22 Dekabr 2024, Bazar

Muxtar respublikada aparılan meliorasiya-irriqasiya
işləri torpağa əsl sahiblik nümunəsidir

Əvvəllər Şərur və ya Sədərək istiqamətinə nə vaxt yolum düşsə, Duzdağ ərazisindən tutmuş Kəngərli rayonunun Qıvraq qəsəbəsinə qədər ərazilərdə yolboyu mənzərələr ürəyimi sıxırdı. Yazı, yaşıllığı sevən biri olaraq quru təpəciklər, cadarlaşmış qupquru düzənliklər mənə, sanki ürək ağrısı bəxş edirdi. Düşünürdüm ki, axı torpaq ruzi-bərəkət mənbəyidir. İnsan və canlılar üçün hava qədər torpaq da həyati önəm daşıyır. Qidalanmağımız və sağlam yaşamağımız üçün nə varsa, torpaq öz qoynunda yetişdirir. Amma su olmadıqdan sonra torpağın nə səxavəti?!

Qısa bir zaman sonra isə mənzərə tamam dəyişdi. Son bir neçə ildə baş verən köklü dəyişikliklər isə mənim az öncə qeyd etdiyim düşüncələrimi də alt-üst etdi. Belə qənaətə gəldim ki, Tanrı heç bir torpağı, sahibsiz etməsin. O torpağın ki sahibi, qədirbiləni var, deməli, onun sərvəti də aşıb-daşacaq, bərəkəti üzə güləcək. İndi mənim üzümə gülən sözügedən həmin ərazilər kimi. Artıq nə zaman qeyd etdiyim rayonlara yolum düşsə, həmin yerləri gözüdolusu seyr edirəm. Yol kənarlarındakı yaşıllıqları, balaca fidanların mehin avazına qoşulan rəqsini, “gələcəyə daha ümidlə bax” sədası ilə gözoxşayan taxıl zəmilərini seyr etdikcə qəlbim fərəh hissi ilə dolur. Necə deyərlər, artıq bu yerlərə könülxoşluğu ilə baxır, ürəyimdə bu gözəllikləri yaradanlara min alqış, dualar yağdırıram.

Məlumdur ki, muxtar respublika ərazisinin böyük bir qismi əkin üçün yararlı olmayan dağlıq, bəzi hallarda şoranlaşmış və quraq torpaqlardır. Buna səbəb isə quru kontinental iqlim şəraiti və suvarma imkanlarının əlverişli olmamasıdır. Ancaq müstəqillik illərindən başlayaraq həyata keçirilən aqrar islahatlar, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirləri sübut etdi ki, zəhmət çəkilən yerdə bərəkət də olar, bolluq da. Tər tökülən hər qarış torpaqdan zər əldə edərsən. Son illər ardıcıl olaraq istifadəyə verilən yeni suvarma şəbəkələri hesabına minlərlə hektar əkinəyararsız torpaqlar indi bərəkət mənbəyinə, əkinçilərin ruzi yerinə çevrilib.
Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə meliorasiya və su təsərrüfatı sahəsi böyük inkişaf yolu keçib. Ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında yeni meliorasiya və irriqasiya sistemləri yaradılıb, Araz və Arpaçay kimi iritutumlu su anbarları tikilib. Bütün bunlar isə ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə ilk aqrar islahatlara Naxçıvandan başlanmasına geniş imkanlar açıb. 1992-ci ildə Culfa rayonunun Şurud və Gal kənd­lərindəki torpaqların kəndlilərə verilməsi ölkəmizdə uğurlu aqrar islahalatların başlanğıcını qoyub. Daha sonra ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan proqram əsasında torpaq islahatlarına başlanılıb. 1993-cü ildə ulu öndərin ölkə­mizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə meliorasiya və su təsərrüfatı sistemində daha geniş islahatlar həyata keçirilib, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. Bunun nəticəsidir ki, günümüzdə muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
“Hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün, ilk növbədə, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı da müasir meliorasiya və irriqasiya sistemləri olmadan mümkün deyil”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq fərman və ­sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası nəticəsində suvarma sistemləri yenidən qurulub, torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, mövcud su resurslarından istifadə imkanları genişləndirilib və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib.
Ötən dövrdə tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Babək və Culfa rayonlarında 7 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bütövlükdə isə həmin su anbarı ilə 17 min hektara yaxın torpaq sahəsi ilboyu fasiləsiz su ilə təmin olunur. 150 milyon kubmetr gücündə olan Arpaçay su dəryaçası da əsas suvarma mənbələrindən biri kimi böyük əhəmiyyətə malikdir. Dəryaçada aparılan əsaslı təmir və yenidənqurma işləri minlərlə hektar ərazinin su təchizatına müsbət təsir göstərib. Su anbarından çəkilən Sağ sahil və Sol sahil kanalları vasitəsilə Şərur, Sədərək və Kəngərli rayonlarında 18 min hektara yaxın torpaq sahəsi suvarılır. Hazırda muxtar respublikada ümumi həcmi 303,5 milyon kubmetr olan 32 su anbarı vardır.
İritutumlu su anbarlarının mövcudluğu həm də günün tələbi olan suvarma şəbəkələrinin qurulmasına şərait yaradır ki, bu da kilometrlərlə uzaqda yerləşən quru torpaqların “susuzluğunu” aradan qaldırıb. Bu işlərin davamı kimi ötən dövrdə Uzun­oba Su Anbarından Kəngərli rayonuna 32,4 kilometr uzunluğunda boru xətti çəkilib, yeni nasos stansiyası tikilib. Nəticədə, yüzlərlə hektar torpaq sahəsini suvarmaq imkanı yaranıb. Bununla yanaşı, Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, su itkilərini aradan qaldırmaq üçün Araz çayındakı nasos stansiyasından 16,6 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilib. Sədərək rayonunda əkinəyararlı torpaqların dayanıqlı suvarma suyu ilə təmin olunması üçün tikilən yeni nasos stansiyası hesabına uzun müddət əkilməyən 1500 hektar torpaq sahəsi də yenidən əkin dövriyyəsinə qatılıb. Bu imkanlardan istifadə edərək su itkisinin qarşısını almaq, suvarmanı yaxşılaşdırmaq, torpaq sahələrini yeni əkin dövriyyəsinə daxil etmək məqsədilə yeni qapalı suvarma şəbəkələri tikilir, drenaj xətləri çəkilir. Ümumiyyətlə, son illərdə Babək, Culfa və Kəngərli rayonlarının, ümumilikdə, 4500 hektara yaxın ərazisində yeni qapalı suvarma şəbəkəsi tikilib. Ötən ilin sonunda isə Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 350 hektara yaxın pay torpaqlarını suvarmaq üçün qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Qapalı suvarma şəbəkələrinin tikintisi zamanı ərazilərin relyefi nəzərə alınıb ki, bu da suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verir.
Bu yaxınlarda isə yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə yeni bir layihəyə start verilib. Belə ki, layihə əsasında Araz Su Anbarının yaxınlığında eni 8, uzunluğu 100 metr olan körpü tikiləcək və körpünün üzərində biri ehtiyat olmaqla, 2 nasos quraşdırılacaqdır. Hər birinin gücü 1000 kilovat-saat olan nasosların su sərfi saniyədə 1500 litr olacaqdır. Nasoslar suyu uzunluğu 2 kilometr, diametri 1000 millimetr olan təzyiqli boru xətti ilə ikinci nasos stansiyasına vuracaqdır. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və suqəbul­edici hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 850 litr olan 3 nasos quraşdırılacaqdır. Nasoslardan biri ehtiyat üçün nəzərdə tutulub. Bu nasos stansiyasından su yeni çəkiləcək 3,8 kilometrlik təzyiqli boru xətti ilə həcmi 4 min kubmetr olan 6 çıxışlı paylayıcı hovuza vurulacaq və öz axını ilə torpaq sahələrinə veriləcəkdir. Yeni nasos stansiyaları istifadəyə verildikdən sonra Kəngərli rayonunda və Naxçıvan şəhərində 14 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq, 5 min hektar torpaq sahəsinin isə su təminatı yaxşılaşdırılacaqdır.
Bəhs olunduğu kimi, qapalı suvarma şəbəkələri bu gün muxtar respublikada əkin sahələrinin suvarılması üçün böyük rol oynayır. Nə üçün qapalı suvarma şəbəkələri? Çünki bu işdə “örtülü bazar dostluğu pozmur”. Eyni zamanda böyük vəsait və zəhmət hesabına başa gələn qapalı suvarma şəbəkələrinin iqtisadi səmərəsi böyükdür. Bu tip hidroqurğuların tikilməsi mövcud su ehtiyatlarından səmərəli istifadəyə şərait yaradır. Mənbədən daxil olan su kilometrlərlə uzanan borular vasitəsilə həyat verəcəyi torpaqlara itkisiz gedib çatır. Bu da suvarmanın təkmilləşdirilməsinə, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsinə, nəticədə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifah halının daha da yaxşılaşmasına səbəb olur.
Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, muxtar respublikada həyata keçirilən bu cür tədbirlər hidro­resurslar vasitəsilə əhalinin keyfiyyətli suya olan tələbatının ödənilməsinə də öz mühüm töhfəsini verib. Bu xüsusda diyarımızda istifadəyə verilən su anbarları və su­təmizləyici qurğular böyük əhəmiyyət kəsb edir. 2013-cü ildə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Culfa və Şahbuz rayonlarında analoji qurğuların istifadəyə verilməsi bu sahədə atılan əhəmiyyətli addımlardır.
Bu sırada muxtar respublikamızda həm də tarixi abidə hesab olunan kəhrizləri mütləq qeyd etməliyik. Naxçıvanın kəhrizlərlə bağlı ənənələri beynəlxalq qurumlar tərəfindən də nümunə kimi göstərilir. Hazırda diyarımızda 385 kəhriz var. Həmin kəhrizlərin 80 faizi işlək vəziyyətdədir. Təkcə ötən il Ordubad, Şahbuz və Kəngərli rayonlarında 10-dan çox kəhriz təmir olunub. Sadaladığımız bu ardıcıl və məqsədyönlü tədbirlər sayəsində torpaqların suvarma şəraiti yaxşılaşdıqca diyarımızın yaşıl örtüyü də getdikcə genişlənir. Müqayisə üçün qeyd edək ki, 1995-ci ilə qədər diyarımızda yaşıllıqların sahəsi 0,6 faiz təşkil edirdisə, günümüzdə bu göstərici 20 faizi ötüb. Torpaqların əkinəyararlı hala salınması, yaşıllıqların artırılması isə təkcə ekoloji baxımdan deyil, həm də ərzaq təhlükəsizliyinin etibarlı təminatına mühüm töhfə verir. Əkin sahələrinin genişləndirilməsi muxtar respublikada 70 faizlik göstəriciyə malik olan kənd əhalisinin məşğulluğuna şərait yaratmaqla yerli istehsal məhsullarının payının da hər ötən il artmasına şərait yaradır.
Bir sözlə, torpağa münasibət heç də boş yerə dəyişməyib. Əvvəla, kəndli şoranlaşmış, duzdan “bənizi ağarmış” torpaqda necə əkin apara bilərdi? Su da ki bir gün olurdu, bir ay yox. Min bir əziyyətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından əkinçinin, torpaq sahibinin gözü qarşısında məhv olurdu. Təbii ki, zəhmətin, çətinliklərin müqabilində əkinçiyə qalan gəlir əlinin qabarı olurdu. Lakin aqrar sahəyə göstərilən diqqət və qayğı, yüksək vəsait hesabına reallaşdırılan meliorasiya və irriqasiya layihələri çox keçmədi ki, bu sahədə əməlli-başlı canlanma yaratdı. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, onların yüksəkkeyfiyyətli toxumla, gübrə və texnika ilə təmin olunması, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən qurulması kəndlini əsl iş yerinə – torpağa qaytardı. Əvvəlki illərin ağrı-acı dolu çətinliklərini göz önünə gətirən torpaq mülkiyyətçiləri indi daha həvəslə çalışır, geniş ailə təsərrüfatları yaradırlar.
Ata-babalarımız nahaq yerə “su həyatdır”, – deməyiblər. Harada su varsa, orada gözəllik, sağlamlıq, təmizlik, bolluq-bərəkət vardır. Doğrudan da, vaxtilə sürünənlərə yuva olan, cadar-cadar torpaqların bugünkü yaşıl simasını görəndə insanın könlü açılır. İşləmək, əzmkarlıq ruhu yüksəlir. Buna görə də son illər muxtar respublikada əkinçiliyə marağın artması bir çox amillərlə bağlı olsa da, bunun daha çox suvarma sistemlərinin qurulması ilə əlaqədar olduğunu düşünürəm. İndi yüzlərlə kilometr məsafədə uzanan bu düzənliklər qoynunda taxıl zəmiləri, geniş kartof sahələri, tütün və üzüm plantasiyaları, bostan və meyvə bağları göz oxşayır. Bu sahələrin hər biri vaxtlı-vaxtında suvarılır, bol məhsul hasil edilir.
Naxçıvan şəhərindən çıxıb Kəngərli, Şərur, Sədərək yollarından hansısa biri istiqamətinə yolunuz düşərsə, ayaq saxlayıb yolun kənarlarında salınan ağacların növrağına nəzər salın. Bir düşünün, yolboyu kilometrlərlə uzanan ağacların hər biri qapalı suvarma sistemlərindən körpə övlad kimi damla-damla bəslənərək boy atıb ərsəyə gəlməyibmi? Ən balaca fidanın belə, dibinə həyat mənbəyi – su damlayır. Bu yaşıllıqlar da göstərilən qayğıdan “ilhamlanaraq” bol məhsul verir, dükan-bazarları, süfrələri keyfiyyətli nemətlərlə təmin edir, əsgərlərimizə göndərilən sovqata çevrilir.

P.S. Etiraf etməliyik ki, bu gün sosial, iqtisadi və ekoloji sahədə təsirləri getdikcə daha çox hiss olunan qlobal su problemi ilə üz-üzə olan planetin sakinləriyik. Bu günə qədər sudan planlaşdırılmamış və izafi şəkildə istifadə dünyanın bir çox şirin su ekosistemlərinə ziyan vurub. Bütün bunlar isə içməli və suvarma suyu üzrə balansı pozmağa başlayıb. Əhali artımı ilə çoxalan qida və enerji tələbatı, iqlim dəyişik­liyinin hidrosistemlərə təsirini də bunun üzərinə gəldikdə gələcəkdə daha çox risklərlə qarşılaşacağımız qaçılmazdır. Buna görə su ehtiyatlarının yaxşı idarə olunması və davamlılığı bu əsrin ən vacib məsələlərindən biridir. Bu mənada, muxtar respublikada meliorasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində reallaşdırılan layihələr yüz illər sonraya hesablanmış sosial-iqtisadi tədbirlərdir.

-Gülcamal Tahirova
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR