Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələri ilə görüş keçirib.
Naxçıvan Dövlət Universitetində keçirilən görüşü ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov açıb.
Mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin Turizm və otelçilik ixtisasları nazirliyin hamiliyinə verilib, bu ixtisaslarda təhsil alan tələbələrin hazırlıq səviyyələrinin artırılması məqsədilə seminarlar, elmi-nəzəri konfranslar, ekskursiyalar təşkil edilib.
Nazir muxtar respublikada turizmin inkişafından da danışıb. Bildirilib ki, bu gün ölkədə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Təbiətimizin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi və bərpa olunması, müasir otellərin, istirahət mərkəzlərinin tikilməsi, həm yay, həm də qış turizmi üçün yüksək şəraitin yaradılması muxtar respublikada bu sahənin inkişafının göstəriciləridir.
Muxtar respublikada turizmin digər növləri ilə yanaşı, müalicə turizminin də inkişafından söz açan Natəvan Qədimova Azərbaycanın mineral su ehtiyatlarının 60 faizinin məhz bu bölgənin payına düşdüyünü vurğulayıb.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı görülən işlər barədə məlumat verib.
Rektor ali məktəbin Turizm-informasiya mərkəzinin fəaliyyətindən danışaraq bildirib ki, mərkəzin yaradılmasında məqsəd müxtəlif tur paketlərinin hazırlanmasından, görülmüş işlərin nəticələrinin, videoçarxların sosial şəbəkədə yerləşdirilməsindən, həmçinin xüsusi kursların təşkilindən ibarətdir.
Sonda Naxçıvanın turizm potensialı haqqında film nümayiş olunub.
Xəbərlər şöbəsi