Sərbəst səyahət edib dünyanın gözəllikləri ilə tanış olmaq, mənalı istirahət edib öz mənəvi zənginliyini artırmaq hər bir insanın ən böyük hüquqlarındandır. Yüksək zövq, mədəni tələbat və mənəvi inkişafın bir nöqtədə kəsişdiyi turizm bu baxımdan müasir cəmiyyətin inkişaf göstəriciləri arasında mühüm yer tutur. Turizm tələbi elə bir mərhələdə yaranır ki, bu zaman sabitlik, kifayət qədər yüksək gəlir və sosial rifah təmin olunur.
Müstəqillik illərində ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı mənzərəsinə nəzər saldıqda məhz yuxarıda qeyd olunanlarla tanış oluruq. Bunu, ümumən, dünya turizminin XX əsrin 50-ci illərindən başlayan inkişaf yolu ilə müqayisə etdikdə tam məntiqi bir qanunauyğunluq görürük. Çünki azərbaycanlılar həm mədəni, həm də həyat səviyyəsi baxımından bütün inkişaf etmiş ölkələrdə yaşayan xalqlarla eyni səviyyədədir.
Digər fəaliyyət növləri ilə, məsələn, ticarət və ya tikinti ilə müqayisədə turizm nisbətən yeni bir sahədir. Onun inkişafı üçün insanın səyahət etmək arzusundan əlavə, qonaqpərvərlik sektoruna aid olan bir çox sahələrdə mühüm işlər görülməli, həm gələn turistlərin, həm də səfərlərə gedən turistlərin rahat səyahətləri üçün nə tələb olunursa, o da tətbiq edilməlidir. Çünki müasir turistlər çox tələbkardırlar və onlar səyahətlər zamanı bütün xidmətlərdən yüksək peşəkarlıq gözləyirlər. Müstəqillik illərində muxtar respublikamızda turizmin inkişafı istiqamətində görülən işlər də, nəticə etibarilə, buraya səyahət edən bütün turistlərdə dərin məzmunlu milli qonaqpərvərliklə müşayiət olunan yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsi və turizm sahəsində fəaliyyət göstərənlərin peşəkarlığının artırılması yönündə olmuşdur.
Hazırda Naxçıvan Muxtar Respublikasında turizmin bir çox forma, tip və növləri istiqamətində geniş perspektivlər vardır. Bu təkcə son 20 ildə gəlmə turizmin inkişafı ilə əldə olunmuş nəticələrdə də özünü göstərir. Belə ki, 1995-ci illə müqayisədə 2015-ci ildə Naxçıvana gələn turistlərin sayının 10 dəfədən çox artaraq 390 min nəfərə çatması və regionda mövcud olan turizm-rekreasiya ehtiyatlarının fəal iqtisadi dövriyyəyə cəlb olunması bu baxımdan diqqəti cəlb edir. Naxçıvan ildən-ilə abadlaşdırılıb gözəlləşdikcə buraya səyahət edənlərin də sayı artmaqdadır. Bütün bunlar Şərqlə Qərbin qovşağında yerləşən Naxçıvanın bugünkü inkişafını, Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün yaxşı fürsətdir. Yalnız, təəssüf ki, belə bir imkan yaxın keçmişdə olmamış, əksinə, sovetlər dövründə xariclə sərhədyanı bir region kimi Naxçıvan Muxtar Respublikasına gəlmək istəyən xarici turistlərin səyahətləri məhdudlaşdırılmış, buraya gələnlər üçün xüsusi icazə tələb olunmuşdur.
Artıq həmin icazələr dövrü arxada qalmış və Azərbaycan bütün sahələrdə olduğu kimi, turizmdə də öz gücünü ortaya qoya bilmək imkanı qazanmışdır. İndi işğalçı qonşu ölkədən başqa, bütün dünya ölkələrinə səyahət edə bilən azərbaycanlılar hər yerdə ən tələbkar və ən səxavətli turistlər kimi hörmətlə qarşılanırlar. İnsanların gəlirləri artdıqca istirahət və səyahətlərə də olan meyilləri artır. Lakin həm siyasi maraqlarımız, həm də iqtisadi mənafelərimiz baxımından turizmdən gözlənilən əsas nəticələrin – ölkəmizin tanıdılması və valyuta gəlirlərinin əldə olunması üçün daxili və gəlmə turizmin inkişaf etdirilməsi get-gedə öz aktuallığını daha ciddi şəkildə ortaya qoyur. Bu isə turizm sahəsində ümumi infrastruktur yaradılmasından tutmuş kadr təminatına, reklam-marketinqdən və milli qonaqpərvərlik elementlərindən istifadəyə qədər bütün sahələrdə məqsədyönlü işlər tələb edir.
Bəs turizmin inkişafı ilə ölkənin tanıdılması və gəlirlərin əldə olunması üçün hansı məqsədyönlü işlər tələb olunur? İlk olaraq qeyd edək ki, ötən müddət ərzində həm ölkəmizdə, həm də muxtar respublikamızda bu istiqamətdə mühüm nəticələr əldə olunmuşdur. Gələn turist sayını bildirən statistik məlumatlardan başqa, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsində görülmüş işlər barəsindəki arayışında bütün il boyu muxtar respublikamızın turizm potensialından istifadə məqsədilə xeyli işlər görüldüyü, müxtəlif tədbirlər həyata keçirildiyi, sərgilərdə iştirakın təmin olunduğu bildirilir. Bunlar, sözsüz ki, ümumi işə öz töhfəsini verən müsbət addımlardır. Yəni bu gün əcnəbi turistlərin ölkəmizi tanıması, öz ölkələrinə Azərbaycan, azərbaycanlıların qonaqpərvərliyi haqqında müsbət təəssüratla dönmələri nə qədər vacibdirsə, turizmdən gələn gəlirlərə, xüsusən beynəlxalq turizmdən gələn valyuta gəlirlərinə də o qədər ehtiyacımız vardır. Xüsusən dünya bazarında neftin qiymətlərinin dəfələrlə aşağı düşməsi turizm və bunun kimi neftə alternativ olan digər ixrac potensialımızın dərhal hərəkətə gətirilməsi zərurətini ortaya qoyur. Bu günlərdə turizm fəaliyyəti üçün xüsusi lisenziyanın ləğv olunması da bu sahədə kiçik sahibkarlıq fəaliyyətinə geniş meydan açır. Bu da turizmin inkişafı üçün yalnız bir nəfərin və ya bir qurumun deyil, hər kəsin qarşısına yeni vəzifələr qoyur. Əgər turizm hər kəs üçün faydalıdırsa, onun inkişafına da hər kəs öz töhfəsini verməlidir.
Naxçıvan turizm ehtiyatları ilə çox zəngindir. Rəngarəng turizm ehtiyatları, muxtar respublikanı əhatə edən mükəmməl sosial infrastruktur və yüz faiz təmin olunmuş asayiş müasir turistlərin ən çox arzuladığı şərtlərdəndir. Naxçıvanlıların qonaqpərvərliyi, muxtar respublikanın bugünkü iqtisadi imkanları hazırda buraya səfər edən turistlərin sayının daha çox olmasına imkan yaradır. Lakin artıq elə bir vaxt gəlmişdir ki, kəmiyyət amilindən keyfiyyətə keçmə zərurəti də yaranmışdır. Başqa sözlə, turizm baxımından ilə yekun vurarkən oturub təkcə ümumi rəqəmlərlə kifayətlənmək kafi deyil. Yola saldığımız ildə turizmdən nə qədər gəlirlər əldə etdik? Görəsən bu il nə qədər naxçıvanlı turist istirahət üçün xaricə deyil, öz turizm məkanlarımıza üz tutdu? Axı xaricdə xərclədiyimiz valyuta vəsaitləri öz ümumi daxili məhsulumuza çevrilə bilərdi. Və yaxud istirahət məkanlarımızdakı servis qiymətləri yaxın bölgələrdəki analoji qiymətlərlə müqayisədə nə qədər münasibdir? Hər il böyük coşqu ilə keçirilən Novruz bayramındakı el şənliklərini çıxsaq, ilin qalan bütün dövrlərində şəhər və rayon icra hakimiyyətləri turist marağını cəlb edəcək hansı yaddaqalan kütləvi tədbirlər keçirdilər? Bələdiyyələrimiz bu sahə üzrə kiçicik bir reklam xarakterli hansı işləri görüblər? Turizmin inkişafına hamıdan çox diqqət yetirməli olan bu qurumlar öz internet saytlarında (əgər varsa) turizm və qonaqpərvərliklə bağlı hansı elektron resurslar yerləşdiriblər? Artıq 11 ildir ki, Naxçıvanda Turizm və otelçilik ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır. Muxtar respublikada onların gücündən necə istifadə olunur və ya bu ixtisas üzrə magistr olmuş gənclər yenidən kadr hazırlığına necə cəlb olunub? Bu təhsil müəssisələrimiz Naxçıvanın turizm marşrutlarının hazırlanmasına hansı töhfələri veriblər və bu istiqamətdəki hansı araşdırmalar vardır? Bu məsələlər növbəti yazılarımızın mövzularıdır.
Hamı bilir ki, turizm maraqlı və gəlirli bir sahə olmaqla bərabər, eyni zamanda daim diqqət tələb edən bir sahədir. Odur ki, gələcəkdə çətinliklərdən qorxmadan bütün cari məsələlərin yerlərdə operativ həll olunması turizm gəlirlərimizin büdcəmizdə daha çox hiss olunmasına və bu vacib sahədən bütün gözlədiklərimizi əldə etməyə imkan verəcəkdir. Çətin və həlli mürəkkəb olan heç nə yoxdur burada. Hər halda daş daşımaq deyil, gülərüz, peşəkar xidmət və bir də təşəbbüskarlıqdır turizmdə tələb olunan.
Əli Cabbarov