Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin və muxtar respublikada turizm xidməti üzrə fəaliyyət göstərən firmaların nümayəndələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında ekoloji və kənd yaşıl turizminin inkişaf imkanları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva bildirmişdir ki, muxtar respublikamızda saf ekoloji vəziyyətin qorunmasına və ekoturizmin növlərindən biri olan kənd yaşıl turizminin inkişafına xüsusi diqqət yetirilir. Naxçıvanın unikal təbii şəraiti, kənd ərazilərində sosial-mədəni infrastrukturun ən yüksək standartlar səviyyəsində yenilənməsi kənd turizminin inkişafı üçün əlverişli imkanlar yaradır. Muxtar respublikada, ümumiyyətlə, turizmin inkişafına göstərilən dövlət dəstəyi burada dayanıqlı turizmin inkişafı üçün çox mühüm şərtlərdəndir.
Nazirliyin əməkdaşı Əkbər Novruzov “Naxçıvan Muxtar Respublikasında kənd yaşıl turizminin inkişaf istiqamətləri” mövzusundakı çıxışında Naxçıvanda kənd turizmi üçün mövcud olan ehtiyatlardan, onlardan istifadə üçün görülən işlərdən danışmışdır.
“Naxçıvan Muxtar Respublikasında kənd yaşıl turizminin inkişafında məşğulluq məsələləri” mövzusunda çıxış edən “Naxçıvan” Universitetinin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov turizmin bu mühüm növünün inkişafında kadr və məşğulluq məsələlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, kənd yaşıl turizminin inkişafı digər yerli resurslarla bərabər, yerli işçi qüvvəsinin potensialından istifadəni də şərtləndirir.
“Naxçıvan Muxtar Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri və bu istiqamətdə görülən işlər” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsinin müdiri Şövqi Əliyev muxtar respublikamızda ekoturizmin inkişafında qoruq ərazilərinin potensialından istifadə məsələlərinə toxunmuşdur.
Sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının ekoturizm potensialından bəhs edən sərgiyə baxmışlar.
Xəbərlər şöbəsi