Qədim diyarımız turizm mərkəzidir
Turizm haqqında danışarkən onun cazibədarlığı və iqtisadi inkişafdakı rolundan bəhs edir, bu sahənin daha da inkişaf etdirilməsi üçün yollar axtarırıq. Azərbaycan torpağının bütün gözəlliklərinin dünyaya tanıdılması baxımından Naxçıvanın zəngin turizm imkanlarını da unutmamalıyıq. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri burada turizmin inkişafı üçün əlverişli şərait yaradır.
Qədim dövrlərin yadigarı olan abidələr – Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan türbələri, qədim insanların ilk məskunlaşdığı yaşayış yerləri – Gəmiqaya, Kilit mağarası, Naxçıvanın əzəmət, məğlubedilməzlik simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, misilsiz təbiət abidələri olan Göy-göl, Babək qalası, Əshabi-Kəhf kimi yüzlərlə tarixi-mədəni abidələr, eləcə də əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan çinarlar, narbənd və tut ağacları Naxçıvan diyarının analoqu olmayan turizm potensiallarındandır.
Həmçinin ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanların olduğunu açıq şəkildə ortaya qoyur. Naxçıvanın turizm imkanları ilə digər rayon və şəhərlərimizi müqayisə etmək belə, mümkün deyil. Çünki qədim Naxçıvan özünün mövcud imkanları ilə digər turizm bölgələrimizi bir çox sahələrdə qabaqlayır.
Lakin çox təəssüflər olsun ki, keçmiş SSRİ dövründə Türkiyə və İranla həmsərhəd olan və strateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına imkan verilməyib. Bu səbəbdən dünyada çox mühüm əhəmiyyət kəsb edən sahələrdən biri kimi turizmin inkişafı muxtar respublikada yeni-yeni formalaşmaqdadır.
Ulu öndərimiz Heydər Əliyevin qədim Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı arzuları bu gün reallaşmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvana diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yorulmadan ortaya qoyduğu əmək sayəsində bu gün təkcə Naxçıvan şəhəri deyil, bütövlükdə muxtar respublikanın hər bir bölgəsi tamamilə dəyişib.
Son illər Naxçıvan Muxtar Respublikasında bu sahədə fəaliyyət genişləndirilmiş, mövcud turizm potensialının inkişafına nail olunmuşdur. Naxçıvan şəhəri və rayon mərkəzləri ilə yanaşı, bölgənin ən ucqar kəndlərinə belə, rahat yollar çəkilib, avtobuslar, taksi və qatarlar vasitəsilə bütün rayonlara və kəndlərə gediş-gəliş asanlaşıb. Hər gün Naxçıvan şəhərindən və Şərur rayonundan sərnişin avtobusları İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə və əks istiqamətə yola düşür. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında Bakı, Gəncə, Moskva və İstanbul reysləri üzrə uçuşlar həyata keçirilir. Bir sözlə, muxtar respublikanın rayonlarının, şəhər, qəsəbə və kəndlərinin inkişafı istiqamətində görülən işlər, nəqliyyat infrastrukturunun genişləndirilməsi, yaradılan müasir turizm obyektləri imkan verir ki, dünyanın müxtəlif ölkələrindən bu diyara üz tutan turistlərə yüksək xidmət göstərilsin.
Builki turizm mövsümünün başlanğıcı ərəfəsində muxtar respublikada turizmin inkişaf etdirilməsi üzrə verilmiş tapşırıqların icra olunması və artıq mart ayının ortalarından etibarən Naxçıvana axışıb gələn əcnəbi turistlərin sayındakı artım turizm mövsümünün yaxşı başladığına və qarşıdakı dövrdə daha böyük nəticələrin əldə ediləcəyinə işarədir desək, yanılmarıq.
Turistlərdə Naxçıvanın möhtəşəm tarixi abidələr və müasir tikililərlə süslənmiş gözəl şəhərləri, bu yurdun insanlarının qonaqpərvərliyi haqqında təəssüratlar aşılamaq istəyiriksə, vəzifəsindən asılı olmayaraq, hər kəs əlini daşın altına qoymalıdır. Çünki Naxçıvanımıza əcnəbi turistlərin cəlbi təkcə iqtisadi gəlir əldə etmək deyil, həm də bu qədim Azərbaycan torpağının tarixinin, zəngin mədəniyyətinin və özünəməxsus adət-ənənələrinin tanıdılması üçün də əldə olunan bir imkandır. Bu məsələdə muxtar respublikanın turizm agentlikləri ilə yanaşı, mərkəz Bakıda fəaliyyət göstərən turizm şirkətləri də boş dayanmamalı, ölkəmizə gəlmək istəyən qonaqların Azərbaycanın tərkib hissəsi olan Naxçıvanı seçmələri üçün səylərini artırmalı, bu qədim diyarın zəngin turizm potensialının təbliğatı gücləndirilməlidir.
Naxçıvan şəhərində tez-tez rastlaşdığımız turistlərin təəssüratlarından və turizm üzrə səlahiyyətli orqanların nümayəndələri ilə aparılan söhbətlərdən də belə qənaətə gəlmək olar ki, ölkəmizə səfər edən əcnəbi turistlərdə muxtar respublikaya maraq artıb.
