Turizm XXI əsrdə dünyada ən çox diqqət mərkəzində olan sahələrdən birinə çevrilib. Son illərdə bu sahənin inkişafı elə bir mərhələyə qədəm qoyub ki, turistlərə qapı açmayan və yaxud buna maraq göstərməyən ölkə özünü bütün dünyəvi proseslərdən təcrid etməyə məhkum etmiş kimi sayılır. Əgər əvvəllər turistlər getdikləri ölkədə, sadəcə, tarix, mədəniyyət, gözəl təbiət əraziləri axtarırdılarsa, indi buna çoxsaylı maraq sahələri daxildir. Çünki turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Yəni istənilən bir maraqlı məşğuliyyət növünün sonuna “turizm” sözünü artırmaqla həmin sahədə turizm bazası yaratmaq mümkündür. Ancaq istənilən halda turizm yenə də səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki sadaladığımız amillər ölkəmizdə, eləcə də muxtar respublikamızda turizmin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır.
Turizm həm də o zaman inkişaf edir ki, mövcud resurslar əcnəbilər üçün əlçatan olsun. Yəni bu gün muxtar respublikamıza gəlmək istəyən turist üçün bu region haqqında ümumi məlumatların əldə edilməsi asan olsun. Bu baxımdan “dünya hörümçək toru”nun – internetin rolu əvəzsizdir. Virtual məkanın əsas oyunçularından sayılan sosial şəbəkələr müasir dövrdə turizmin inkişaf etdirilməsində ən mühüm amil sayılır. Məhz bu yaxınlarda muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən səsləndirilən fikirlərdə diqqətçəkən məqamlardan biri də bu sahədə elektron resurslardan düzgün istifadənin vacibliyi oldu: “...Çox təəssüf ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublikamız əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Turizmin təbliğində elektron resurslardan istifadə mühüm əhəmiyyətə malikdir. Lakin elektron resurslarda muxtar respublikamızın görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır”.
Təbii ki, müşavirədə turizmin inkişafı ilə bağlı dövlət qurumlarının qarşısına qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinin şahidi olacağıq. Ancaq bu yazıda bizim əsas toxunacağımız məsələ turizmə fərdi yanaşma üzərində olacaq. Yəni söhbət turizmin inkişafında vətəndaşların, xüsusilə gənclərin üzərinə düşən vəzifələrdən gedir. Hansı ki bu vəzifələrin yerinə yetirilməsi hər birimizin daxilindəki vətəndaşlıq mövqeyindən irəli gəlir.
Məlumdur ki, sosial şəbəkələr bu gün dünyada yeni sivilizasiyanın əsas təməllərindən sayılır. Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin sayı hər ötən il daha da artır. Elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri, əsasən, virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Eyni ilə də digər əcnəbi ölkə vətəndaşlarının ölkəmizin və muxtar respublikamızın mövcud həyatı haqqında müəyyən məlumatlara malik olması belə resursların vasitəçiliyi ilə təmin olunur. Azərbaycan demokratik dəyərlərin daşıyıcısı olduğundan heç bir ölkə vətəndaşının virtual fəaliyyətinə müdaxilə etmək mümkün deyil. Buna görə də ölkəmizin, eləcə də muxtar respublikamızın dünyada tanıdılması, təbliğ olunması bizim bu işə verəcəyimiz töhfədən asılıdır. Doğrudur, bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı ilə bağlı məlumatlar öz əksini tapır. Lakin ümumi götürdükdə bu sahədə görəcəyimiz işlər çoxdur.
Birinci ondan başlayaq ki, bu gün muxtar respublikamızın virtual məkanda beynəlxalq səviyyədə hərtərəfli təbliği ilə bağlı taktiki yanaşma qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var. Məsələn, aparılan təbliğatın bayağı şəkildə təqdimatı, ciddi effekt verməyən ənənəviçilik, tarix, mədəniyyət və kulturologiya baxımından yetərli məlumatlara malik olmamaq və sair. Digər tərəfdən sosial şəbəkələr bir çox gənclərimiz üçün hələ də əyləncə, tanışlıq məqsədilə vaxt keçirmək prinsipindən kənara çıxmır. Sosial şəbəkələrdə Naxçıvan mədəniyyəti və həqiqətlərini təbliğ edən və yayan qrupların sayı hələ də azdır. Xüsusilə bu məqsədlə gənclər arasında bloqçuluğun təşviq edilməsi, bloqlardan milli mədəniyyətimizin təbliği vasitəsi kimi yararlanma səviyyəsi xeyli dərəcədə aşağıdır. Müxtəlif virtual şəbəkələrdə aktiv olan gənclər, demək olar ki, bloqsuz çıxış edirlər, əcnəbilərə həqiqətlərimizlə bağlı müfəssəl, əsaslandırılmış məlumatlar təqdim etməkdə çətinlik çəkirlər. Belə olduğu halda, gənclərin milli mənafelər naminə yeni media vasitələrindən yararlanmaq təcrübəsinin xeyli az olduğu qənaəti yaranır. Bu sahədə mühüm və ən vacib məsələlərdən biri də dil məsələsidir. Aydındır ki, hazırda muxtar respublikamızın beynəlxalq aləmdə təbliğində rus və ingilis dillərində informasiyalar mühüm əhəmiyyət daşıyır. Bu gün xarici dostlara Naxçıvanın qazandığı nailiyyətlər, tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız barədə informasiyalar ötürmək və yaxud paylaşmaq gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi sayılacaq addımlardır. Çünki yaxın tarixi təcrübə göstərir ki, ölkəmizin, bəzən isə muxtar respublikamızın haqlı mövqeyinin yetərincə təbliğ olunmaması haqqımızda düzgün olmayan informasiyalara yol açılmasının, bəzən isə haqsız vəziyyətlərə düşməyimizin əsl səbəbi olub. Xarici dillərdə bu barədə təbliğat materiallarının yetərincə olmaması da az rol oynamayıb. Buna görə də Naxçıvanın mədəniyyətini, turizm imkanlarını daha effektli formada beynəlxalq aləmdə təbliğ etmək üçün yeni üslub və keyfiyyətdə saytların yaradılması da vacibdir. Digər bir məsələ isə ondan ibarətdir ki, hələ də muxtar respublikamızdan xaricə təhsil almağa getmiş gənclərin potensiallarından düzgün yararlana bilmirik. Halbuki həmin gənclərin olduqları ölkələrdə xeyli əcnəbi tanışları və dostları var. Bunun üzərinə onların sosial şəbəkələrdəki tanışlarını da əlavə etsək, təbliğat imkanlarımızın bir daha geniş olduğunu görərik. İnanırıq ki, yaxın müddətdə muxtar respublikamızın aidiyyəti qurumları bu məsələni də diqqətdə saxlayacaq, xaricdə təhsil alan tələbə gənclərlə bu istiqamətdə ümumi koordinasiyanı yarada biləcəklər.
Bundan başqa, gənclərin potensialından istifadə edərək internet aksiyalar da keçirmək mümkündür. Bu işdə ali məktəblər xüsusi rol oynaya bilər. İnternet aksiyaları zamanı dünyanın müxtəlif turizm şirkətlərinin, təşkilatlarının elektron, sosial şəbəkə ünvanlarına Naxçıvanın turizm potensialı, tarixi, mədəniyyəti barədə məlumatlar göndərmək olar. Həmin məlumatlarla tanış olanlarda istər-istəməz Naxçıvan barədə təəssürat yaranacaq, regionumuza maraq artacaqdır.
Bu gün sosial şəbəkələr Naxçıvanın turizm potensialının təbliğində mühüm rol oynaya bilər. Hətta bu sahədə bir az gecikdiyimizi də etiraf etməliyik. Halbuki virtual şəbəkələr vasitəsilə doğma diyarımız haqqında müxtəlif layihələr həyata keçirə, onun qədimliyi, mədəni zənginliyi, məişəti və dəyərləri ilə bağlı dolğun məlumatlar yaya bilərik. Unutmamalıyıq ki, turizm imkanlarımızın, məişətimizin, tolerant dəyərlərimizin əcnəbilərə tanıdılması, dolayısı ilə Naxçıvanın beynəlxalq aləmdə düzgün təbliğ olunmasında mühüm rol oynaya bilər. Buna görə də sosial şəbəkələrdən düzgün istifadə etməli, təbliğat metodlarını təkmilləşdirməli, gənclərimizi bu sahənin imkanlarından düzgün yararlanmağa sövq etməliyik.
Səbuhi Həsənov