Tarixən aqrar diyar kimi tanınan muxtar respublikamızda torpağa mehr-ülfət salanlar bu qiymətli sərvətin qədrini bilsələr də, sovet dönəmində həmin insanlar torpağın səxavətindən lazımınca bəhrələnmək imkanlarından məhrum ediliblər.
Qədim diyarımızda ötən əsrin 90-cı illərinin sonlarında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatlarına başlanılması, kənd adamlarının öz torpaqlarına sahiblənməsi bu qiymətli sərvətdən daha səmərəli istifadəyə, məhsul bolluğu yaratmağa, bununla da insanların gün-güzəranlarını daha yaxşı qurmasına, nəticə etibarilə, diyarımızın iqtisadi gücünün, daxili bazarda yerli istehsalın çəkisinin artmasına stimul oldu. Sonrakı dövrlərdə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktların qəbul edilməsi, müxtəlif istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının elmi əsaslarla inkişafına imkan verdi, güclü sahibkarlar dəstəsi yetişdi. Yeri gəlmişkən sahibkarlıq fəaliyyətinə yaşıl işıq yandırılması da bu sahədəki çətinlikləri aradan qaldırdı.
Belə zəhmət adamları muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da ad-san sahibidirlər. Son illərdə onlar ailə təsərrüfatları yaratmaqla məhsuldar torpaq sahələrindən daha səmərəli istifadə edir, məhsul bolluğuna öz töhfələrini verirlər. Belə təsərrüfat başçılarından biri də rayonun Muğancıq-Mehrab kəndində yaşayan Feyzulla Abdullayevdir. Bu günlərdə həmin yaşayış məntəqəsində istifadəyə verilən yeni obyektlərdə olarkən fürsətdən istifadə edib onunla da görüşdük.
Uzun illərdir ki, təsərrüfatla məşğul olan bu halal zəhmət adamı doğulub böyüdüyü yurd yerinə qəlbən bağlı insanlardan biridir. Həmsöhbətim deyir ki, yurduma olan bağlılığın arxasında, ilk növbədə, insanlara göstərilən xüsusi diqqət və hərtərəfli dövlət qayğısı dayanır. Onun sözlərinə görə, əvvəllər texnikanın, təsərrüfat suyunun azlığı, məhsuldar toxum sortlarının tapılmaması kənd adamlarının əlini işdən soyutmuşdu. Torpaqlar onlara verilsə də, imkansızlıq ucbatından çox hissəsi əkilmirdi. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, genişhəcmli meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi, torpaq mülkiyyətçilərinə kreditlərin, güzəştli yardımların verilməsi, kəndlinin məhsuldar toxum sortları ilə təchiz olunması insanların torpağa münasibətini kökündən dəyişdirdi. Hazırda kənddə bir qarış torpaq belə, boş deyil. Bu gün kəndlinin əkin sahələrini suvarmasında heç bir problem yoxdur. Həmçinin təsərrüfatçılar texnika ilə təminatdan da xeyli razıdırlar. Onlar üçün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur bazasının fəaliyyətindən istifadə etmək imkanları yaradılıb. Bütün bunlar isə müxtəlif təsərrüfat sahələrində uğurlu nəticələr qazanılmasına yol açıb. Bu gün hər bir qarış sahənin qədri bilinən yurd yerimizdə hamı torpaqdan ikiəlli yapışıb. Yaxşı dərk edirik ki, ən qiymətli sərvət olan torpaq daimi ruzi-bərəkət mənbəyidir, iş yeridir, gün-güzəranın yüksəldilməsində ən yaxın dostdur. Ona görə də bu sərvətin qədrini bilirik. Yaradılan şəraitin nəticəsidir ki, kəndlinin təsərrüfat işlərinə marağı ildən-ilə artır, bu sahəyə üz tutanların sayı günbəgün daha da çoxalır.
Hazırda Muğancıq-Mehrab kəndi ərazisində böyük torpaq sahəsi olan Feyzulla Abdullayev deyir ki, sahənin 2 hektarında buğda və arpa əkib-becərirəm, tədarük olunan məhsulu dəyirmana verirəm. Həmçinin maldarlıq və arıçılıqla da məşğul oluruq. Mövsümdə arı ailələrini rayonun Havuş, Günnüt, Hadıqayıb yaylaqlarına çıxarıram.
Müsahibim həm də təcrübəli arıçıdır. Deyir ki, təmiz balın tərkibində 14 mikroelement olmalıdır. Onun arı ailələrindən götürdüyü bal Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Almaniyaya göndərilərək orada laboratoriya analizindən keçirilib, həmin məhsulda 14 mikroelementin hamısının olduğu müəyyən edilib.
300 kvadratmetr sahədə istixanası olan ailə təsərrüfatı başçısı 1 hektar sahədə tərəvəz də yetişdirir. Deyir ki, şükür Allaha, çəkdiyim zəhmətin bu gün könülaçan bəhrəsini görürəm. Bu isə məni qəlbən sevindirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikanın hər yerində meyvə-tərəvəz məhsullarına olan tələbatın daha dolğun ödənilməsini təmin edib. Proqrama əsasən bölgələrdə yeni meyvə bağlarının salınması, unudulmaqda olan sortların bərpa edilməsi bəhs olunan dövrdə geniş vüsət alıb. İqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malik olan meyvə-tərəvəzçiliyin inkişafı üçün muxtar respublikamızda əlverişli şərait, ekoloji mühit mövcuddur. Şərur rayonunda da həmin imkanlardan səmərəli istifadə olunmasına, məhsuldar və yerli meyvə sortlarının bərpa edilməsinə, xüsusilə üstünlük verilir. Rayonda bütün torpaq mülkiyyətçiləri Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsində fəallıq göstərir, yeni bağ sahələrinin artırılması üçün səylərini əsirgəmirlər.
Bu gün nəinki Feyzulla Abdullayev, hər bir kəndli muxtar respublikamızda gedən prosesləri ürəkdən dəstəkləyir. İnsan amilinə qayğı onları muxtar diyarımızın daha da çiçəklənməsinə töhfə verməyə ruhlandırır. Qayğı olan yerdə zəhmətə qatlaşıb yaxşı yaşamaq, firavan həyat sürmək bu gün onların keçmiş arzularını xoş reallığa çevirib.
Gülcamal TAHİROVA