22 Dekabr 2024, Bazar

Onun haqqında kültəpəli rəfiqəmdən eşitmişdim. Həmin kənddə yaşayan bir xanımın metal kəsim ustası olaraq çalışması, sözün düzü, məni çox təəccübləndirmişdi. Əslində, heç vaxt şahidi olmadığıma görə inanmamışdım bir xanımın bu ağır və yorucu peşə ilə məşğul olduğuna. Elə bu maraqla da həmin xanımı – Mehparə Məmmədovanı tanımaq üçün üz tutdum onun çalışdığı “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə.

Bizi xoş rəftarla qarşılayan kompleksin təmsilçisinə “Şərq qapısı” qəzetindən müsahibə üçün gəldiyimi, o an xanımın adını unutduğumdan – burada bir xanım çalışır, metal kəsim ustası, həmin xanımla söhbət etmək istədiyimi bildirdim. Öyrəndim ki, burada 200-ə yaxın işçinin içində bir yox, sən demə, iki xanım usta çalışır. Səliqəli bir otaqda səbirsizliklə həmin xanımların yolunu gözləyirəm. Budur bir az keçmiş zərif qəhrəmanlar çöhrələrində təbəssüm otağa daxil olurlar. İlk görüşdə xoş təəssürat bağışlayan bu iki xanımla söhbətimizin çox maraqlı alınacağına əmin oldum.
Çətin peşələrdən olan dəmirçilik işini bəzi kişi ustalardan daha yaxşı görməyi bacaran, artıq peşəkara çevrilən Mehparə xanımın həyat yoluna nəzər saldıq öncə. 16 ildir ki, kişilərlə çiyin-çiyinə çalışan Mehparə Məmmədova 1968-ci ildə Babək rayonunda anadan olub. O, orta məktəbi bitirdikdən sonra ailə həyatı qurub. Taleyin acı hökmü 10 günlük körpəsiylə birlikdə ailəsini başsız, övladını isə atasız qoyub. Valideynləri də erkən yaşlarından vəfat edən Mehparə xanım övladını böyütmək üçün müxtəlif işlərdə çalışsa da, aldığı məvacib ehtiyaclarını ödəməyib, maddi cəhətdən çətinliklərlə üzləşib. Beləliklə, üz tutub “Gəmiqaya Sənaye Kompleksi” MMC-yə. O, 2005-ci ildən burada metal kəsimi ilə məşğuldur. Deyir ki, övladım kişilərə məxsus işdə çalışdığımı eşidəndə kövrəlmişdi. Orada işləməyimi istəmirdi. Bu peşənin qadın üçün heç də çətin olmadığını söyləsəm də, inanmırdı. Bir gün onu da iş yerimə gətirdim. Ondan sonra oğlum, necə deyərlər, sevinirdi ki, anası öz işinin öhdəsindən bacarıqla gəlir, yoldaşları arasında hörmət sahibidir.

Mehparə xanım onu da vurğulayır ki, ilk dəfə burada çalışmağa başlayanda çox çətinlik çəkirmiş:– Təbii ki, əvvəllər hər şey bu qədər asan və rahat deyildi. İndi müəssisə yeni avadanlıqlarla təchiz olunub, bütün iş prosesi onların köməyi ilə icra edildiyindən gördüyümüz kimi, çox güc tətbiq etməyə ehtiyac qalmır. Sağ olsun, yoldaşlarım, əvvəl bir gündən heç bir çətinlik çəkməyə imkan verməyiblər. Hər zaman köməkliklərini göstəriblər. Mehparə Məmmədova burada çalışdığı ilk illərdə ona həyan olan yoldaşlarına minnətdarlığını bildirərək deyir ki, mənə bütün texniki təhlükəsizlik qaydalarını onlar öyrətdilər. Burada qazandıqlarıma görə onlara borcluyam. Mənimlə yanaşı, burada çalışan digər zərif cinsin nümayəndəsi Sabirə xalaya da dayaq olublar. O məndən də əvvəl başlayıb bu işə.
Üzünə qonan xoş təbəssümlə gözlərindəki yorğunluğu gizlədə bilməyən Mehparə xanım söhbətinə belə davam edir: – Qızım, yəqin ki, sən də bu işin kişi sənəti olduğunu düşünürsən. Düzdür, dəmirçiliklə tarixən kişilər məşğul olublar. Təkcə dəmirçilik deyil, müxtəlif peşələr var ki, onun qadın işi olmadığını deyirlər. Lakin bu gün hərbi sahədə, polis sistemində, gömrük işində, nəqliyyat sektorunda nə qədər qadının çalışdığını, özü də nümunəvi fəaliyyət göstərdiklərini görürük. Hər bir insan, istər qadın, istər kişi olsun, qulpundan yapışdığı işin öhdəsindən gəlmək üçün qəlbən o işə bağlansa, nə çətinlik qalar, nə də mümkünsüzlük.
Mehparə xanım bu anda bir qədər dayanır, nəyisə xatırlayaraq sözünə davam edir:
– Bilirsiniz ki, muxtar respublikamıza ölkə­mizin digər bölgələrindən, həmçinin xarici ölkələrdən çoxlu qonaqlar gəlir, Naxçıvanın gəzməli-görməli yerləri ilə yanaşı, diyarımızda fəaliyyət göstərən emal və istehsal müəssisələrində də olurlar. Sanki sözləşiblərmiş kimi, onların çoxunun bizim sexə girərkən təəccübləndiyini görürəm. Elə bil sual üzlərindən oxunur: Heç qadın da dəmirçilik edərmi? Düzdür, biz dəmirçilərin keçmişdə düzəltdikləri təsərrüfat alətlərini hazırlamırıq. Ancaq lazım gəlsə, bu işin də öhdəsindən gələ bilərik.
Dəmirçi xanım gülümsəyərək buraya ilk dəfə gələn türkiyəli qonaqlardan birinin ona yaxınlaşdığını, hazırladığı məhsullara təəccüblə baxdığını xatırlayaraq deyir ki, işimi çox bəyəndi, heyrətini gizlətməyib “əhsən!” dedi.
Bu zaman söhbətə Sabirə İsmayılova da qoşulur. Öyrənirik ki, 1957-ci ildə Naxçıvan şəhərində anadan olan Sabirə xanım elə kiçik yaşlarından kişilərin məşğul olduğu peşələrə maraq göstərib. 1974-cü ildən Naxçıvan Elektrotexnika Zavodunda çalışıb. Sonra taleyini bu sənətə bağlayıb. “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində usta kimi çalışan Sabirə xanım deyir ki, əvvəllər məni çox qınayırdılar. “Özünə iş tap, bu, qadın işi deyil”, – deyən tanışlar, qohumlar indi mənimlə qürur duyurlar. Çünki, necə deyərlər, aslanın erkəyi, dişisi olmaz. Vicdanla, sevgiylə, hünərlə görülən hər iş gözəldir.
O, söhbət etdikcə düşünürəm ki, artıq ələbaxımlılıq dövrü arxada qalıb. Kim çalışır, ailəsini dolandırır, mənsub olduğu dövlətə, yaşadığı cəmiyyətə xeyir verirsə, hörmət-izzət sahibi olur. Çəkdiyi zəhmət də bəhrəsiz qalmır. Başlıcası isə hər bir zəhmət adamı öz dəyərini dərk edir.
Peşəmlə əlaqədar muxtar respublikada fəaliyyət göstərən bir çox emal və istehsal müəssisələrində olmuşam. Öz zəhmətsevərliyi ilə çalışdıqları kollektivin böyük hörmətini qazanan xanımlarla görüşmüşəm. Onların hamısı əmək cəbhəsində qazandıqları uğurları, yaradılan şəraitlə əlaqələndiriblər. Elə bu gün həmsöhbət olduğum qadınlar kimi...
Ancaq onu da deməliyəm ki, bu qadınların zəhməti məni daha çox cəlb etdi. Ona görə də həmin qadınlarla birgə çalışan Zəfər Məmmədov və Asəf Quliyevlə də söhbət etdim. Hər ikisi qadınların öz peşələrinə ürəkdən bağlandıqlarını, işə məsuliyyətlə yanaşdıqlarını dedilər. Birgə çalışdıqları müddət ərzində öhdələrinə götürdükləri işləri can-başla, səliqə və keyfiyyətlə yerinə yetirmələrindən ağızdolusu danışdılar. Bir daha günümüzün dəmir iradəli dəmirçi qadınlarının hünərinə “əhsən” dedik.
Söhbətimizin sonunda qadınların əməyilə hasilə gələn dəmir tikinti materialları ilə tanış olmaq istədim. Məmnuniyyətlə razılıq verdilər. Dəmir kəsimi sexində dəmirdən hazırlanmış tikinti materialları səliqə ilə bir tərəfə yığılmışdı. Həmsöhbətlərim bildirdilər ki, uzun illər öncə Naxçıvanda belə tikinti materialları hazırlanmırdı. Bu gün onlara böyük tələbat var. Biz də çalışırıq ki, bu tələbatın məhz yerli, özü də keyfiyyətli məhsullar hesabına ödənilməsinə, az da olsa, köməyimiz dəysin.
Sexdən ayrılarkən zərif cinsin nümayəndələrinin kişi sənətində çalışdıqlarının heç də təəccüblü olmadığı qənaətinə gəldim. Niyə? Xalqımızın qəhrəmanlıq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanını xatırlayırsınız? Burla xatınlarımız, Banu Çiçəklərimiz kişilərlə birlikdə qurşaq tutub, döyüşlərə atılıb, at yarışlarına qatılmırdılarmı? Bu gün bütün sahələrdə olduğu kimi, istehsalatda da öz zəhmətsevərliyi, fədakarlığı, iradəsi ilə hünər göstərib ad-san qazanan müasir Azərbaycan qadını da onların xələfləri deyilmi?

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR