Turizmin inkişafı milli suvenir bazarının canlandırılması ilə düz mütənasibdir
Naxçıvan artıq yeni bir marşrut kimi turistlərin diqqətini ildən-ilə daha çox cəlb edir. Rəsmi olaraq yayılan statistik rəqəmlər belə deməyə əsas verir. Turizmin inkişafı hazırda elə bir prioritet sahəyə çevrilib ki, bu sahəni heç bir halda ikincidərəcəli hesab etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu sahənin inkişafı ilə bağlı keçirilmiş müşavirə də bunu bir daha təsdiq etdi. Müşavirədə səsləndirildiyi kimi muxtar respublikamızda turizmin inkişaf etdirilməsi üçün kifayət qədər potensialımız var. Ancaq potensialın olması məsələnin bir tərəfidirsə, bu potensialdan lazımınca istifadə etmək, mövcud resurslardan səmərəli şəkildə faydalanmaq, ən əsası isə işin düzgün icrası da mühüm şərtlərdəndir.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, turizm ümumxalq işidir. Buna görə də bu sahənin inkişafına hər kəs öz töhfəsini verməlidir. Bu gün hər birimizin məqsədi muxtar respublikamıza turistlərin gəlməsinə yox, yenidən gəlməsinə nail olmaqdır. Turizm çoxprofilli sahə olduğundan, bu yazıda həmin istiqamətlərdən biri haqqında bəhs etməyə çalışacağıq.
Müasir dövrdə istənilən ölkədə və ya regionda turistlərin əsl marağına səbəb olan amillərdən biri fərqlilikdir. Yəni turist hansı ölkəyə gedirsə, orada mütləq fərqli və maraqlı bir şey axtarır. Məhz bu maraqlılığı (özünəməxsusluğu) layiqincə təmin edə bilən ölkələr turist axını sarıdan korluq çəkmirlər. Qeyd etmək lazımdır ki, həmin özünəməxsusluğu yaradan amillər sırasında suvenirlər mühüm yer tutur. Aparılan sorğular nəticəsində məlum olub ki, turistləri getdikləri ölkə haqqında sonradan düşündürməyə məcbur edən səbəblər içərisində suvenirlər öndə gəlir. Çünki suvenirlərdə aid olduğu ölkənin tarixindən, mədəniyyətindən, məişətindən tutmuş dəyərlərinə, dünyaya baxış tərzinə, zövqünədək çox cizgilər yatır. Buna görə də turizmin inkişaf etdiyi ölkələrdə suvenir bazarları təkcə tələbat üzərində deyil, həm də güclü marketinq strategiyası əsasında formalaşır. Yəni bəzən qonaq kimi getdiyimiz bir ölkədən aldığımız kiçik bir hədiyyəlik əşyada, sadəcə, bir ustanın və ya sənətkarın əl izləri deyil, bəzən onlarla sahənin mütəxəssisi olan insanların fokuslaşmış düşüncəsi öz əksini tapır. Elə bu aspektdən yanaşaraq bu günlərdə Naxçıvanın suvenir bazarı ilə bağlı kiçik bir araşdırma apardıq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, muxtar respublikamızda suvenir bazarının inkişaf etdirilməsi yönündə ilk addımlar dövlət tərəfindən atılıb. Son illərdə şəhərimizdəki Heydər Əliyev prospektində, 2015-ci ildə isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində əl işlərindən ibarət mağazalar fəaliyyətə başlayıb.
Burada bir haşiyə çıxaraq bildirim ki, müxtəlif dövrlərdə Naxçıvanda əl işləri ilə məşğul olan sənətkarlar fəaliyyət göstərsə də, bu fəaliyyət milli suvenir bazarının formalaşmasına gətirib çıxarmayıb. Adıçəkilən mağazaların fəaliyyətə başlaması həm də ona görə qürurvericidir ki, sənətkarlığın əsl inkişaf etdiyi orta əsrlər dövründən yüz illər sonra Naxçıvan yenidən bu mədəni mirasına sahib çıxmağı qarşısına məqsəd qoyub.
Yuxarıda adıçəkilən mağazalarda olduq, satıcılarla söhbət etdik. Öyrəndik ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində yerləşən mağazaların birinə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir. Belə ki, komitə tərəfindən muxtar respublikada müxtəlif əl işləri ilə məşğul olan qadınlarla əməkdaşlıq edilərək onların hazırladıqları nümunələr mağazada satışa çıxarılır. Burada milli kişi və qadın, eyni zamanda uşaq geyimləri, şərf və papaqlar, masa örtükləri, kiçikölçülü xalçalar, parçadan tikilmiş mücrülər, sandıqça, yastıqlar ilk baxışdan diqqəti cəlb edir. Mağazanın İslam adlı satıcısı deyir ki, Novruz bayramı günlərində Naxçıvan şəhərində təşkil olunmuş sərgidə buradakı məhsullardan turistlərə xeyli sata bildik. Ancaq mağazada işlər hələlik ləng gedir, güman qalıb kompleksi ziyarət etməyə gələn ziyarətçilərə.
Kompleksdə yerləşən digər mağazada isə məhkumların əl işləri satışa çıxarılıb. Mağazadakı əşyaların böyük əksəriyyəti ağacdan düzəldilmiş sənətkarlıq nümunələridir ki, belə nümunələrə telefon altlığını, gəmi maketini, kiçik ağac çöplərindən hazırlanmış məscid maketini, rəhili (kitabı açıq saxlamaq üçün altlıq), kiçik masa üzərində işlənmiş nərd taxtasını və digərlərini misal göstərmək olar. Eyni zamanda misdən hazırlanmış mücrülər, sandıqçalar, bir neçə tarixi abidənin qabartma üsulu ilə işlənmiş lövhələri də diqqəti cəlb edir. Bu mağazada da toxunma qadın və uşaq geyimlərinə rast gəlmək mümkündür. Coşqun adlı satıcı deyir ki, satışın olması üçün turistlərin bura çox gəlməsi lazımdır. Ancaq hələlik gördüyünüz kimi satış çox zəifdir. Hər halda qarşıdan gələn yay mövsümünə ümidlərimiz böyükdür.
Heydər Əliyev prospektindəki mağazalarda da satıcılar bayram günlərində satışın normal olduğunu bildirdilər. Buradakı satıcıların da qənaətinə görə, yaz və yay aylarında Naxçıvana gələnlərin sayı çoxalır və bu da satışlara təsir edir. Buradakı mağazalarda da, əsasən, toxunma geyimlər, rəsm və misgərlik nümunələri, kiçikölçülü xalçalar, kartondan düzəldilmiş hədiyyə qutuları kimi əl işləri alıcılara təqdim olunur.
Şəhərimizdəki digər suvenir mağazalarında isə, əsasən, müxtəlif ölkələrdən gətirilmiş hədiyyəlik əşyalar satılır. Çox nadir hallarda hansısa bir yerli rəssamın və ya sənətkarın əl işinə rast gəlmək olur.
Muxtar respublikamızda yeni dirçəlməyə başlayan suvenir bazarı ilə bağlı gəldiyimiz ümumi nəticə bundan ibarət oldu ki, turizmin inkişaf etdirilməsi paralel olaraq bu bazarın formalaşmasını da qaçılmaz edir. Yuxarıda adını çəkdiyimiz müşavirədə muxtar respublikada müxtəlif qurumların, o cümlədən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısında bununla bağlı tapşırıqlar qoyulmuşdur. İnanırıq ki, yaxın gələcəkdə bu sahədə müəyyən dəyişikliklərin şahidi olacağıq. Ancaq mövzu ilə bağlı bəzi qənaətlərimizi də hörmətli oxucularımızla, daha doğrusu, bu sahə ilə məşğul olan sahibkarlarımızla bölüşmək istərdik.
Bəri başdan deyim ki, suvenir bazarı özündə xeyli çeşiddə məhsulları birləşdirir. Bura gündəlik istifadə etdiyimiz və yaxud evimizin bir küncündə bəzək məqsədilə saxladığımız çoxsaylı əşyalar daxildir. Lakin burada ən vacib olanı satılan əşyaların üzərində ölkəmizlə və Naxçıvanla bağlı ştrixlərin olmasıdır. Məsələn, təkcə turistlər üçün deyil, elə muxtar respublika sakinləri üçün də üzərində Naxçıvanın xəritəsi, tarixi və təbiət abidələri olan boşqablar, fincanlar, açarlıq və pul kisələri, Şərur yallıları rəqslərinin əks olunduğu güldanlar, eyni zamanda milli ornamentli çarıqlar, kəlağayılar, araqçınlar və sair maraqlı olar. Təbii ki, sadaladığımız və adını çəkmədiyimiz hədiyyəlik əşyaların hamısı əl işi olmaya da bilər. Ancaq yerli sahibkarlar hələlik bunu məhsul idxal etdiyi ölkələrdən sifarişlə əldə edə bilərlər. Necə deyərlər, bir az vətənpərvər olmaq bu işi yoluna qoya bilər. Hansı ki turizmin inkişaf etdirildiyi ölkələrin bir çoxu bunu indi də edir. Məsələn, bu yaxınlarda Acarıstanın paytaxtı Batumidə olarkən üzərində gürcü rəqsindən bir süjet həkk olunmuş çox kiçik bir su fincanı almışdım. Hansı ki bu fincanla su içmək mümkün deyil, çox kiçikdir. Ancaq mən ondan bir neçə dənə almışdım ki, yaxın dost-tanışa da pay verə bilim. Alarkən satıcıdan bu fincanın harada istehsal olunduğunu soruşmuşdum. O isə bu və digər buna bənzər əşyalar üçün vaxtaşırı olaraq Çin Xalq Respublikasına və yaxud Türkiyə Respublikasına sifariş verdiklərini demişdi. Analoji olaraq bunu biz də edə bilərik. Yeri düşmüşkən bir məsələni də vurğulayaq ki, turistlər, adətən, getdiyi ölkələrdən bir əşya alarkən çox zaman yaxınlarını da nəzərə alırlar. Bunun üçün aldıqları məhsulun ucuz olması burada böyük rol oynayır. Etiraf etmək lazımdır ki, bizim bazarda hələlik belə məhsullar yoxdur. Məlumat üçün deyim ki, bu gün Avropanın turizmə doymuş böyük şəhərlərinin əksəriyyətində “bir avroya nə istəyirsən al” məntiqi kifayət qədər işləkdir. Yəni sadaladıqlarımız tərəflərin hər birində turist istəyinin hərtərəfli təminatı durur ki, bunun da arxasında bizim üçün Naxçıvanın təbliği və iqtisadi mənfəətimiz dayanır.
Yazının sonunda onu da xatırlatmaq istərdik ki, iki ildən sonra Naxçıvan öz tarixində İslam Mədəniyyətinin Paytaxtı kimi böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu tədbirin keçirilməsi muxtar respublikanın təbliğində haqqında bəhs etdiyimiz bazarın əhatə dairəsini genişləndirməyi tələb edir. Ona görə qolları indidən çırmalamağın vaxtı yetişib.
Səbuhi Həsənov