22 Dekabr 2024, Bazar

Fenomenal bir hadisə kimi turizm müasir dünya iqtisadiyyatında mühüm yer tutur. O, iqtisadi cəhətdən gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin, xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzindədir. 

Naxçıvanın zəngin turizm ehtiyatları – qədim tarixi və müasir inkişafı, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə-rekreasiya məkanları, müalicəvi duz mağaraları, yaradılmış müasir sosial-mədəni və turizm infrastrukturu burada çox sayda turizm növünün inkişafı üçün əlverişli şərait yaratmışdır. Artıq muxtar respublikaya il ərzində 400 minə yaxın turist səyahət edir ki, onların təəssüratlarında Naxçıvan haqqında yüksək fikirlər səsləndirilir. Elə bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Türkiyəyə işgüzar səfəri zamanı qardaş ölkənin Prezidenti Naxçıvanın turizm potensialı haqqında xoş sözlər demiş, ölkəsinin vətəndaşlarını muxtar respublikamıza səyahət etməyə çağırmışdı. Doğrudan da, muxtar respublikamıza səfər edən qonaqlarda dərin təəssürat yarada biləcək bir çox turizm növləri üçün bu diyarda geniş imkanlar mövcuddur.

Hazırda Naxçıvana səyahət edən turistlər üçün çox geniş məzmunlu rekreasiya-tanışlıq imkanları yaradan bir şərait vardır. Turizmin cəmiyyətin ümumi inkişafı ilə ahəngdar olduğunu nəzərə alsaq, ötən dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsində əldə olunan nailiyyətlər bu baxımdan diqqəti cəlb edir. İndi artıq muxtar respublikaya xaricdən və ölkəmizin digər yerlərindən turistlərin gəlməsi üçün imkanlar yaranmışdır. Naxçıvana gələn əcnəbi turistlər eyni zamanda ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı elçilərdir. Ona görə də beynəlxalq turizmə təkcə valyuta gəlirləri mənbəyi olaraq deyil, həm də öz mədəniyyətimizi tanıtmaq vasitəsi kimi də baxmalıyıq. 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu, Şərqlə Qərbin qovşağında yerləşən Naxçıvanın ümumi inkişafını, tarixini, mədəniyyətini dünyaya tanıtmaq üçün yaxşı fürsətdir.
Ancaq turizm heç də təkcə zəngin ehtiyatlar hesabına öz-özünə inkişaf edən bir sahə deyildir. Əksinə, turizm hər kəsdən öz töhfəsini gözlədiyi çox həssas bir münasibətlər sistemidir. Buna görə də hər bir turizm-rekreasiya kompleksinə ixtisaslaşmış bir sahə kimi yanaşma tələb olunur ki, bu da turizm sahəsində dərin bilik, bacarıq və yüksək məsuliyyət tələb edir.
Naxçıvan Muxtar Respublikası ümumi halda özünün bütün turizm potensialı ilə turistlərə həm zəngin rekreasiya, həm də mənəvi zənginlik təəssüratı vəd edən nadir bölgələrdən biridir. Naxçıvanda təbiət abidələri bir-birini tamamlayır, tarixi-mədəni ehtiyatlar isə milli qonaqpərvərlik elementləri ilə bitkinlik təşkil edir. Müasir turizmin ən mühüm şərtlərindən biri olan təhlükəsizlik və rahat səyahət şərtləri Naxçıvanda ən yüksək dərəcədə təmin olunmuşdur. Bu torpağın təmiz havası, mineral su mənbələri, bir-birini əvəz edən landşaftı, unikal bitki və canlılar aləmi burada ekoturizmin müxtəlif növləri üçün geniş imkanlar açır. Müasir Naxçıvan kəndlərində kənd turizminin inkişafı üçün əlverişli şərait vardır. Kəndlərimizin abadlaşdırılması, təkcə yerli əhalinin deyil, turistlərin də istifadə edəcəyi müasir sosial infrastrukturun yaradılması və yerli əhalinin həyat səviyyəsinin yüksəldilməsi kənd turizmi üçün yaxşı imkanlar yaradır. Muxtar respublikamızda özəl sektora verilən dəstək isə bu turizm növündə yerli əhalinin iştirakını stimullaşdırır.
Turizm onun inkişafı üçün zəruri olan müasir infrastruktur şəraitinə çox həssasdır. Turistlərin komfortlu istirahəti üçün müasir mehmanxana, yol-nəqliyyat və restoran şəbəkəsi, ekskursiya büroları və bunlardan səmərəli istifadə edə biləcək ixtisaslı kadrlar olduqda istənilən turizm ehtiyatı əsasında turistlərin gətirilməsi mümkündür. Bu baxımdan hazırda muxtar respublika ərazisindəki birdəfəlik tutumu 1500 nəfərdən çox olan 20-dən artıq mehmanxanada gələn turistlərin rahat gecələməsi, burada işgüzar görüşlər keçirməsi üçün müasir şərait yaradılmışdır. Naxçıvanın “Duzdağ”, “Təbriz”, “Qrand”, “Avtovağzal” otellərində, Ağbulaq İstirahət Mərkəzində qalan, müasir restoran şəbəkəsindən, rahat yollardan istifadə edən turistlər buradakı xidmətlərdən, göstərilən qonaqpərvərlikdən razı qalırlar.
Turizm peşəkarlığa da çox həssasdır. Bu baxımdan Naxçıvanda fəaliyyət göstərən turizm sektoru işçisi vəzifəsindən asılı olmayaraq, yüksək peşəkarlıq nümayiş etdirməli, öz ölkəsinin, yaşadığı regionun tarixini, coğrafiyasını gözəl bilməli, bir deyil, bir neçə xarici dildə sərbəst danışmalı, informasiya-kommunikasiya texnologiyalarından yaxşı baş çıxarmalı və turistlərə bu torpağın gözəlliklərini, azərbaycanlıların qonaqpərvərliyini vətənpərvərcəsinə vəsf etməlidir. Müasir dünyada peşəkar turizmçi ona təqdim olunacaq turizm marşrutunun hazır sxematik xəritəsini gözləmədən özü yeni istiqamətlərdə turların layihəsini işləyib hazırlamalıdır. Bu gün muxtar respublikamızda mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla Naxçıvan-Şahbuz-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları işlənib hazırlanmışdır. Ancaq perspektivdə bu marşrutların sayının dəfələrlə artırılması üçün onlar əsasında qiymətləndirmə aparılması və hazır yollayışların turagent şəbəkələrində satışa çıxarılması əsas məsələlərdəndir. Otellərimizdə elektron rezervasiya da aktual məsələlərdən biridir.
Novruz bayramı ərəfəsində muxtar respublikamıza minlərlə qonaq gəlməkdə, az qala iki həftəyə yaxın tətil günü keçirməkdədir. Bu ərəfəyə aylar öncə hazırlaşmalı olan turfirmalar icra hakimiyyətləri və bələdiyyələrlə birgə turistlərə təqdim edəcəkləri tanıtım tədbirlərinin planını hazırlayıb müvafiq təşkilatlardan – Mədəniyyət və Turizm Nazirliyindən və elm-təhsil müəssisələrindən metodoloji dəstək istəməli idilər. Dünya təcrübəsinə əsasən, qısa mövsümdə əlbir işləməklə turizmdən yaxşı töhfə almaq istəyən belə turizm sənayesi modeli öz çevikliyi və operativ menecmenti ilə fərqlənməlidir. Belə olduqda, misal üçün, yuxarıda qeyd etdiyimiz kimi, bu bayram günlərində öz dərin milli inancları naminə doğma yurd-yuvalarına səyahət edənlərə bol xidmətlər zərfi təklif olunması da asanlaşır. Belə ki, bu gün lap minlərlə kilometr uzaqda olsa da, hər bir azərbaycanlının öz doğma ocağına can atması, yaxınlarına qovuşmaq istəyi inanc turizmi baxımından çox əlamətdar bir hadisə, biznes baxımından isə yaxşı fürsətdir. Çünki dünyada inanclarla yaşayan tək varlıq kimi hər bir insanın Yaradana və yaradılmışa sevgi, mədəniyyətə qovuşmaq, insanların hörmətini və məhəbbətini qazanmaq kimi ülvi duyğularla müqəddəs yerləri ziyarət etmək və bu inancları daha da dərinləşdirmək istəyi vardır.
Hazırda dünya üzrə müxtəlif din və inanc sahibləri olan insanlar bir çox dini ziyarət mərkəzlərinə səyahətlər edirlər. Bu səyahətlərin gerçəkləşdirilməsində inanc turizmi üçün zəruri olan bütün minimum şərait, dini etiqadları baxımından zəvvarları maraqlandıran bütün tələblər ödənilməyə çalışılır. Bu da təsadüfi deyildir. Çünki inanc turizmi kruiz və konfrans turizmindən sonra ən bahalı turizm növlərindən biridir. Başqa sözlə, misal üçün, ekoturizmdə iştirak edən uşaq və gənc­lərdə əsas motiv təbiətlə ünsiyyət və ekoloji tərbiyə olduğundan bu zaman gəlir əldə edilməsi ehtimalı da azalır. Tanışlıq və inanc turizmində iştirak edənlər isə yaşlı nəslin nümayəndə­ləri olduğundan onların bu səfərləri zamanı xərcləri də çoxdur. Qədimdə zəvvarlar at və dəvələrlə səyahətlərə çıxan varlı adamlar olduğu kimi, hazırda da onların böyük əksəriyyəti hava yolu və bahalı kruiz marşrutları seçən insanlardır. Naxçıvanda ziyarət turizmi üçün həm xeyli sayda ziyarətgahlarımız, həm də müsəlman dünyasından hava, quru və gələcəkdə dəmir yolu ilə gələcək çox sayda zəvvar-turisti qarşılayıb yola salmaq imkanlarımız vardır.
Muxtar respublikamızda inanc turizminin inkişafı üçün mövcud olan ziyarətgahlar haqqında danışarkən ənənəvi olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahını, qədim tarixi məscidlərimizi, Möminə xatın türbəsini, Nuh Peyğəmbərin türbəsini, Gəmiqaya təsvirlərini, imamzadələri, müxtəlif pirləri sadalaya bilərik. Kiçik bir yazıda bu müqəddəs yerlərin, sadəcə, adını sadalayaraq mətləbə keçməyi daha məqsədə­uyğun hesab edirik. İnanc turizmindən danışdıqda onun inkişafı üçün tələb olunanların öyrənilməsi, lazım olan turist seqmentinin düzgün seçilməsi, müvafiq turist marşrutlarının hazırlanması və onların pasportlaşdırılması, burada işə töhfə verə biləcək kadrlara yer verilməsi, onların gücündən istifadə olunması məsələlərinə diqqət yetirilməlidir.
İnanc turizminin təşkili üçün ümumi şərtlər olsa da, bu turizm növünün təşkilinin özünəməxsus tələbləri vardır. Dindarlar və ya zəvvarlar üçün yaradılması zəruri olan ibadət yerləri, mehmanxanalarda qadınlar, kişilər və uşaqlar üçün tələb olunan müvafiq şərait, müxtəlif zərf xidmətlərindən ibarət olan turların yaradılması, onların texniki və iqtisadi cəhətdən qiymətləndirilməsi, bu turlar üzrə müxtəlif turist seqmentini maraqlandıran qiymətlərin müəyyənləşdirilməsi spesifik tələblərdən biridir.

Muxtar respublikamızda Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar turizm marşrutları üzrə həm yerli, həm də əcnəbi turistlərə maraqla təqdim olunacaq çox sayda abidə vardır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanmış sxematik planlarda bu marşrutlar boyunca turistlərə təqdim oluna biləcək bütün maraq obyektləri və yaradılmış infrastruktur şəraiti təsvir edilmişdir. Ancaq turizm marşrutunun uğurlu olması, onun getdikcə daha çox turisti özünə cəlb edə bilməsi üçün belə turların tərkibindəki ekskursiya və əlavə xidmətlər zərfinin hazırlanması tələb olunur. Ümid edirik ki, bu işdə özəl sektor, turizm biznesi ilə məşğul olan sahibkarlar üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər. Çünki Naxçıvanda inanc turizmi üçün mövcud olan ehtiyatlar və burada müasir turistlərə lazım olan şərait təkcə bir mövsümdə deyil, ilboyu bu turizm növü üzrə turist gətirilməsinə imkanlar yaradır. Turizm firmalarının bu sahədə fəallığının, muxtar respublikamıza səyahət edən turistlərin bir hissəsinin inanc turlarına cəlb olunması üçün geniş təbliğat kampaniyasının vaxtı çatmışdır.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR