Müasir turizmin inkişafı turistlərin məzmunlu səyahəti üçün müəyyən istiqamətlərdə təşkil olunmuş turizm və ekskursiya marşrutlarının imkanları ilə sıx bağlıdır. Təcrübə göstərir ki, bu iş turizmin təşkilinin ən əsas, yekun mərhələsidir. Belə ki, əgər turizm üçün yol, mehmanxana və digər vacib infrastruktur məsələləri həll olunubsa, bundan sonra regionda kütləvi turizm üçün məhz cəlbedici turizm marşrutları yaradılması gündəmdə durur. Bu həlledici mərhələdə isə bizim kifayət qədər resursumuz vardır. Bu baxımdan turizm marşrutları üzərində işləyərkən Naxçıvanın nə qədər dəyərli sərvətləri olduğunu görürük. Ona görə də turizm ehtiyatlarımızın daha dərindən öyrənilməsi və onların əsasında xidmətlər zərfi yaradılması günün tələbidir.
Naxçıvanda bütün ilboyu həm yerli, həm də əcnəbi turistlərin marağını cəlb edəcək xeyli sayda turizm marşrutları vardır. Bu gün muxtar respublikamızda mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları nəzərdə tutulmuşdur. Ancaq bu marşrutların sayının daha da artırılması və bu istiqamətlərdə satışa çıxarılan yollayışların turistlərə təqdim olunması da mümkündür. Muxtar respublikamızın dünya turizm mərkəzləri arasında tanınması üçün daha çox və rəngarəng xidmətlər təşkil olunduqca diyarımız dünyanın hər yerindən gələ biləcək tələbkar, eyni zamanda səxavətli turistlər üçün cazibədar olacaqdır.
İl ərzində Naxçıvana səyahət edən çox sayda yerli və əcnəbi turist vardır. İndi muxtar respublika özünün turizm cazibədarlığı və imici baxımından bir çox region ölkələrini geridə qoymuşdur. Naxçıvan Beynəlxalq Hava Limanı vasitəsilə Bakı, İstanbul, Moskva və Gəncə şəhərlərindən, habelə qonşu ölkələrlə 24 saat iş rejimində olan gömrük-keçid məntəqələri ilə dünyanın hər yerindən bu diyara turistlər gələ bilirlər. Naxçıvanda yaradılmış sabitlik və təhlükəsiz həyat şəraiti turistlərin burda özünü rahat hiss etməsinə imkan verir. Naxçıvana gələn turistlər, əsasən, müalicə və ziyarət, əyləncə və gəzinti, işgüzar görüşlər və tanışlıq məqsədilə buraya səyahət edirlər. Gələn turistlərin ölkə və sosial mənşəyi isə dövlət başçılarından tutmuş sadə vətəndaşlara qədər genişdir.
Turistlərin tələbatları yerli əhalidən tamamilə fərqlidir. Bir çox hallarda turizm marşrutları boyu bizə adi görünən mənzərələr turistlərdə dərin təəssürat doğura biləcək qeyri-adi bir cazibə gücünə malikdirlər. Belə ehtiyatlar isə Naxçıvanda yüzlərlə deyil, minlərlədir. Bu ehtiyatlara və göstərilən servislərdən istifadəyə əsaslanan tələbatların əvvəlcədən qiymətləndirilməsi isə turizm xidməti fəaliyyəti ilə məşğul olan sahibkarların hazırladıqları biznes planların əsas məzmununu təşkil edir. Burada hər kiçik detalın xüsusi əhəmiyyəti vardır. Misal üçün, turizm marşrutu planlayarkən Əshabi-Kəhfə gəlmiş ziyarətçilərə peşəkar foto servisi, yaxud Ordubada və ya Qarabağlara səyahət edəcək turistlərə lüks mikroavtobus kirayəsinin təşkili kimi xırda, lakin vacib məsələlər nəzərdən qaçmamalıdır.
Turizm marşrutlarımız çox zəngindir. Təkcə Əlincə-Ləkətağ istiqamətində hərəkət edən turistlərə günlərlə istənilən qədər maraq obyekti təqdim olunması mümkündür. Xüsusən ilin belə gözəl yaz günlərində bir çoxumuz həftə sonları bu ərazilərə qısamüddətli səfərlər edirik. Ancaq bu bir iş, yəni Naxçıvandakı mehmanxanaların birində yerləşmiş turistlərə təklif olunan təqdimat olduqda gözlə görünən təbii və insan əli gözəlliklərindən danışmaqla bitməz. Yerli sakin kimi bizim gözümüzə adi gələ bilər. Amma dəfələrlə olub ki, buraya ilk dəfə deyil, hətta ikinci və üçüncü dəfə gələn əcnəbi qonaqların nə qədər heyrətləndiyinin şahidi olmuşuq. Doğrudan da, axı burada Nuh Peyğəmbərdən, Dədə Qorquddan tutmuş naxçıvanlıların yeni dövrdəki fədakarlığına qədər bütöv bir tarix yaşayır. Haçadağın kiçik qardaşı, möhtəşəm Əlincəqalanın keçmişi və bu günü onun sorağına gəlmiş insanlar üçün heyrətamiz təəssürat mənbəyidir. Həm də ilin istənilən fəslində. Zaman isə dayanmır. Qədim Azərbaycan torpağının əbədi sakinləri burada daim inkişaf edən, yeniləşən bir həyat qurublar. Odur ki, bu marşrut boyu sıx yerləşmiş Naxçıvan kəndlərinin sosial şəraiti, insanların yaşayış vəziyyəti, dəbdəbəli ev və villalar, onların necə hasilə gəldiyi də ayrıca bir təqdimat obyektidir.
Naxçıvan-Əlincə marşrutunun tarixi tanışlıq gücü qədər Naxçıvan-Batabat marşrutunun təbii gözəllikdən qaynaqlanan ecazkarlığı vardır. Naxçıvan şəhərindən başlayaraq ilk karvansara kimi tanınan tarixi Fərhad evinə qədər nələr yoxdur bu marşrut üzərində? Təbiət həvəskarları üçün burada hər daşın, hər qayanın öz hekayəsi çox maraqlıdır. Məsələn, Heydər Əliyev Su Anbarına çatdıqda uzaqdan diqqəti cəlb edən Salvartı dağının və ya Şahbuz qalasının təqdimatı başlayır. Hələ Şahbuz şəhərinə çatmamış əzəmətli Bayraq Meydanı bu gözəl məkan haqqında təəssüratları birə-beş artırır. Batabat marşrutu üzrə gedən turistlər Şahbuz şəhərinin abadlığı ilə də yaxından tanış olacaqlar. Qoy turistlərimiz Batabat dağlarına qalxdıqca şahbuzluların bu torpaqda yaşadıqlarına görə necə xoşbəxt olduqlarını öz gözləri ilə görsünlər.
Turizm marşrutlarımız geniş mövzudur. Naxçıvanın tarixinin bitməz-tükənməz sirləri kimi turizm marşrutlarımızın perspektiv imkanları da genişdir. Bunlar həm araşdırma mövzusu, həm də yeni iqtisadi layihədirlər. Əminik ki, hazırda güclü tələbatı olan marşrutlarla yanaşı, gələcəkdə Naxçıvan-Nehrəm, Naxçıvan-Qanlıgöl, Naxçıvan-Oğlanqala, Naxçıvan-Nəhəcir istiqamətləri də turistlər tərəfindən sevilən real marşrutlara çevriləcək. Bunun üçün muxtar respublikamızın turizm marşrutlarından istifadə ilə bağlı hər bir ziyalı vətəndaşın, hər bir naxçıvanlının fəallığı tələb olunur. Bilirik ki, turizmin faydaları çoxdur. Odur ki, bundan bəhrələnmək üçün doğma Naxçıvanımızın hər qarışının turizm ehtiyatı kimi dəyərləndirilməsi, yaradılan şəraitdən maksimum istifadə tələb olunur.
Hörmətli oxucular! İl ərzində sizə təqdim edəcəyimiz “Turizm marşrutları” rubrikalı yazılarda Naxçıvanın turizm marşrutları barədə ayrı-ayrılıqda məlumat verəcəyik. İnanırıq ki, bu turizm marşrutları üzərindəki xidmət obyektləri, tarix və mədəniyyət abidələri, təbiət gözəllikləri, həmin turzim marşrutunun keçdiyi ərazilərdə dolaşan əfsanələr, rəvayətlər barədə məlumatlar oxucularımız üçün maraqlı olacaqdır.
Əli Cabbarov
Əli Xudiyev