22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Bist və Tivi kəndlərində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Bist Kənd Mərkəzində keçirilən tədbirdə Xurs, Ələhi, Nürgüt, Bist, Tivi Kənd Mərkəzindəki tədbirdə isə Tivi və Nəsirvaz kəndlərinin sakinləri iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Ordubad rayonunun Bist və Tivi kəndlərinin turizm potensialı” mövzusunda çıxışında tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Bist və Tivi kəndlərində bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait vardır. Qeyd olunub ki, işin düzgün qurulması qədim diyarımızın, adət-ənənələrimizin, milli dəyərlərimizin təbliğ olunmasında əhəmiyyətli rol oynaya bilər. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir. Turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşması” mövzusunda çıxış edərək kənd turizmində evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, turizmlə bağlı ölkəmizdə yaradılmış qanunvericilik bazası haqqında məlumat verib.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR