22 Dekabr 2024, Bazar

Turizm sektoru müasir dövrdə dünya iqtisadiyyatının ən potensial sahələrindən biridir. Bu sahənin inkişafı elə bir səviyyəyə gəlib çatıb ki, hazırda elektronikadan sonra ən çox gəlir gətirən sektor kimi tanınır. Yunanıstan, İtaliya, İspaniya, Türkiyə kimi ölkələrin timsalında bunu aydın görmək mümkündür. Eyni zamanda nəzərə alaq ki, XXI əsrdə dünya ölkələrində turizmin inkişaf etdirilməsi daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Müxtəlif hesablamalara görə, bir turistin orta hesabla bir ölkədə xərclədiyi pul bir ton xam neftin qiymətindən artıqdır. Belə olduğu halda biz nədən tükənməz sərvət olan turizmin inkişafında ləngiməliyik? Bizim digər sərvətimiz isə belə demək mümkünsə, qonaqpərvərliyimizdir. Deyə bilərsiniz ki, axı bunsuz turizmi necə inkişaf etdirmək olar? Sualı belə cavablandırmaq mümkündür ki, dünyanın bir çox ölkələrində qonaqpərvərlik amili turizm sektorunun inkişaf etdirilməsi üçün qarşıya iqtisadi məqsəd kimi qoyulur, bizdə isə əksinə, xalqımızın hər bir nümayəndəsi qonaqpərvərliyi özünün milli dəyəri kimi görür.

Burada bir çox məqamlar var ki, bunu düzgün anlamalıyıq: qonaqpərvərlik kənardan gəlmiş bir şəxsi, sadəcə, yeməyə, gəzməyə dəvət etmək deyil, həm də ona olduğu ölkədə öz dəyərini hiss etdirməkdir. Təəssüf ki, turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində bunu bəzi hallarda sektordan kənarda görmək mümkün olmur. Ancaq həmin ölkələrdə turizmin marketinq strategiyası elə qurulur ki, bu amil düşündüyümüz maraqlardan kənarda qalır. Bizdə isə çatışmayan odur ki, qonaqpərvərliyimizi hələ də bu sektorda tam tətbiq edə bilmirik. Yəni fərdi olaraq etdiklərimizi ümumi səviyyədə təbliğ edə bilmirik. Bunun ən böyük səbəbi isə turizmə yanaşma tərzindən qaynaqlanır. Çünki biz hələ də turizmə daimi yox, mövsümi iş kimi baxırıq, halbuki muxtar respublikada ilin bütün fəsillərində turistlərin marağını təmin edəcək imkanlar var. Biz turizmin inkişafını dövlətdən gözləyirik, ancaq ən inkişaf etmiş ölkələrdə dövlət yalnız infrastrukturun təmin edilməsini həyata keçirir. Turizm sektorunu isə böyük şirkətlər deyil, kiçik və orta sahibkarlar inkişaf etdirir. Turizmin inkişafını hələ də bu sahə ilə məşğul olanların işi olduğunu düşünürük, lakin unuduruq ki, bir turistin ölkə ərazisinə ayaq basdığı andan ünsiyyətdə olduğu hər kəs turizmə öz töhfəsini verir. Biz turizmin inkişaf etdirilməsində təbliğatın çox mühüm rolu olduğunu yaxşı bilirik, amma bunu sərhədlərimizdən kənara çıxara bilmirik. Və nəhayət... Biz hələ də turizmdən danışmağı çox sevirik, amma bunu praktik olaraq icra edə bilmirik... 

Əslində, turizmlə bağlı yazının bu cür pessimist ruha köklənməsini istəməzdim. Ancaq biz, həqiqətən, nəyinsə düzəlməsini istəyiriksə, muxtar respublikamızın inkişafını istəyiriksə, onun ölkəmizdən kənarda tanınmağına seviniriksə, bunları deməliyik. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası elə bir coğrafi məkanda yerləşir ki, ana təbiət bu qədim diyardan heç bir gözəlliyi əsirgəməyib. Ərazisinin kiçik olmasına baxmayaraq, Naxçıvanın təbiəti, tarixi və mədəni dəyərləri, sakit həyat tərzi burada çoxsaylı turizm növlərinin inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynayır. Ötən dövr ərzində regionda turizm infrastrukturunun yaradılması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. Aparılan genişhəcmli tikinti-quruculuq işləri çərçivəsində muxtar respublikada avtomobil yolları yenilənib, tarixi və mədəni abidələr bərpa olunub, yeni otel və istirahət mərkəzləri yaradılıb, ən ucqar kənd yaşayış məntəqələrində belə, müasir tələblərə cavab verən ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilib. Hazırda da bu sahədə işlər davam etdirilir. Ancaq ayrı-ayrı dövlət qurumlarının, sahibkarların, eləcə də muxtar respublikaya gələn turistlərlə bu və ya digər dərəcədə əlaqəli olan müxtəlif peşə sahiblərinin fəaliyyətində hələ ki, heç bir təşəbbüsün ortaya qoyulmaması təəssüf doğurucu məqam olaraq qalmaqdadır. Sanki hər kəs turistin onun ayağına gələcəyini gözləyir ki, sonra xidmət göstərməyə başlasın. Bəs bu gün turizmin inkişafına töhfə verə biləcək sadə peşə sahibləri bu haqda necə düşünürlər?
Mövzu ilə bağlı söhbətləşmək istədiyim taksi sürücüləri ilə obyektiv nəticəyə varmaq üçün əvvəlcədən adlarının çəkilməməsinə söz verdim. Şərti adı Ramin olan taksi sürücüsü 6 ilə yaxındır ki, bu işlə məşğul olduğunu deyir. Həmsöhbətim bildirir ki, sürücü kimi indiyədək xeyli sayda turist gəzdirib. Əsas müştəriləri isə qonşu ölkələrdən olublar: “İran və Türkiyə respublikalarından indiyədək xeyli müştərilərim olub, hansı ki, Naxçıvana gəzməyə gəliblər. Müştərilərimdən elələri olub ki, əvvəllər də Naxçıvanda olduğuna görə gedəcəyi yerləri əvvəldən mənə deyib və yaxud nə isə almağa gedəndə məndən köməklik istəyib, mən də etmişəm. Aramızda münasibət yaranıb, hər dəfə bura yolları düşəndə məni axtarıb tapıblar ki, onları burada mən müşayiət edim”. “Bəs heç tanımadığın bir turist gələndə necə, ona hansı yerləri gəzməyi təklif edirsən?” sualına cavab verir ki, ondan haralarda, necə bir yerdə olmaq istədiyini soruşuram və ona görə hərəkət edirəm.
“Məsələn, deyək ki, müştəri kimi taksiyə əyləşən birisi Naxçıvanın təbii gözəlliklərini görmək istəyir. Ona hansı yerləri təklif edərsən?” sualıma belə bir cavab alıram:

– Hər halda Batabat istiqamətinə getməyi təklif edərəm.
– Niyə məhz Batabat? Məgər başqa yer yoxdur?
– Çünki orada təbiət daha gözəldir, yaşıllığı çoxdur.
– Başqa hansı yerləri təklif edərsən?
– ...
Sualımıza digər taksi sürücüsü Kənan isə belə cavab verir: “Əslində müştəri ilə bir az söhbət etdikcə onun hara getmək istədiyini, nəyə daha çox maraqlı olduğunu bilmək olur. Məsələn, mənim müştərilərim olub ki, Naxçıvan şəhərindəki tarixi yerlərin hamısını birlikdə gəzmişik. Üç gün ərzində Şahbuz, Culfa və Ordubad rayonlarında olmuşuq. Kənd­lərimiz çox xoşlarına gəlib, yollarımızı bəyəniblər. Sonradan öyrənmişəm ki, müştərilərimin biri rəssamdır, yoldaşı isə müəllim. Onlar üçün maraqlı idi Naxçıvandakı muzeylərlə, tarixi abidələrlə, xüsusilə dağ kənd­ləri ilə tanış olsunlar. Amma hamısı eyni düşüncədə olmur ki. Müştəri olub ki, ancaq buradakı bazarları, ticarət mərkəzlərini gəzib”.
Bəs deyək ki, gələn turist harada qalmaq və yaxud yemək üçün sizdən məsləhət almaq istəyir. Ona necə yardım edə bilirsiniz?
Həmsöhbətim vurğulayır ki, gecələmək üçün şəhərdəki otelləri təklif edirik. Bəzən gələn adam 10-15 gün qalmaq istəyir. Bu zaman çoxları fərdi ev kirayələyir. Çünki bu, turist üçün daha sərfəli olur. Bunu ən çox Duzdağ sanatoriyasına gələnlər istəyir. O ki qaldı yemək məsələsinə. Soruşuruq ki, necə bir yerdə yemək istəyirsiniz və ya özümüz bizim üçün tanış olan yeməkxanalara aparırıq.
Söhbət əsnasında taksi sürücüləri muxtar respublikada gəzmək üçün turistik ərazilər kimi yalnız Batabat, Duzdağ və Əshabi-Kəhf ziyarətgahının adını çəkə bildilər. Tarixi abidələr sırasında isə Möminə xatın türbəsinin, Nuh türbəsinin və Naxçıvanqalanın adını söylədilər.
Burada bir haşiyə çıxaraq bildirmək istərdik ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülər istənilən ölkədə turistlərlə sıx əlaqədə olan peşə sahibidirlər. Turistin bir şəhər və yaxud bölgə ilə tanışlığı çox vaxt taksidə başlayır. Taksi sürücülərinin müştəri ilə davranışları, onlara verdikləri məlumatlar turistlər üçün ilk təəssürat qaynaqlarıdır. Buna görə də bu peşə sahiblərinin olduqları yerin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması qaçılmazdır. Təbii ki, burada akademik biliyə malik olmaqdan söhbət getmir. Ancaq istənilən turistin marağını təmin etmək müəyyən qədər də bu peşə ilə məşğul olanların üzərinə düşür. Son dövrlərdə muxtar respublikada nəqliyyatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər haqqında hər birimiz məlumatlıyıq. Xüsusilə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində xidmət sektorunda çalışan sürücülərlə müxtəlif mövzularda (müvafiq geyim formalarından düzgün istifadə, davranış qaydalarına riayət olunması və sair) seminarların təşkili və bunun əməli nəticələri hər kəs tərəfindən razılıqla qarşılanır. Məgər adıçəkilən nazirlik Mədəniyyət və Turizm Nazirliyi ilə birgə taksi xidməti ilə məşğul olanlarla turizmin inkişafına xidmət məqsədilə seminarlar təşkil etsə, bu, ümumi işin xeyrinə olmazmı? Və yaxud hər iki dövlət qurumu Naxçıvanın turizm obyektləri və onların marşrutu ilə bağlı bir neçə əsas dildə məlumatlandırıcı bukletlər hazırlasa və bunun muxtar respublikada taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrində olmasını təmin etsə, turizmin inkişafına töhfə olmazmı?
Qayıdaq əvvəlki söhbətimizə. Şəhərimizdə fəaliyyət göstərən bir neçə yeməkxanada, əsasən, xidmətçilərlə görüşüb ayaqüstü söhbət etmək imkanımız oldu. Ümumi mənzərə isə bu idi ki, yeməkxanalarımızda səliqə-sahman hökm sürsə də, hamımıza məlum bir neçə milli kabab və qazan yeməklərindən başqa təqdim edəcəyimiz fərqli çeşidlərimiz yoxdur. Fərqli çeşiddə yeməkləri isə (onların sayı çox deyil) qonaq sayına görə yalnız xeyli əvvəldən sifariş verməklə əldə etmək olar.
Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, hələ də paytaxt Naxçıvan şəhərində sırf səhər yeməkləri təqdim edən bir ünvanımız yoxdur. Halbuki belə bir kafenin fəaliyyət göstərməsi turizmin inkişafı baxımından çox lazımlı obyektlərdən ola bilər. Kafedə isti təndir çörəyi, yerli bal, qaymaq, inək yağı, qatıq, süd, xamadan tutmuş səhər yeyilə biləcək bir çox yemək növlərinədək xeyli yemək çeşidləri təqdim etmək olar. Fikirləşə bilərik ki, onsuz da bəzi yeməkxanalarda və ya otellərimizdə səhər yeməyi verilir. Bunu biz də bilirik, ancaq söhbət ixtisaslaşmadan gedir – bu tip yerlərdə milli yemək növlərini daha yaxşı tanıtmaq və təbliğ etmək mümkündür. Hər halda yerli sahibkarların bu haqda düşünməsi işin xeyrinə ola bilər.

Sonda gəldiyimiz nəticə budur ki, turizmdə müxtəlif sahələrin inkişaf etdirilməsi üçün hələ çox iş görməliyik. Bu sahənin inkişafına yerli sahibkarların marağını daha da artırmalıyıq. Muxtar respublikamızın turizm diyarına çevrilməsi üçün reklam vasitələrindən düzgün istifadə etməli, turizm obyektlərimizin koordinatları ilə hər addımda – taksidə, daxili avtobus nəqliyyatlarında, otellərimizdə, hava limanı və gömrük-keçid məntəqələrində, küçə və prospektlərimizdə rastlaşmalıyıq ki, bura yolu düşən turistlərə də hər birimiz bələdçilik edə bilək. Unutmayaq ki, turizm kifayət qədər geniş və perspektivli bir sahədir. Turizm yeni iş yerlərinin açılmasına, tariximizi, mədəniyyətimizi, ənənələrimizi tanıtmağımıza, yerli məhsullarımızın daxili və xarici bazarda satılmasına, beynəlxalq aləmdə düzgün təbliğ olunmağımıza, dünyada ölkəmizin haqq sözünü deməyə imkan verən sahələrdən biridir. Buna görə də turizmin inkişafı ümumxalq işidir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR