Bu il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə müxtəlif dövlət orqanları qarşısında mühüm vəzifələr qoyulub. Müşavirədə qeyd olunub ki, muxtar respublikada digər sahələr kimi, turizm sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. Turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyəti dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlarla işin təşkilinə diqqəti artırmalıdırlar. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır.
Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müxtəlif tədbirlər keçirilir. Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində muxtar respublikada fəaliyyət göstərən mehmanxana subyektlərinin nümayəndələri ilə keçirilən görüş də həmin tədbirlərdən biridir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov açaraq mehmanxanaların muxtar respublikaya turist cəlbində mühüm rol oynadığını qeyd edib.
Bildirilib ki, bugünkü tədbirin keçirilməsində də məqsəd mehmanxanaların miqrasiya xidmətinin elektron resurslarından maksimum şəkildə yararlanmasına şərait yaratmaq, mehmanxana əməkdaşlarını bu sahədə maarifləndirməkdir.
Görüşdə Miqrasiya proseslərinin təhlili və informasiya təminatı şöbəsinin rəisi Aysel Əliyeva iştirakçıları elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən texniki normativ-hüquqi aktlarla tanış edib. O bildirib ki, hazırda ölkəmizdə, eyni zamanda muxtar respublikada turizmin inkişaf etdirilməsi əsas məsələlərdəndir. Buna görə də muxtar respublikaya gələn turistlərin qeydiyyata alınma prosedurlarına düzgün riayət olunmalı, maneələr aradan qaldırılmalıdır.
Vurğulanıb ki, muxtar respublikanın bugünkü sabitliyi, təhlükəsizliyi buraya səfər edən turistlərin sayının artmasına səbəb olub. Bu sahədə Dövlət Miqrasiya Xidməti də fəaliyyətini gücləndirib və turistlərlə işin təşkilinə diqqəti artırıb. Muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Eyni zamanda muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında yaradılmış “Elektron hökumət portalı” üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu var.
Bildirilib ki, bu gün Dövlət Miqrasiya Xidməti ilə mehmanxanalar arasında elektron sənəd dövriyyəsi rolunu oynayan elektron xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün vətəndaşların “Elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Sonra xidmətin əməkdaşlarından Zakir Məmmədovun və Qiyas Paşayevin çıxışları olub.
Xəbərlər şöbəsi