Həqiqətən, son illər muxtar respublikamızın turizm potensialının inkişafı, Naxçıvana səfər edən turistləri bir daha buraya cəlb etmək üçün çox işlər görülüb. Hər il mart ayında bir neçə gün davam edən açıq hava konsertləri, rəsm və sənətkarlıq nümunələri sərgiləri, milli yeməklərin hazırlanması, gəzinti, alış-veriş və əyləncə tədbirlərinin həm naxçıvanlılar, həm də turistlər üçün maraqlı olduğunun dəfələrlə şahidi olmuşuq. Bu imkanlardan istifadə edərək turist axınının sayını daha da artırmaq olar.
Turizm xidmətlərinin zərf halında cəmləşdiyi mühüm xidmət müəssisəsi mehmanxanalardır. Məhz mehmanxanalarda qonaqların gecələməsindən başqa, onlara lazım olan müxtəlif məişət, əyləncə və sağlamlıq, rabitə və işgüzar xidmətlər təklif edilməlidir. Naxçıvan Muxtar Respublikasında mövcud olan mehmanxanalar bu xidmətləri Avropanın müxtəlif turizm mərkəzlərində mövcud olan mehmanxanalardan daha yüksək formada göstərmək gücündədirlər. Lakin turizmdən gözlənilən bütün nəticələrin yükünü təkcə mehmanxanaların üzərinə yönəltmək düzgün olmazdı.
Belə ki, mehmanxana xidmətləri turistlər üçün vacib olsa da, bu, asudə vaxtın mənalı keçirilməsi üçün kifayət etmir. Başqa sözlə, turistlər yalnız mehmanxanalarda gecələmək üçün səyahət etmirlər. Deməli, uğurlu turizm təsərrüfatı mehmanxana, nəqliyyat, restoran və məzmunlu tur-ekskursiya xidmətlərinin bir-birini tamamladığı bir mexanizm kimi işləməlidir. Bu mütəşəkkillik yerli əhalinin qonaqpərvərliyi ilə müşayiət olunduqda, turizm istənilən bazar şəraitində öz işinə davam edən bir sənaye halına gələcəkdir.
Söz mehmanxanalardan düşmüşkən qeyd edək ki, Avropadan olan müştərilər onlayn rezervasiya sistemi ilə əvvəlcədən yer sifariş etməyə daha çox üstünlük verirlər. Necə ki, ötən il may ayının 19-dan 30-dək Polşa və Almaniyadan olan 60-a yaxın turist təkcə bir otel üçün belə bir rezervasiyadan yararlanıb.
Muxtar respublikanın turizmi ilə bağlı apardığımız araşdırma zamanı diqqəti çəkən bir məqam da turistlərə texniki xidmətlə bağlıdır. Turistlərin istəkləri nəzərə alınaraq onlara hava limanı və gömrük məntəqələrindən transfer, tam pansion və ekskursiya xidmətləri təklif edilir. Turistlər təklif olunan marşrutları və buradakı zərf xidmətlərini maraqla qarşılayırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, son illər muxtar respublikada infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığı özündə cəmləşdirən istirahət parkları və bulaq-abidə kompleksləri istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən mehmanxanaların tikilməsi, yeni abidələrin ucaldılması, qədim memarlıq abidələrinin bərpa edilərək əvvəlki görkəminə qaytarılması, o cümlədən dünyada analoqu olmayan Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanasının müasir tələblər səviyyəsində yenidən qurulması ilə muxtar respublikanın turizm sahəsində canlanma başlandı.
2008-ci ilin iyun ayında istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzində müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılıb. Mərkəzdə eyni zamanda yüzdən artıq insana yüksək xidmət göstərilməsi üçün bütün imkanlar mövcuddur.
Naxçıvan Muxtar Respublikasının turizm potensialını araşdıran zaman diqqətimizi çəkən başqa bir amil isə turistlərin marağına uyğun turizm marşrutlarının hazırlanmasıdır. Bunlara misal olaraq Naxçıvan şəhər turu, Naxçıvan-Xanəgah (Əlincəqala da daxil olmaqla), Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turist marşrutlarını qeyd edə bilərik. Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu da bu bölgədə yerləşir. Bu günədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkına 8, muxtar respublikanın digər bölgələrinə isə 5 istiqamət üzrə turist marşrutları işlənib hazırlanıb.
Turistlərin ilk olaraq Əshabi-Kəhf ziyarətgahına, Naxçıvanqalaya, Duzdağ şaxtalarına, Möminə xatın məqbərəsinə və digər görməli yerlərə böyük maraq göstərdiyini bilirik. Əsas vacib olan məqamlardan biri turistləri təkcə Naxçıvan şəhərində deyil, bütövlükdə muxtar respublika ərazisində mövcud olan tarixi-memarlıq abidələri ilə tanış etməkdir. Bunun üçün də hazırlanan tur zərflərinin tərkibi genişləndirilməlidir.
Məqaləni hazırlayan zaman turistlərin qədim Naxçıvana marağının artırılması üçün daha hansı yeniliklərin olduğunu da öyrənmək istədik. Məlumat verildi ki, “Babaların tarixi zəfər və şəhadət yolu” beynəlxalq turist marşrutunun açılması nəzərdə tutulur.
Son olaraq qeyd edək ki, 2015-ci ildə muxtar respublikaya Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 390 minə yaxın turist gəlib. Bu da 2014-cü ildəki göstəricidən 3,1 faiz çoxdur. Görülən işlər isə onu deməyə əsas verir ki, 2016-cı ildə qədim diyarımıza daha çox yerli və əcnəbi turistlər səfər edəcək.
Nahid Canbaxışlı
“Veteninfo.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru