22 Dekabr 2024, Bazar

Dünən muxtar respublikada taksi xidməti ilə məşğul olan sürücülər üçün muzeylərdə seminar-məlumatlandırma işinə başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin aparat rəhbəri Anar Babayev çıxış edib. Bildirilib ki, muxtar respublikamızın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınıb, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblər səviyyəsində qurulmasına əlverişli şərait yaradıb.

Qeyd olunub ki, 2016-cı il mart ayının 18-də Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilmiş müşavirədə Nəqliyyat Nazirliyinə də müvafiq tapşırıqlar verilib, nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi, nəqliyyat vasitələrinin tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulub.
Turistin bir şəhər və yaxud bölgə ilə tanışlığı çox vaxt nəqliyyat vasitələri ilə səyahətdən başlanır. Sürücülərin davranışları, verdikləri məlumatlar turistlər üçün ilk təəssürat qaynaqlarıdır. Sürücülərin də yaşadıqları ərazinin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi Nəqliyyat Nazirliyi ilə birgə taksi xidməti ilə məşğul olanlar üçün muzeylərdə seminar-məlumatlandırma işinin təşkilinə başlayır.
Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin sürücüləri üçün muzey günlərinin qrafiki tərtib olunub və sürücülərin muzeylərlə tanışlığı diqqət mərkəzində saxlanılacaq. Bununla əlaqədar taksi sürücüləri ilə bağlanan müqavilədə əsas diqqət sürücülərin həmin taksinin fəaliyyət göstərdiyi ərazidəki tarixi-memarlıq abidələrini, muzeyləri tanıması, onlar haqqında ətraflı bilgiyə malik olmasına yönəldiləcək.
Vurğulanıb ki, son illər bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, avtomobil yolları yenilənib, beynəlxalq əməkdaşlığın inkişafına diqqət artırılıb, qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Belə ki, Türkiyə Respublikasının əksər böyük şəhərlərinə (İstanbul, Ankara, Bursa, Trabzon, İzmir və sair) beynəlxalq sərnişindaşıma xidməti göstərən marşrutlar açılıb. Həmçinin Naxçıvan-Təbriz-Tehran, Naxçıvan-Urmiya və əks istiqamətdə marşrutların fəaliyyət göstərməsi üçün müqavilələr imzalanıb. Naxçıvan-Batumi-Naxçıvan marşrutu isə muxtar respublikada turizmin daha da inkişafına səbəb olacaq.
“Qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən oğuz-türk yurdu Naxçıvan bu diyara ayaq basan turisti heyrətləndirəcək abidələrlə zəngindir. Hər bir muxtar respublika sakini, o cümlədən taksi xidməti göstərən sürücülər bu işə məsuliyyətlə yanaşmalıdır”, – deyən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Piri Nağıyev qədim diyarımızın ayrı-ayrı turizm marşrutları və tarixi abidələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra seminar-məlumatlandırma işi taksi xidməti ilə məşğul olan sürücülərin və Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə Naxçıvan Dövlət Tarix Muzeyində davam etdirilib.
İki gün davam edəcək tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR