1980-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının qərarı ilə sentyabrın 27-si Ümumdünya Turizm Günü elan olunmuşdur. 2001-ci ildən etibarən Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur.
Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, turizm sərvətlərindən səmərəli istifadə olunması, turizmin ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanıdılması baxımından əhəmiyyətli olmuşdur. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur.
“Ölkəmizin dayanıqlı inkişafı üçün gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Turizmin inkişafı üçün birinci şərt ölkədə beynəlxalq irimiqyaslı tədbirlərin keçirilməsidirsə, ikinci şərt ölkədə infrastrukturun inkişaf etdirilməsidir”, – deyən ölkə başçısının rəhbərliyi ilə son illər Azərbaycanın bütün regionlarında yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. Hazırda icrası uğurla davam etdirilən “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” turizm-kurort sahələrinin inkişafına hesablanmış mühüm addımdır. Bu il Bakıda keçirilən I Avropa Oyunları ölkəmizin müasir inkişafını və təbii gözəlliklərini, xalqımızın qonaqpərvərliyini, tolerantlığını, qədim mədəniyyətini və tarixini təbliğ etmək və tanıtmaq baxımından əhəmiyyətli olmuşdur.
Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş perspektivlər açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin də inkişafına təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Hazırda muxtar respublikada turizm fəaliyyətinə lisenziya almış 3 fiziki və 2 hüquqi şəxs, 21 mehmanxana və mehmanxanatipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm marşrutları fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.
Qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada kənd və ekoturizmin inkişafını şərtləndirir. Bu gün Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait yaradılmışdır. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini artırır. Darıdağ Balneoloji Müalicəxanası da yüksək müalicə turizminə malikdir.
Turizmin inkişafı həm də bu sahədə ixtisaslı kadrların hazırlanmasını tələb edir. Muxtar respublikada bu sahənin peşəkar kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Bu gün Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm ixtisası üzrə kadrlar hazırlanır. Həmçinin Naxçıvan Muxtar Respublikası beynəlxalq və daxili turizm sərgilərində fəal iştirak edir. Bu il 42-dən çox ölkənin, 275-ə yaxın şirkətin iştirakı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunmuşdur.
Muxtar respublikanı turizm cəhətdən cəlbedici edən amillərdən biri də burada mövcud olan minlərlə tarixi-mədəni abidələrdir. Bu abidələri görmək üçün hər il yüzlərlə turist muxtar respublikamıza üz tutur. Təbii ki, abidələrin qorunması, bərpası və təbliği sahəsində görülən işlər bu baxımdan əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq, muxtar respublika ərazisindəki 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Naxçıvanı dünyada tanıdan, yüksək turizm imkanlarına malik olan bu abidələrin bərpası diqqət mərkəzində saxlanılmış, yüzlərlə tarixi-mədəni abidəyə yeni həyat verilmişdir. Muxtar respublikadakı tarixi abidələr bura səfər edən alim, tədqiqatçı, jurnalist və turistlərin diqqətini cəlb edir, onlar ölkələrinə qayıtdıqdan sonra muxtar respublikanın zəngin mədəniyyəti, qədim tarixi və abidələri barədə yüzlərlə əsər, məqalə, reportajlar hazırlayıb dünya ictimaiyyətinə çatdırırlar.
Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir.
Turistlər həm də informasiya daşıyıcısıdır. Turist səfər etdiyi ölkənin təbiəti, şəfalı bulaqları, ləziz mətbəxi, tarixi və mədəniyyəti, qonaqpərvərliyi ilə bağlı məlumatları öz ölkəsinə aparır və təbliğ edir. 2012-ci ildə Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, tarixi və mədəniyyət abidələri, tur firmalar və bələdçilər haqqında məlumat verilməsi, həmçinin internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar respublikanın ilbəil inkişaf edən turizm potensialının təbliği istiqamətində qurmuşdur.
Son illərdə muxtar respublikada digər sahələr kimi, turizmin inkişafı sahəsində görülən işlər də öz bəhrəsini verir. Ötən dövrdə ümumi turizm infrastrukturunun yaradılması, kənd, müalicə, ziyarət, tranzit və digər turizm növlərində əldə edilən nailiyyətlər gələcək turizm mövsümlərində daha böyük uğurlara imza atılmasına stimul verir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və digər aid qurumlar bu sahənin inkişafını bundan sonra da diqqət mərkəzində saxlayacaq, turizm potensialından səmərəli istifadə olunacaqdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti