə atdığı bu addım, yəni “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması bu heyvanat aləminin qorunmasına və daha da zənginləşməsinə şərait yaradıb. Bütün bunları bir daha nəzərdən keçirdikdə, bütövlükdə, Naxçıvanı, o cümlədən “Arpaçay” Yasaqlığını endemik və yeni növlər məskəni adlandırmaq olar.
Direktorun sözlərinə görə, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yarandığı vaxtdan bəri ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın, nadir, endemik və nəsli kəsilmək təhlükəsi olan gözəl dazotu, qurdqulağı, süsən, ağıpiyli ardıc, akaka soğanı, təkdənli buğda, gövdəsiz yumaqotu, çılpaq dorema, zümrüdçiçəyi, ələyəz, Cənubi Qafqaz canavargiləsi kimi flora növlərinin, bəbir, safsar, bezoar keçisi, Cənubi Qafqaz muflonu, daşlıq dələsi, oxlu kirpi, Aralıq dənizi tısbağası, saqqallı qartal, Alp torağayı, qonur ayı, vaşaq kimi fauna növlərinin, həmçinin Oğlanqala, Qazma mağarası, Havuş piri, Axura nekropolu, Qaradaş ocağı, Qarasu qalası və sair kimi tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin qorunub saxlanılması məqsədilə çox işlər görülüb. Ümumiyyətlə, “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılması muxtar respublikamızda ekoloji tarazlığın, təbiətin qorunmasına xüsusi önəm verildiyini bir daha təsdiqləyir.
Bura elə bir füsunkar təbiətə malikdir ki, kilometrlərlə məsafə qət etsən də, zamanın necə keçdiyini, yorğunluq belə, hiss etmirsən. Elşən Seyidovla birlikdə bu sirli-sehrli təbiət aləmindən ayrılıb yasaqlığın inzibati binasına üz tuturuq. Qeyd edək ki, bina Aşağı Yaycı kəndində yerləşir.
Elşad müəllim bina ilə tanışlıq zamanı qeyd edir ki, idarənin işçiləri mütəmadi olaraq yasaqlığın müxtəlif yerlərində olur, ərazini yüksək səviyyədə mühafizə edirlər. Eyni zamanda bir vaxtlar məhv edilmiş meşə zolaqlarının və yaşıllıqların bərpası istiqamətində də əməli işlər həyata keçiririk. Əhali arasında ekoloji maarifləndirmə işlərini həmişə diqqət mərkəzində saxlayır, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə qəsəbə və kəndlərdə olur, geniş söhbətlər aparır, ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlar verir, dövlətimizin ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində apardığı siyasət, eləcə də muxtar respublikamızın başlıca ekoloji problemləri və bu istiqamətdə həyata keçirilən tədbirləri əhalinin diqqətinə çatdırırıq.
Bununla yanaşı, qəzetinizdə dərc olunan xəbərlərdən də məlumdur ki, ölkədə gənc nəslin ekoloji təhsilinin yüksəldilməsi və maarifləndirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına əsasən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları ilə birgə ümumi təhsil müəssisələrində mütəmadi olaraq seminar və məşğələlər keçirir, elmi-praktik konfranslar təşkil edirik. Ötən dövrdə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı haqqında ümumi məlumatları özündə əks etdirən buklet və broşürlər hazırlanıb əhali arasında yayılıb.
Direktor qeyd etdi ki, yasaqlığın əməkdaşlarının qarşısına qoyulan ən vacib vəzifələrdən biri də bu ərazidəki heyvanat aləminin həyatının təmin edilməsidir. Tədbirlər planına uyğun olaraq, xüsusilə soyuq qış aylarında Naxçıvanın gözəlliklər məskəni olan “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazisində heyvanat aləminin kompleks məskunlaşdığı ərazilərdə, yeni salınmış yaşıllıq zolaqlarında və digər ehtiyac duyulan təbiət ərazilərində biotexniki tədbirlər həyata keçirilir.
“Arpaçay” Dövlət Təbiət Yasaqlığının timsalında bir daha əmin oluruq ki, təbiət bizim üçün həyatın özü qədər doğmadır, əzizdir, həyat, varlıq onun üzərində qurulub. Deyirlər, yer üzünün əşrəfi sayılan insanı da təbiət yaradıb və öz sərvətlərini də onun istifadəsinə verib. Bəlkə, elə ona görə də neçə min ildən artıqdır ki, insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pilləsinə ayaq qoyduqca bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, insan təbiəti korlayır, zərər verir, əvəzində isə ona heç nə qaytarmır. Lakin düşünmür ki, bu gün ağızşirinliyi ilə bu dünyada ömür sürürüksə, məhz ana təbiətə borcluyuq. Atalar sözüdür: “Tək əldən səs çıxmaz”. Əlbəttə, təbiətin bizə bəxş etdiyi bu qədər sərvəti təkbaşına necə qoruya bilərik? Amma bir məsəl də var, deyərlər ki, bir nəfər meydan döyüşçüsüdür. Yəni o kəsin ki qəlbində təbiət sevgisi var, ağaca, budağa, gülə, çiçəyə, çölə çəmənə, mamıra, bulağa, dağa, daşa, ormana biganə deyil, deməli təbiətimizin sabahından arxayın ola bilərik.
Dövlətimiz təbiətimizin zənginliklərinin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər görür, nadir nümunələrin xüsusi mühafizəsini təmin edir. Bu işdə hər birimiz öncül nümunə göstərib təbiətimizi qorumalıyıq. Ova qadağalara əməl edib, yaşıl örtüyün artırılmasına öz töhfəmizi versək, gələcək nəsillərə zəngin və sağlam həyat bəxş etmiş olarıq. Ömrümüz boyunca hərəyə, sadəcə, bir ağac əksək, yüz minlərlə oksigen mənbəyi yaratmış olarıq. Yasaqlıqlar isə, sadəcə, təbiətin seyrinə çıxıb, gözəlliklərdən zövq almaq üçün nadir təbiət guşələridir. Yolunuz düşərsə, giriş icazəsi alıb bu füsunkar məkanın seyrinə çıxın. O zaman nə üçün buraların xüsusi həssaslıqla mühafizə olunduğunun daha çox fərqində olarsınız.
- Gülcamal TAHİROVA