22 Dekabr 2024, Bazar

Hörmətli oxucular, “Yurdumuzu tanıyaq və tanıdaq” rubrikasında təqdim olunacaq silsilə yazılarla Naxçıvan Muxtar Respublikasının, əslində, çoxlarımızın yaxşı tanıdığı, ancaq bəzi məqamlarda onları lazımınca təqdim və təbliğ etməkdə çətinlik çəkdiyimiz zəngin turizm ehtiyatları ilə sizi tanış edəcəyik. Turizm ehtiyatlarımızın rəngarəngliyi, onlardan məqsədli istifadə, bu sahədə müxtəlif informasiya resurslarının yaradılması və tanıdılması məsələlərinə baxış əsas məqsədlərimizdəndir. Bu yazımızda turizm marşrutları haqqında ilk təsəvvürləri oxucularımızla bölüşəcəyik.

Təzəcə səyahətdən qayıtmış insandan səfəri haqqında soruşduqda o, keçdiyi marşrut boyunca gördüyü maraqlı hər şey haqqında danışmağa çalışır. Dünyanı gəzib-dolaşan turistlər uzaq səfərlərə çıxdıqda müəyyən turizm marşrutu üzrə hərəkət edərək həm onlar üçün rahat olan xidmətlərdən istifadə edir, həm də marşrutun keçdiyi regionun iqtisadiyyatına gəlirlər qazandırırlar. Turizm marşrutlarının tərtib olunması, onların əsasında turların təşkili turizmin inkişafının əsas şərtlərindəndir. Məhz belə olduqda turizm ondan gözlənilən bütün effektləri verəcəkdir. 

Naxçıvan Muxtar Respublikası turizm ehtiyatları ilə zəngindir. Onu da qeyd edək ki, hələ də bəziləri “biz turistlərə nə göstərə bilərik?” deyə sual verirlər. Halbuki turizmi, insanın turizmdən ödənən rekreasiya tələbatını düzgün qiymətləndirə bilən hər bir şəxs üçün nəinki Naxçıvanda, dünyanın istənilən yerində bir-birindən fərqli, bənzərsiz turizm ehtiyatları tapmaq, onları turizm marşrutu üzərində təklif olunan xidmətlər zərfində səyahətsevərlərə təklif etmək mümkündür. Bunun üçün isə çox dərin deyil, normal səviyyəli yaradıcı insan təfəkkürü kifayətdir ki, təbiətin və tarixin hazır nemətləri əsasında tur marşrut hazırlayıb ölkəni tanıdasan, çəkdiyin əziyyətin müqabilində yaxşı da pul qazanasan. Tarixin, mədəniyyətin, təbii gözəlliklərin, milli qonaqpərvərliyin unikal olduğu, infrastrukturun turistlərin tələbatlarını ödəyə biləcəkdən də üstün olduğu bir şəraitdə, deyəsən, çatışmayan bir şey varsa, o da işə yaradıcı münasibətdir.
Əlbəttə ki, yaradıcılıq deyərkən bu mövzuda heç kimdən turizm ehtiyatları və ya infra­struktur yaradılması nəzərdə tutulmur. Turizm ehtiyatları təbii gücün və cəmiyyətin minillik tarixi inkişafının əsasında yaranır. Turizm infrastrukturu isə, öz növbəsində, digər sosial infrastruktur şəraiti kimi dövlət tərəfindən yaradılır. Yaradıcı adlandırdığımız və işindən nəticə gözlədiyimiz insanlar bu rəngarəngliyi hazır turzərf halına sala biləcək, onu peşəkarların təqdimatında turistlərə satıb yaxşı gəlir, imic və nüfuz qazana biləcək hər bir şəxs, təşkilat, firma, hər bir naxçıvanlı iş adamı ola bilər. Naxçıvanın zənginliklərinin əsl cazibədarlığını tapıb üzə çıxaran, bunlara öz tələbatları naminə deyil, turistlərin tələbatları baxımından qiymət verməyi bacaran varsa, buyursun – 5,5 min kvadratkilometrlik bir ərazidə bir-birindən maraqlı, insanı heyrətə salan, səyyahların təəssüratlarında illərlə yaşaya biləcək bir turizm potensialı sizi gözləyir.
Turizm marşrutları geniş mövzudur. Ona görə də turizm marşrutları, onlara qarşı qoyulan ümumi tələblər haqqında danışarkən bu sahədə əldə etdiyimiz biliklərlə bərabər, muxtar respublikamızın elm adamlarının tövsiyələrinə və dəyərli oxucu təkliflərinə də ehtiyac vardır. Muxtar respublikamızın tükənməz təbii gözəllikləri, dərin tarixi-mədəni zənginlikləri əsasında iqtisadi, coğrafi, tarixi, mədəni tələblərin nəzərə alınması ilə təklif edəcəyimiz turizm marşrutlarımızın gələcəkdə də faydalı ola biləcəyi qənaətindəyik.
Naxçıvanda, əsasən, üç istiqamətdə turizm marşrutları təşkil etmək mümkündür. Bunlar Naxçıvan-Kəngərli-Şərur-Sədərək, Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Culfa-Ordubad istiqamətlərində yaradıla bilər. Bu turizm marşrutlarının üzərində mövcud olan hər bir cazibə obyektinin də öz rəng çalarlarına görə istifadəsi mümkündür. Turun məzmunu, onun istifadə vaxtı, bundan istifadə edən turistlərin sosial mənsubiyyəti, yaşı, cinsi, ölkə mənşəyi və digər əlamətlərinə görə seçilməsi, bundan əlavə yay, qış turizm mövsümünün və ölkəmizdəki əlamətdar günlərin nəzərə alınması marşrutları rəngarəng və maraqlı edər. Ona görə də “biz turizmdən nə qazanarıq, yaxud turistlərə maraqlı nə təqdim edə bilərik?” deyə düşünərkən bircə saatlıq araşdırma aparmaq kifayətdir ki, qarşımızda nə qədər böyük potensialın olduğu üzə çıxsın. Regionumuza təşrif buyurmuş turistləri öz istəyimizə görə hansısa istiqamətə ekskursiyaya aparmaq lazım deyil. Məhz əvvəlcədən diqqətlə tərtib olunmuş, bütün parametrlərlə özünü doğruldan, iqtisadi cəhətdən səmərəli, təhlükəsizliyi zəmanət altına alınmış və turistlərin bu istiqamətdəki xidmət obyektlərində həvəslə pul xərcləyə biləcəyi bir turizm marşrutuna dəvət olunması lazımdır. Belə olduqda turizmdən gözlədiyimiz iki ən böyük nəticə – turizm gəlirləri və bölgənin tanıdılması bərabər səviyyədə özünü doğrulda bilər. Bu gün kəmiyyət etibarilə həm ölkəmizə, həm də muxtar respublikamıza kifayət qədər sayda turist gəldiyi halda, Ümumi Daxili Məhsulda turizm gəlirlərimizin xeyli aşağı olmasının səbəbi məhz gələn turistlərə turzərf xidmətlərin təklif olunmamasıdır. Belə ki, regiona gəlmiş turistlər yalnız mehmanxanada qalma xərcini ödədikdən sonra başının çarəsinə baxaraq maraqlı yerlərlə tanış olmadan, istədiyi hədiyyəni ala bilmədən zəif təəssüratla geri qayıdırlar.

Turizm marşrutlarının hazırlanması çevik qiymətləndirmə və marketinq işləri tələb edir. Turizm mar­şrutu üzərində yerli əhalinin maraqları, milli adət və ənənələr, əsasən, xidmət sahələri olmaqla kiçik sahibkarlığın, fərdi təsərrüfatların imkanları nəzərə alınmalıdır. Marşrut boyunca turistlərin ala biləcəkləri informasiyanın etibarlı və inandırıcı olması isə bu sahənin peşəkarlarının – turizm bələdçilərinin üzərinə düşür. Bu insanlar öz regionunu hamıdan yaxşı tanıyaraq, onun hər bir qeyri-adi mənzərəsinə – əzəmətli qayasına və kiçik bir daşına, sıx meşəsinə və tənha bənövşəsinə, qarlı qışına və gül-çiçəkli yazına bir qonaq gözü ilə də baxmağı bacarmalıdırlar.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR