22 Dekabr 2024, Bazar

Ölkəmizin və onun tərkib hissəsi olan muxtar respublikamızın çox geniş turizm potensialı vardır. Diqqət etsək, bu məqamda yalnız turizm ehtiyatlarımızdan deyil, məhz turizm potensialımızdan danışırıq. Çünki turizm deyəndə yalnız turizm ehtiyatlarımızdan bir neçəsinin adlarının sadalanması heç turizm ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinə də yaraşmır. Odur ki, turizm potensialından danışırıqsa, o zaman hökmən elmi mülahizələrlə sübuta yetirilmiş, turistlərin real tələbatları baxımından öz təsdiqini tapmış və praktiki olaraq təcrübədən keçirilmiş arqumentlərə əsaslanmalıyıq. 

Naxçıvan Muxtar Respublikası təkcə ölkə­mizin deyil, ümumiyyətlə, yaxın coğrafiyanın turizm baxımından ən cazibədar regionudur. Cəlbedicilik kimi bəziləri buradakı tarixi abidələri, bir başqaları təbii şəraiti və ya mineral suları, yaxud müalicəvi məkanları göstərə, bunları milli qonaqpərvərlik elementləri ilə də zənginləşdirə bilərlər. Şübhəsiz, bizim turizm ehtiyatlarımız kimi bunların hamısı vardır və onları görüb qiymətləndirmək üçün xüsusi istedad tələb olunmur. Ancaq Naxçıvanın əsl turizm potensialını onun müasir inkişafında axtarmaq, muxtar respublikamızın müasir inkişafının yaratdığı imkanlarla turizm ehtiyatlarımızın bəhrəsini görmək bu gün turizmin təşkili məsələlərində əsas yer tutmalıdır.

Ona görə də turizm deyəndə təbiətin və xalqımızın minillik mədəniyyətinin yaratdığı turizm ehtiyatlarımızdan istifadə edə biləcək gücümüzdən, mədəniyyətimizdən, onları tanıtmaq işindəki səriştəmizdən danışmaq daha məqsədəuyğundur. Naxçıvanı 20 il əvvəlki vəziyyətindən tam fərqli libasla bəzəyən möhtəşəm quruculuq həm də onu bir turizm regionu halına gətiribsə, indi qarşımızdakı vəzifələr nədir? Məsələn, turizm problemlərinə aid elmi kitab və jurnallarda bəzi ölkələrdə turistlərin maraq göstərdikləri yerlərə getməsi üçün yol və nəqliyyat çətinliklərindən, xidmətlərdəki yarıtmazlıqlardan və hətta kriminogen təhlükələrdən bəhs olunur. Biz isə bu gün turizm potensialımız deyərkən, turizm ehtiyatı kimi misal üçün, sadəcə, Naxçıvanın təmiz havasını əsas götürə­rək muxtar respublikaya gəlmək istəyən turistlərə buradakı möhkəm asayişdən, sabitlikdən, dünyanın çox yerində rastlaşılmayacaq dürüstlükdən, digər xalqların mədəniyyətinə, onların milli kimliyinə olan tolerantlığımızdan danışırıq. Bəzən servis sektorumuzda göstərilən peşəkar xidmətlərin tam olmasını arzu edirik. Bəlkə bizim restoranlarda və yaxud otellərdəki bəzi işçilərimiz az gülərüz ola bilər, yaxud ilk dəfə gəlmiş əcnəbilər şəhərimizin köşklərində turist xəritəsi tapa bilməzlər. Ancaq inanırıq ki, belə kiçik çatışmazlıqlar bəzən ümumi peşəkarlığımız qarşısında dərindən hiss olunmaya bilər. Odur ki, turizm-xidmət sektorunda tələb olunan peşəkarlığın mükəmməl öyrənilməsi öz qazancını buradan gözləyən hər kəsin vəzifəsi olmalıdır.
Peşəkarlıq ən yaxşı qonaqpərvərlikdir. Şübhəsiz, qonaqpərvərlik turizmin ən vacib elementlərindən biridir. Başqa sözlə, ərazi nə qədər qeyri-adi ehtiyatlarla zəngin olsa da, qonaqpərvərlik gözləmədiyi yerə heç bir turist ayaq basmayacaq. Bu da məlumdur ki, indiki texnologiya dövründə əksər turistlər gedəcəkləri yer haqqında əvvəlcədən araşdırma aparır, internetdə yerləşdirilmiş elektron resurslarla tanış olduqdan sonra buradakı cazibədarlıqla canlı olaraq yerində tanış olmaq üçün səyahətə yollanırlar. Belə olduqda, gəlin görək, muxtar respublikamızın gəzib-görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu haqqında nə qədər elektron resurs yaradılıb, hansı filmlər çəkilib, nüfuzlu jurnallarda bu haqda neçə elmi məqalə dərc etdirilib? Turizm potensialımızın təbliği heç də tək bir qurumun vəzifəsi olmadığı kimi, ondan fayda görmək istəyən hər kəs ümumi işə öz töhfəsini verməlidir. Bir səyahətçi kimi turistlər bizdən daha tələbkardırlar. Ona görə də turistlərin vaxtının boş yerə keçməməsi üçün onlara turizm yollayışında əks olunmuş dəqiq xidmətlər zərfinin göstərilməsi tələb olunur. Bəziləri isə bu məsələdə çətinlik çəkirlər. Amma bir fakt: təkcə Naxçıvandakı muzeylərin imkanları, onların zənginliyi ilə buraya səyahət edəcək turistlərə saatlarla deyil, günlərlə mənalı vaxt təklif etmək imkanımız vardır. Naxçıvana gələn turistlərimizə XII əsr memarlığının şah əsəri olan Möminə xatın türbəsinin təqdimatı onların yaddaşından silinməyəcək bir hadisəyə çevrilməli, təqdimatlardan alınan təəssürat hədiyyəlik əşyalarla daha yaddaqalan olmalıdır. Odur ki, Naxçıvanı tanıdan, buraya səfər etmiş əcnəbiləri bir daha buraya cəlb edəcək hədiyyəlik əşyalar satışı, onların yaddaşında qalacaq xatirə bukletləri, reklam məzmunlu digər materiallar şəhərimizin müasir market və köşklərini, kitab mağazalarını, hava limanındakı, avtovağzallardakı qəzet köşklərini, sözün əsl mənasında, bəzəməli, turistləri seçim qarşısında qoymalıdır. Bunun üçün imkanlarımız isə kifayət qədərdir. Əgər bu gün dövlətimiz Naxçıvanın bir simvolu olan Əlincəqalanın bərpası üçün vəsait xərcləməyi lazım bilirsə, onda görəsən, Culfa rayonunda bu turizm incisinin təbliği və tanıdılması üçün indiyə qədər hansı işlər görülüb? Bəli, Batabatın və Ağbulağın tanıdılması üçün, ilk növbədə, şahbuzlular qolları çırmayıb işə girişməli, hamıdan çox ordubadlılar Gəmiqayanın ecazkarlığından bəhs etməli, hamımız birgə naxçıvanlı təəssübkeşliyimizi ortaya qoymalıyıq. Turizm xidmətlərində elektron resursların əhəmiyyəti haqqında çox danışırıq. Güman edirik ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytı və burada xarici dillərdə təqdim olunacaq məlumatlar turistlər üçün çox faydalı olacaq. Ancaq burada təkcə bu qurumun üzərinəmi iş düşür? Görəsən, yerli icra hakimiyyətlərinin, demək olar ki, boş olan saytları heç olmasa həmin bölgələrin görməli yerlərindən ibarət fotoqalereya ilə zənginləşdirilsə, nə qədər xərc aparar? Hazırkı texnoloji imkanlarla 5-10 manat. Bəs heç internet saytı olmayan Naxçıvan bələdiyyəsi necə? O, bu sahədəki öz fəaliyyəti ilə digər bələdiyyələrə necə nümunə ola bilər? İndiyə qədər başı qarışıq olmuş bələdiyyələrimizin, xüsusən bu sahəyə can yanğısı görünməli, istər paytaxtımızda, istərsə də muxtar respublikamızın digər yaşayış məntəqələrindəki sosial-mədəni şərait bələdiyyələrin gördükləri işlərlə tamamlanmalıdır. Sözün qısası, gəlin turizmdə peşəkarlıq deyəndə təkcə otel personalının bacarıq səviyyəsindən bəhs edib onları qınamayaq. Turizm sektorundakı peşəkarlıq bu sahəni idarə etmək vəzifəsi tapşırılmış şəxslərdən tutmuş turistlərlə yarım saat ünsiyyətdə olan satıcı və ya taksi sürücüsünədək hər kəsin vətəndaşlıq borcudur.
Və vətənpərvərlik. Turizmdən, xüsusən beynəlxalq turizmdən gələn gəlirlərə hamı maraqlıdır. Çünki turizm xidmətlərinin elə bir mexanizmi vardır ki, buradan əldə olunan gəlir çox qısa müddətdə paylanıla bilir. Ancaq umduğumuz gəlirlərin real olması üçün, xüsusən təbliğat hər birimizin vəzifəsidir. Bu vəzifə muxtar respublikamızın inkişafı üçün yorulmadan çalışan bütün insanlar kimi, onun gözəlliklərini təbliğ edənlərin vətənpərvərlik borcudur. Çünki turizm peşəkarlıqla bərabər, həm də vətənpərvərlik tələb edən bir sahədir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR