Yeraltı və yerüstü sərvətləri, zəngin faydalı qazıntıları, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur, Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar, tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir.
Muxtar respublikanın əlverişli coğrafi-siyasi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiəti, zəngin və çeşidli heyvanat aləmi, tarixi-mədəni irsi, özünəməxsus və zəngin mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, turizm sahəsinə nəinki dövlət təşkilatlarının, həmçinin özəl firmaların, xarici investor və sahibkarların cəlb edilməsinə imkan verən yeni sosial-iqtisadi şəraiti, birmənalı olaraq muxtar respublikanın hər yerində – hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infrastrukturun yaradılması və rəhbərliyin bu sahənin inkişafına xüsusi diqqəti Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası əlverişli siyasi-coğrafi mövqeyə malikdir. Belə ki, Türkiyə Respublikası və İran İslam Respublikası kimi turizm potensialı böyük olan ölkələrlə həmsərhəd olması, Böyük İpək Yolunun üzərində yerləşməsi turizmin muxtar respublikada inkişafına şərait yaradan əsas amillərdəndir. Burada turizmin tarixi-mədəni, ekoloji və kənd yaşıl turizm, ziyarət, müalicə, etnik, dağçılıq və digər növlərinin inkişaf etdirilməsinə şərait vardır.
Muxtar respublikanın ərazisinin əsas hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrindən və Arazboyu uzanan maili düzənliklərdən ibarətdir. Ərazinin 75 faizi 1000 metrlik yüksəklikdən mütləq yuxarıda yerləşir. Bu diyar özünün füsunkar təbiəti, rəngarəng bitki və heyvanlar aləmi ilə seçilir. İlk baxışda muxtar respublikanın ərazisi nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir. Burada Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Dünyada olan 11 iqlim qurşağından yeddisinə Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Muxtar respublika ərazisində 3 mindən yuxarı bitki növü, 350-dən çox heyvan növü vardır. Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növünün yarıdan çoxu – 247-si muxtar respublika ərazisində məskunlaşmışdır. Bəzi bitki və heyvan növləri muxtar respublika üçün endemikdir. Muxtar respublikanın kəndlərinin çox hissəsi dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Bu baxımdan da Naxçıvanda ekoloji və onun bir qolu olan kənd yaşıl, dağçılıq turizmi inkişaf etdirilir.
Geniş ərazi, münbit torpaq, saf su, təmiz hava, bol Günəş – bunlar zəngin təbiət sərvətləridir. Muxtar respublikada Günəş radiasiyası il üzrə Azərbaycanda ən yüksək olub – 144-156 kkal/sm2-dir. Naxçıvan Muxtar Respublikasının təbii bitki ehtiyatlarının böyük hissəsi – 700-ə yaxın növü dərman bitkiləridir. Azərbaycanın mineral su ehtiyatının 60 faizi muxtar respublikanın payına düşür. Burada 250-yə yaxın mineral su mənbəyi qeydə alınmışdır. Bu mineral suların bir hissəsi müalicə məqsədilə istifadə edilir (Badamlı, Sirab, Darıdağ, Böyrək suyu və sair). Eyni vaxtda 350 xəstəni qəbul etmək imkanına malik Duzdağ Fizioterapiya Mərkəzi və Culfa rayonundakı Darıdağ Arsenli Su Müalicəxanası bir çox ölkələrdən gələn yüzlərlə turistin üz tutduğu əsas müalicə mərkəzlərindəndir. Bir sözlə, müalicə turizminin inkişafı üçün potensial böyükdür.
Hər hansı bir ölkənin turizm potensialından danışdıqda oranın tarixi-mədəni irsi ön plana çəkilir. Naxçıvanın tarixinin min illərlə ölçülməsi, burada dünya memarlığının incisi sayılan tarixi memarlıq abidələrinin olması, zəngin mədəni irsi bu diyarı xarici turistlər üçün əhəmiyyətli edir. Möminə xatın, Yusif Küseyiroğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidə Kompleksi, adı Nuh Peyğəmbərin gəmisi ilə bağlanan Gəmiqaya daşüstü yazıları, əfsanəvi İlanlı dağ, abidələrlə zəngin olan qoruq-şəhər Ordubad, haqqında müqəddəs “Qurani-Kərim”də bəhs edilən Əshabi-Kəhf ziyarətgahı, 5000 ildən çox yaşı olan Naxçıvan şəhəri, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, günümüzə qədər qorunub saxlanılmış xalq sənəti nümunələri turistlərin diqqətini daha çox cəlb edir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını da əlavə etsək, tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanların olduğunun şahidi olarıq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən qeydə alınmış 1202 daşınmaz tarix-mədəniyyət abidəsinin 57-si dünya əhəmiyyətli, 500-ə yaxını ölkə əhəmiyyətlidir. Möminə xatın türbəsi, Xan sarayı, Zaviyə-mədrəsə binası, Naxçıvan Came məscidi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Şərq hamamı, Naxçıvan şəhərindəki və Şərur rayonundakı imamzadələr, Ordubad şəhərindəki Qeysəriyyə (Zorxana), qədim hamam, yeraltı məbəd, Culfa rayonu ərazisindəki Əshabi-Kəhf ziyarətgahı, Xanəgah Abidə Kompleksi, “Əlincəqala” tarixi abidəsi bərpa olunub. Hazırda Gülüstan türbəsinin bərpası davam etdirilir.
Tarixi-mədəni turizmin inkişafında turizm nümayişi obyektlərinin özünəməxsus yeri var. Bu baxımdan Naxçıvan Muxtar Respublikasını “muzeylər diyarı” da adlandırmaq olar. Muxtar respublikada 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, onların 16-sı 1995-ci ildən sonra yaradılmışdır. 1 təbiət qoruğu, 1 milli park, 3 təbiət yasaqlığı, 1 ziyarətgah kompleksi, 3 teatr, 2 filarmoniya, banklar, ticarət mərkəzləri və sair turizmin inkişafında mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikada 21 mehmanxana var. Təbriz və Duzdağ mehmanxanaları 5 ulduz kateqoriyasındadır. 3 hüquqi və 4 fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olur.
2001 2007 2008 2015
Mehmanxana 5 22 22 21
Nömrə fondu 187 516 654 623
Yer sayı 317 1145 1438 1448
Qonaq qalıb 4576 18638 20226 60275
Ondan xaricilər 2391 11926 13230 42634
2006 2007 2010 2014 2015
–Muxtar respublikaya gələn turistlər:
93930 140895 288000 378102 390000
Muxtar respublika rəhbərinin apardığı sosial-iqtisadi siyasət sayəsində Naxçıvanın hər yerində əlverişli infrastruktur yaradılmışdır. Ucqar dağ kəndlərinə, təbiətin əlçatmaz guşələrinə rahat yollar çəkilmişdir. Tarixi abidələr bərpa edilir, ətrafı abadlaşdırılır, qorunub saxlanılır. Kiçik və orta sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. Bütün bunlar da turizm potensialından istifadəyə təkan verən mühüm amillərdir.
Naxçıvan Muxtar Respublikasında turistlərin komfortlu istirahəti üçün müasir mehmanxana, yol-nəqliyyat, restoran şəbəkəsi mövcuddur. Həmçinin fasiləsiz elektrik enerjisi, sürətli internet, müasir tələblərə cavab verən telefon rabitəsi turizm infrastrukturunun vacib elementləridir. Muxtar respublika ərazisindəki birdəfəlik tutumu 1400 nəfərdən çox olan 20-dən artıq mehmanxanada gələn turistlərin rahat gecələməsi, burada işgüzar görüşlərin keçirilməsi üçün müasir şərait yaradılmışdır. Hazırda Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm marşrutları fəaliyyət göstərir. Muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanmış, reklam çarxları və filmlər çəkilmişdir. Turizmin inkişafı həm də bu sahədə peşəkar kadrların olmasından çox asılıdır. Muxtar respublikada bu sahənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Haliyədə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisası üzrə kadrlar hazırlanır.
Xeberoxu.com informasiya saytı