22 Dekabr 2024, Bazar

Turizm haqqında danışarkən onun cazibədarlığı və faydalarından bəhs edir, turizmin daha da inkişaf etdirilməsi üçün yollar axtarırıq. Muxtar respublikamızda da turizm fəaliyyətinin genişləndirilməsində məqsəd burada mümkün ola bilən turizm növlərinin inkişaf etdirilməsi ilə bu qədim Azərbaycan torpağının bütün gözəlliklərinin dünyaya tanıdılması və turizmin iqtisadi inkişafdakı rolundan bəhrələnməkdir. Builki turizm mövsümünün başlanğıcı ərəfəsində muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üzrə verilmiş ciddi tapşırıqlara əməl olunması və artıq mart ayının ortalarından etibarən muxtar respublikamıza axışıb gələn əcnəbi turistlərin sayındakı artım turizm mövsümünün yaxşı başladığını, qarşıdakı dövrdə bizi çox işlər gözlədiyini göstərir.

Təqribən, ötən bir ay turizm baxımından nə ilə yadda qaldı? Söz yox ki, hər zaman olduğu kimi, bu dəfə də muxtar respublikamıza səyahət edən turistlərin yaddaşında möhtəşəm tarixi abidələr və müasir tikililərlə süslənmiş gözəl şəhər, isti qonaqpərvərlik, diqqətli münasibətin təəssüratları qaldı. Naxçıvan şəhərində sıx rastlaşdığımız turistlərin üz ifadələrindən və turizm üzrə səlahiyyətli orqanların nümayəndələri ilə aparılan söhbətlərdən bu qənaətə gəldik. Həqiqətən, muxtar respublikamızı turistlərə daha yaxşı sevdirmək, bir gələn turisti bir daha buraya çəkə bilmək üçün çox iş görülüb. Mart ayında bir neçə gün davam edən açıq hava konsertləri, rəsm sərgiləri, milli yeməklərin hazırlanması, gəzinti, alış-veriş və əyləncə tədbirləri həm naxçıvanlılar, həm də turistlər üçün maraqlı oldu. Necə deyərlər, mövsüm başladısa, boş dayanmağa bir saat belə, vaxt yoxdur.

Turizm xidmətlərinin zərf halında cəmləşdiyi mühüm xidmət müəssisəsi mehmanxanalardır. Məhz mehmanxanalarda turistlərin gecələməsindən başqa, onlara lazım olan müxtəlif məişət, əyləncə və sağlamlıq, rabitə və işgüzar xidmətlər təklif edilir, buradan gələn turistlərin sayı, səfər məqsədləri haqda məlumat almaq olur. Lakin turizmdən gözlənilən bütün nəticələrin yükünü mehmanxanaların üzərinə yönəltmək düzgün olmazdı. Belə ki, mehmanxana xidmətləri turistlər üçün vacib olsa da, asudə vaxtın keçirilməsi üçün o, kifayət deyil. Başqa sözlə, turistlər yalnız mehmanxanalarda gecələmək üçün səyahət etmirlər. Deməli, uğurlu turizm təsərrüfatı mehmanxana, nəqliyyat, restoran və məzmunlu tur-ekskursiya xidmətlərinin bir-birini tamamladığı mürəkkəb bir canlı orqanizm kimi işləməlidir. Bu mütəşəkkillik peşəkar qonaqpərvərlik kimi turistlərə təqdim edilib yerli əhalinin milli qonaqpərvərliyi ilə müşayiət olunduqda, turizm istənilən bazar şəraitində öz işinə davam edən bir sənaye halına gələcəkdir.
Bu fikirlərlə şəhərimizin mərkəzindəki 5 ulduzlu “Təbriz” mehmanxanasına yaxınlaşdıqda burada bir qaynarlıq gördük. Gülərüz münasibətlə qarşılandığımız bu mehmanxana müəssisəsi şəhərimizin ən qələbəlik yerində hər gün çox sayda turisti qəbul edir. Şübhəsiz, çox sayda turistin qaldığı belə bir mehmanxanadan alacağımız turizm yenilikləri müəyyən qənaətə gəlməkdə faydalı olacaqdı.
“Təbriz” mehmanxanasının birdəfəlik tutumu 170 yataq yerindən artıqdır. Mehmanxananın əməkdaşı Ramal Salmanovla söhbətimizdə o, ötən illə müqayisədə, təqribən, iki dəfə artıq turistin müraciət etdiyini bildirdi. Həmsöhbətimin ən sevindirici xəbəri isə müştərilərin arasında keçən illər səyahət edənlərin təkrarən gəldiyini vurğulaması oldu. O həm də otelin Avropadan olan müştərilərinin, əsasən, onlayn rezervasiya sistemi ilə əvvəlcədən yer sifariş etdiklərini bildirdi, bu işə ciddi diqqət yetirdiklərini dedi. “May ayının 19-dan 30-dək Polşa və Almaniyadan 60-a­ yaxın rezervasiyamız var. Yeri gəlmişkən, qeyd edim ki, www.booking.com onlayn rezervasiya sistemində “Təbriz” mehmanxanasının turistlər tərəfindən 8.2, yəni “çox yaxşı” qiymətləndirilməsi də fərəh doğurur. Turistlər artıq daha tələbkardırlar. İndi onlara hava limanı və gömrük məntəqələrindən transfer xidmətləri, tam pansion və ekskursiya xidmətləri təklif olunur. Düzdür, dil bilən ekskursiya bələdçiləri sarıdan yerli kadrlar azlıq təşkil etsə də, gələn turistlərə təklif olunan marşrutları, buradakı zərf xidmətlərini onlar maraqla qarşılayırlar. Turistlər Əshabi-Kəhf ziyarətgahına, Naxçıvanqalaya, Duzdağ şaxtalarına, Möminə xatın məqbərəsinə və digər görməli yerlərə böyük maraq göstərirlər”.
Həmsöhbətim turistlərin istifadə etdikləri taksi xidmətlərinə də nəzər yetirdiklərini, yalnız turistlərin tələbatlarına uyğun xidmət göstərə bilən nümunəvi taksi sürücüləri ilə əməkdaşlıq etdiklərini bildirdi. Çünki turizm birgə fəaliyyətin məhsulu olduğu üçün turistlərin təəssüratlarına zərər gətirə biləcək hər hansı kiçik bir hadisə belə, yolverilməzdir.
Göründüyü kimi, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmlə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqlar, görülən işlər öz bəhrəsini verməkdədir. Artıq görürük ki, turizm, həqiqətən, ümumi inkişafın nəticəsi, həm də onun bir amilidir. Bir çox yazılarımızda istifadə etdiyimiz bu tezisi bugünkü yazıda bir daha xatırlatmaq yerinə düşərdi. Bu fikri mənimsəmək, ondan düzgün nəticə çıxarmaq hələ də turizmi təsadüfi bir proses, turistləri də qəfil gəlmiş bir qonaq kimi təsəvvür edənlərin birnömrəli vəzifəsi olmalı, hamı bu işə kömək göstərməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yuxarıda adıçəkilən müşavirədə dediyi kimi: “Hər bir ölkə­nin özünəməxsus təbii gözəllikləri, tarixi-mədəni abidələri var. Ancaq turizm o yerdə və o zaman inkişaf edir ki, bunlardan səmərəli istifadə olunsun, güclü təşviqat mexanizmi qurulsun”.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR