İşimizə və gündəlik həyatımıza aludə olduğumuzdan bəzən ətraf mühitə ciddi nəzər sala bilmirik. Amma hərdən təbiəti seyr etmək və dinləmək lazımdır. Adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Əzəmətli dağlar, mavi səma, güzgütək göllər, gur səsi ilə hayqıran şəlalələr, könüloxşayan yamyaşıl düzlər insana gözəl duyğular pıçıldayır. Təbiətin xoş avazı ən gözəl melodiya kimi səslənir qulağımızda. Bizi əhatə edən ətraf aləmin, gözəl təbiət mənzərələrinin seyrinə çıxdıqca bu əsrarəngiz gözəlliklər qarşısında heyrətini gizlədə bilmirsən. Şair qələmi, rəssam fırçası, bəstəkar istedadı acizdir bunları vəsf etmək üçün…
Dörd fəslin heç biri arasında ayrıseçkilik salmayaraq hər birinə özünəməxsus gözəlliklər bəxş edərək biz insanlara təqdim edən təbiətə son dərəcə həssas yanaşmalıyıq. Çünki o, ana qayğısı ilə yanaşır bütün varlıqlara. Məhz buna görə də ona “Ana təbiət” deyirik. Uzağa getməyək. Elə götürək bizim təbiət gözəli Naxçıvanımızın gözoxşayan mənzərələrini. Bütün fəsillərdə özünəməxsus gözəlliyi var diyarımızın. Ulu Tanrı buradan nəyi əsirgəyib ki!? Naxçıvanın hansı tərəfinə üz tutsan, nadir, özünəməxsus, fərqli və rəngarəng təbiət mənzərələri və insana həyat bəxş edən zənginliklərlə rastlaşırsan. Hətta çılpaq Duzdağ təpələrinin belə, özünəməxsus gözəlliyi var. Bu mənada, düşünürəm ki, quşlar bu dünyada ən xoşbəxt canlılardır. Çünki səmadan Duzdağın minlərlə metr uzanan mənzərəsini izləmək imkanımız olsa, min bir rəngin çalarını eyni anda görə bilərik. Hələ bu təpəciklərin yüzlərlə metr dərinliklərində hifz etdiyi zənginlikləri demirəm. Bu bəmbəyaz zənginlik isə təbiətin bizə bəxş etdiyi ayrıca bir sərvətdir. Ağzımızın dadı, sağlamlığımızın qarantı...
Dağlarının, qayalarının döşünə səpələnmiş rəngarəng çiçəkləri ilə dörd fəsli eyni anda yaşadan Göygöl, təmiz havası və bumbuz bulaqları ilə Batabat, ətrafa narın-narın su çiləyən Pəzməri şəlaləsi, minlərlə flora və fauna nümunələrinə qucaq açan park, qoruq və yasaqlıqlar Naxçıvanımızın əsl təbiət möcüzəsidir. Bu gözəl təbiət mənzərələrinin daim var olmasına səbəbkar isə bizim özümüzük. Çünki təbiət onu sevənlərindir. Ötən əsrin sonlarındakı ağrılı-acılı mənzərələri bir anlıq göz önünə gətirin. Canlı təbiətə laqeyd münasibət Naxçıvan təbiətini məhvə sürükləyirdi. Kəsilmiş ağaclar, plansız şəkildə ovlanmış heyvanlar nadir fauna və flora nümunələrini məhvə məhkum etmişdi. Oksigen mənbəyimizin cəmi 0,6 faiz təşkil edəcək dərəcədə tükənməsi, əslində, bizim də həyatımızı təhlükə altına almışdı. Nə yaxşı ki, zamanında həyəcan təbili çalıb təbiətimizin harayına yetdik. Hamımız bir olub hər yerdə ağac əkdik, meyvə bağları və parklar saldıq. Ova qadağalar qoyub, qoruqlar, yasaqlıqlar yaratdıq. Bir sözlə, biz təbiəti yaşatdıq. Biz yaşatdıqca, o da bizə xoş güzəran və sağlam həyat bəxş etdi.
İndi mənzərə tamam dəyişib. Təbiətin ən gözəl rəngi olan yaşıllıqlar muxtar respublikamızın füsunkar hüsnünə gözəllik bəxş edir. Diyarımızın hər yerində insanların zövqünü oxşayan, baxdıqca baxmaq istədiyimiz ağacların, gül kollarının yamyaşıl, al-əlvan parlaq rəngləri son dərəcə heyrətamiz və sevimli mənzərə yaradır. Hər mövsümə uyğun flora nümunələrinin, qışda şam ağacları və qar çiçəyinin, yazda bənövşə və “utancaq” lalələrin, yayda qızılgüllərin, payızda isə bütün ağacların özünəməxsus görüntüsü insanı valeh edir. Şəhərimizin küçələrində, parklarında, istirahət mərkəzlərində olan gözəllik nümunələri öz təravəti, gözəlliyi ilə şəhər sakinlərinin və şəhərə gələn qonaqların gözünü-könlünü oxşayır.
Yazımın bu yerində bir haşiyəyə çıxmaq istərdim... Dünyanı bürümüş pandemiya bəzi məqamları üzə çıxardı. Xəstəlik təhlükəsi səbəbi ilə insanoğlu evinə çəkildikcə, necə deyərlər, təbiət, sanki “özünə gəldi”. İki həftə içində Çindəki hava çirklənməsinin ciddi şəkildə azalması müşahidə olundu. Alimlərin etirafına əsasən Çindəki bu nisbi ekoloji təmizlik bir neçə gün ərzində 80 minə yaxın insanın həyatını qurtardı. İnsanlar alışmadığı xoş təbii mənzərələrlə qarşılaşdılar. Dünyanın bir çox ərazilərini tərk etmiş nadir heyvanlar yenidən “öz evləri”nə qayıtdılar. Yüz illərdən sonra “insanların dostu” olan delfinlər Venetsiya kanallarında yenidən göründü.
Deməli, təbiəti korlayan da, onu nizama salan da biz özümüzük. Gəlin müqayisə aparaq. Naxçıvanın təbiətinin blokadanın ilk illərində qarşılaşdığı vəziyyəti yada salaq. Bəli, minlərlə ağac kəsmişdik... Soyuqdan, şaxtadan qorunmaq üçün... Lakin onları təbiətə qaytarmaqda gecikmədik. Zəhmətkeş naxçıvanlılar vaxtında ulu öndərimizin ətrafında sıx birləşərək onun yaşıllaşdırma və təbiətə qayğı, “hər kəs bir ağac əkməlidir” çağırışına səs verdilər. Bununla da, vaxtilə təbiətə vurduqları ziyanı elə öz əlləri ilə də bərpa etdilər. 1995-ci ildən uğurla həyata keçirilən ekoloji siyasət, yerli sakinlərin kütləvi şəkildə iməciliklərdə iştirak etmələrinin ənənəyə çevrilməsi, xüsusi qorunan təbiət yasaqlıqlarının yaradılması, ova qadağaların qoyulması isə Naxçıvanda ətraf mühitin qorunmasını nümunəvi hala gətirib çıxarıb. Bu ənənəni davam etdirən ictimaiyyət nümayəndələri diyarımızın ayrı-ayrı ərazilərində, yaşayış məntəqələrində yeni yaşıllıq zolaqlarının yaradılmasında və həmçinin mövcud yaşıllıqların qorunub saxlanılmasında böyük coşqu və fəallıqla iştirak edirlər.
Məhz bunların nəticəsidir ki, bir zamanlar yalnız kitablarda fotolarını, efirlərdə görüntüsünü gördüyümüz bəbirlər, dağ keçiləri, muflonlar, flaminqolar indi bizimlə eyni təbiətdə yaşayır. Bu gün Ordubadın, Şahbuzun, Culfanın əksər ucqar bölgələrinə üz tutduğumuzda göz baxdıqca uzanan təbiətin qoynunda bu nadir heyvanlara rast gəlirik. Bu mənzərələrin şahidi olduqca bir daha əminlik yaranır ki, yaşadığımız dünya, təbiət, bizi əhatə edən ətraf mühit son dərəcə gözəl, zəngin və rəngarəngdir. Əslində, biz bu təbiətin ayrılmaz bir parçasıyıq. Rəngarəng bitkilərdən, vəhşi heyvanlardan kiçicik böcəklərə qədər saysız-hesabsız canlılarla əhatələnmişik. Bu təbiət təkcə bizim deyil, bütün canlılarındır. Təbiət üçün hər bir orqanizm lazımdır, insanlar üçün isə bütöv təbiət. Bu, Ulu Tanrının öz ilahi qüdrəti ilə yaratdığı bütün varlıqlar arasında bir bioloji asılılıq, həm də pozulmaz müqəddəs qanundur.
P.S. Hörmətli oxucular, təbiətlə ətraf mühit bir-birini tamamlayır və insan həyatında ən vacib amillərdir. Bizi əhatə edən bu gözəllikləri qanunlara riayət etmək naminə deyil, gələcək nəsillərə gözəl bir mühit ərməğan etmək duyğusu ilə qorumalı, ona zərər verməməliyik. Unutmayaq ki, təbiət bizə miras deyil, əmanətdir. Gələcək nəsillərin sağlam su, təmiz hava, keyfiyyətli nemətlərlə qidalanmaları üçün təbiəti qorumalıyıq.
Gülcamal TAHİROVA