22 Dekabr 2024, Bazar

Turizm marşrutu regiona səyahət edən turistlərin ərazi ilə tanış ola bilməsi üçün müəyyən bir istiqamət üzrə əvvəlcədən tərtib edilmiş bütöv bir tədbirlər planıdır. Belə bir marşrut regiona turistlərin cəlb olunmasına maraqlı olan firma və ya müəssisələr, bunlar olmadığı halda isə turistlərin özləri tərəfindən də işlənib hazırlana bilər. Turistlərin səyahət güzərgahı bəzən yerli əhalinin istifadə etdiyi yollarla eyni olsa da, turizm marşrutu adi sərnişindaşıma marşrutu anlayışından tamamilə fərqlənir. Turizmin əsas motiv, tələb və xidmət standartları baxımından özünəməxsus xüsusiyyətləri vardır. Muxtar respublikamızın zəngin turizm ehtiyatları və turistlərin müxtəlif istiqamətlərdə hərəkəti üçün yaradılmış mövcud imkanlar əsasında təşkil oluna biləcək Naxçıvan-Ordubad turizm marşrutu ilə tanışlıq məqsədilə yola çıxdıq. 

Ordubad tarixi Azərbaycan şəhəri olub, Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Naxçıvan şəhərindən təqribən 80 kilometr aralı məsafədə yerləşən bu şəhərə və ətrafındakı kəndlərə Azərbaycanın təbiətinə, tarixinə, mədəniyyətinə və milli qonaqpərvərliyinə maraq göstərən xarici turistlər üçün maraqlı tur və ekskursiyalar təşkil etmək mümkündür. Qeyd etmək lazımdır ki, Ordubada turist cəlb olunması əvvəlcədən xüsusi xərc tələb edən tanıtım tədbirləri də tələb etmir. Ordubad Naxçıvanın Batabat və müqəddəs Əshabi-Kəhf ziyarətgahı kimi hələ yaxın keçmişdən insanların yaddaşında bir turizm markası kimi özünə möhkəm yer tutmuşdur. Ordubadın yerləşmə mövqeyi, təmiz havası, suyu, iqlimi, təbii ehtiyatları, flora və fauna aləmi, yerli əhalinin həyat tərzi, adət-ənənələri, məşğuliyyəti, milli mətbəx nümunələri Ordubad rayonunun iqtisadi imkanları, sahibkarlığın inkişaf səviyyəsi və sosial həyatı ilə birgə sintez olunaraq çoxlu sayda maraqlı turlar üçün mövzu ola bilər. Belə turların hazırlanıb həyata keçirilməsi, onların tanıdılması və ümumiyyətlə, turizmdən gözlənilən gəlirlərin əldə olunması isə bu istiqamətdəki marşrutların uzunmüddətliliyindən və onların kommersiya uğurundan asılıdır. 

Naxçıvan-Ordubad turizm mar­şrutunun başlanğıc nöqtəsi Naxçıvan şəhəridir. Şəhərdəki otellərdə yerləşmiş turistləri əvvəlcədən hazırlanmış plan əsasında lüks avtobus və ya mikroavtobuslarda Ordubada səyahətə apararkən əvvəlcə onlara muxtar respublika haqqında ilk təəssüratları yaradan məlumatlar verilməlidir. Bu zaman turistlərə bildirilməlidir ki, Ordubada avtomobil və ya mikroavtobusla normal sürətlə təqribən bir saata çatmaq mümkün olsa da, yol boyu Naxçıvanın görməli yerləri, landşaft gözəllikləri ilə tanış olmaq onların iki saatdan artıq vaxtını ala bilər. Yol boyu onların istifadə edə biləcəkləri dayanacaqlar və çay fasiləsi imkanları haqqında da məlumat vermək bu turmarşrut üzrə ixtisaslaşmış bələdçinin əsas vəzifələrindən biridir. Ordubad şəhərində turistlərin yerləşdirilməsi üçün, hələlik, münasib otelin olmamasına görə bu marşrut boyunca səfərə çıxan turistlərin həmin gün Naxçıvan şəhərinə qayıtmasını şərtləndirir ki, bu da səfərin əvvəlində turistlərin diqqətinə çatdırılmalıdır.
Naxçıvan-Ordubad turizm mar­şrutu üzrə ilk tanışlıq elə Naxçıvan şəhərinin çıxışından başlanır. Naxçıvan Beynəlxalq Hava Limanına yaxın ərazidən yeni inşa olunmuş rahat Naxçıvan-Culfa magistral yolu ilə Naxçıvan şəhərindən Şərqə doğru getdikcə Zəngəzur silsiləsinin fonunda turistlərin çoxdan bəri görmək istədikləri Haçadağın əzəməti turistlərdə dərin təəssürat yaradacaq ilk elementlərdəndir. Qeyd etmək lazımdır ki, yaxşı turizm mütəxəssisi elə buradaca turistlərin diqqətini özünə cəmləşdirməyi, bütün ekskursantları onu dinləməyə “məcbur etməyi” bacarmalıdır. Belə bir qayda var ki, nəqliyyat vasitəsindəki turistlər bələdçilərinə qulaq asmaq əvəzinə, öz söhbətlərinə başlasalar, bu səyahət elə başladığı kimi də başa çatacaq. Ona görə də turizm dili ilə desək, səyahətə çıxmış turistlərin qulağı bələdçidə, gözü getdiyi yolda, diqqəti kamerasında olmalı, onlara daha çox foto və videotəsvirlər ala bilmələri üçün imkanlar yaradılmalıdır.

Naxçıvandan müqəddəs Əshabi-Kəhf ziyarətgahı istiqamətinə gedən yolu keçərək irəlilədikcə turistlər bu məşhur ziyarətgah və Haçadağ haqqında maraqlı məlumatlar ala, habelə Culfa şəhərinə yaxınlaşdıqca Araz çayı mənzərəsini seyr edə bilərlər. Darıdağ arsenli mineral su mənbəyinə yaxınlaşdıqca turistlərə Naxçıvanın mineral su mənbələri haqqında maraqlı məlumatların çatdırılması məqsədəuyğundur. Beləliklə, Araz çayının sol sahili boyunca ekzotik landşaft görüntüsünü seyr edən turistlərin gözü qarşısında Ordubad şəhərini şimal və şimal-şərq tərəfdən əhatə edən sərt sıldırımlı dağların mənzərəsi açılır: Naxçıvan-Ordubad turizm marşrutundakı əsas təyinat nöqtəsi Ordubad şəhərinə xoş gəlmisiniz!
Ordubada daxil olarkən turistlərin marağını cəlb edən ilk gözəllik “Bəlkə” dağının və “Bərəkə” qayasının panoramasıdır. Şəhərin mərkəzinə doğru irəlilədikcə burada müasirliyin və tarixi gözəlliyin sehrinə qapılmamaq mümkün deyil. Doğrudan da, Ordubad qeyri-adi bir şəhərdir. Şəhərin yerləşdiyi ərazinin landşaft quruluşu elədir ki, burada istənilən nöqtədə dayandıqda hansısa bir mənzərəni seyr etmək mümkündür. Tarixi binalar, muzeylər, məşhur adamların adı ilə bağlı yerlər, nəhəng Ordubad çinarları, qədim meydanlar – bütün bunlar şəhərlə tanışlıq üçün geniş mövzu verən turizm ehtiyatlarımızdır. Şəhərlə ümumi tanışlıq proqramından sonra ekskursiyamıza çayxanaların birində fasilə vermək mümkündür. Qeyd edək ki, belə bir fasilə saatını da məzmunlu edə bilmək üçün əlimizdə kifayət qədər resurs vardır. Turistlərin məşhur Ordubad limonu, yerli mürəbbələrin geniş çeşidi ilə tanış ola bilməsi üçün bundan yaxşı fürsət ola bilməz. Doğrudan da, Ordubadda dəmlənmiş samovar çayının ayrı ləzzəti var.
Ordubad öz iqliminə görə ilin bütün fəsillərində gözəldir. Ancaq şəhərin yaşıllıq içindəki mənzərəsi xüsusilə cəlbedicidir. Ona görə də Ordubada gətirdiyimiz qrupdakı turistlərin sayı çox olduqda çay fasiləsindən sonra onları istəklərinə görə bir neçə kiçik qruplara da bölmək olar. Şəhəri müstəqil gəzib-dolaşmaq, tarixi meydanlara baş çəkmək istəyənlər, yaxud da ətirli çaydan hələ də doymayanlar varsa, buyursunlar. Görüş yeri saat yarımdan sonra Ordubad şəhərinin “Qoşa çinar”, “Şoraçeşmə”, “Limon” və ya “Mənzərə” kafelərinin birində olacaq. Burada turistlərə günorta yeməyi üçün ləziz Azərbaycan mətbəxindən təamlar sifariş verilmişdir.
...Ləzzətli nahardan sonra Ordubada təşrif buyurmuş turistlərin yorğunluğu çıxmış, restoran sahibinin isə kefi kökəlmişdir. Ölkəmizi tanıtmaq kimi turizmdən gəlir əldə etmək də əsas məqsədlərimizdən biridir. Pul qazanmaq üçün isə keyfiyyətli xidmət əsas şərtdir. Ordubadlı iş adamları bunu yaxşı bilirlər. Əgər turistlərimizi də düzgün seçə bilmişiksə, yəni onlar varlı ölkənin və gəlirli təbəqənin nümayəndələridirsə, onda rayon iqtisadiyyatına da yaxşı töhfə verəcəklər. Ona görə də günortadan sonra, yəni ətraf kənd­lərdən müxtəlif məqsədlərlə şəhərə gəlmiş yerli camaat seyrəldikdən sonra turistlər üçün şəhərdəki hədiyyəlik əl işləri satılan mağazalara, adı dillərdə olan Ordubad quru meyvələri dolu bazara və digər ticarət obyektlərinə baş çəkməyin əsl vaxtıdır. Axşam saatlarına, Naxçıvan şəhərinə qayıdana qədər qoy turistlərimiz sərbəst gəzib-dolaşsın, bol-bol alış-veriş etsinlər.
Turizmin inkişafının əsas məsələlərindən biri turizm ehtiyatları və infrastruktur şəraiti əsasında resept hazırlanmasıdır. Regionumuzda bunların hər ikisi mövcud olduğu halda, konkret turmarşrut hazırlayıb, onun qiymətini hesablayıb turistlərə satmaq, yəni təşkilati turizmin yaradılması isə, nədənsə, hələ də müşkülə dönüb. Halbuki yuxarıda təsvir etdiyimiz kiçik resepti daha da zənginləşdirib təkcə Ordubad şəhərinə deyil, eləcə də başlanğıcı bu rayonun mərkəzi olmaqla son təyinat nöqtəsi Gənzə, Pəzməri, Gəmiqaya, Nürgüt, Məzrə istiqamətləri üzrə əlavə beş marşrut da işləyib hazırlamaq mümkündür. Ordubadda keçirdiyimiz yarım gün və rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları ilə apardığımız söhbət bizə bu qənaətə gəlməyə imkan verdi.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR