Təxminən, bir il bundan əvvəl Naxçıvan şəhəri haqqında bir yazı hazırlamışdım. Yazıda yaşadığımız şəhərin brend şəhərə çevrilməsi yollarından bəhs etmişdik. Onu da qeyd etmişdik ki, Naxçıvanın brend şəhərə çevrilməsi üçün çox gözəl imkanları var və bu imkanlardan düzgün istifadə yaxın illərdə bizə hərtərəfli uğurlar gətirə bilər. Son illər bu istiqamətdə davam etdirilən tədbirlər Naxçıvanın brendinq siyasətində mühüm rol oynamaqdadır. Sübut etməyə ehtiyac yoxdur ki, son dövrlər Naxçıvanın nüfuzu daha da artmış, ümumilikdə, muxtar respublikanın real təbliği üçün regionda baş verən ictimai-siyasi hadisələr mühüm rol oynamışdır. Bu hadisələri, eyni zamanda şəhərimizə olan rəsmi səfərləri gözümüz önünə gətirsək, bunun bir daha şahidi olarıq.
Son bir il ərzində dünyanın onlarla ölkəsindən III Beynəlxalq Bakı Forumunda təmsil olunan iştirakçıların Naxçıvana səfəri, artıq siyasi ənənə halını almış xarici ölkə səfirlərinin Naxçıvanla tanışlığı, təkcə hərbi baxımından deyil, həm də regionun siyasi gücünə təsir edən Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, qonşu ölkələrlə qarşılıqlı rəsmi görüşlər və səfərlər, ölkə başçısının muxtar respublikanın 90 illik yubileyi tədbirində iştirakı, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvana məlum səfərləri və adını sadalamadığımız digər bu kimi hadisələr Naxçıvanın tanıdılması və təbliği baxımından mühüm rol oynamaqdadır. Yəni mahiyyətindən asılı olmayaraq, bura edilən səfərlər və keçirilən yüksəksəviyyəli görüşlər Naxçıvanı tanıtmağa və bu diyar haqqında məlumatları real olaraq qiymətləndirməyə imkan verir. Nəzərə alaq ki, dünya təcrübəsində də tanınmış şəhərlərin brendə çevrilmə strategiyasında obyektin tanıdılaraq təbliği və daha sonra ondan istifadə edilməsi mexanizmi dayanır. İndi isə diqqət edək. Yuxarıda sadaladığımız bütün görüş və səfərlərdə iştirak edən qonaqların hamısının tanış olduğu başlıca üç məkan var: Duzdağ mağaraları, Nuh Peyğəmbərin məzarüstü türbəsi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi. İstənilən brenddə emosiyanın (hiss, həyəcan, maraq) olması şərtdir. Əgər bu yoxdursa, o zaman həmin obyektin brendə çevrilmək imkanı da yoxdur. Ancaq qeyd etdiyimiz hər üç məkan özlüyündə bir emosiya daşıyıcısı olmaqla dünyəvi maraqları əks etdirir. İndi isə bu maraqlara həm də ayrılıqda nəzər salaq.
Naxçıvanın Duzdağ mağaraları haqqında indiyədək çox deyilsə də, bəhs edilən obyekt öz layiqli qiymətini müstəqilliyimizin bərpasından sonra, daha dəqiq desək, son dövrlərdə alıb. Mağaraların olduğu yeraltı sahədə kompleks işlər aparılıb, ərazidə otel yaradılıb, ətraf abadlaşdırılıb və sair. Burada emosiya doğuran odur ki, təbii ehtiyatları 90 milyon tondan çox olan Duzdağ dünyada təkdir və bura həm də unikal müalicəvi əhəmiyyəti ilə seçilir. Hər il müxtəlif ölkələrdən tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan burada müalicə olunur və xəstələrin sağalma faizi çox yüksəkdir. Yaradılmış imkanlar nəticəsində ilin istənilən fəslində burada müalicə olunmaq mümkündür. Maraqlılığı ilə seçilən tərəflərdən biri də odur ki, Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən amillərdən biri də Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır. Elə ilkin yaşayış və şəhər mədəniyyətinin yaranıb inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 20 aprel 2012-ci il tarixdə Sərəncam imzalanmış, sərəncama əsasən, “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpozium keçirilmişdir. Həm keçirilmiş simpoziumun əhəmiyyəti, həm də bura gələn qonaqların Duzdağa maraqları, eyni zamanda Naxçıvana olan böyük marağı ön plana keçirməkdədir. Belə bir marağın olması isə təbiidir. Çünki Duzdağda həm tarix var, həm şəhər mədəniyyəti, həm də sağlamlıq var.
Qonaqların ən çox səfər etdikləri Nuh Peyğəmbərin məzarüstü türbəsi isə əcnəbi vətəndaşların düşüncəsində, sözün həqiqi mənasında, dərin iz buraxır. Bütün səmavi kitablarda öz əksini tapmış Ümumdünya Tufanından sonra bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin bu torpaqda quruya çıxması, burada yaşaması, vəfat etməsi və məzarının qalıqlarının bu torpaqda tapılmasını təkcə yerli tarixçilər deyil, bura gələn səyahətçilər də zaman-zaman öz xatirələrində qeyd etmişlər. Qısa şəkildə ifadə etməli olsaq, elə bəşəriyyətin ikinci yaranış tarixini özündə əks etdirən bu abidənin istənilən əcnəbidə maraq, təəccüb, həyəcan doğurmaması mümkün deyil.
Və nəhayət, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi. Ümumiyyətlə, istənilən inkişaf etmiş ölkə və ya şəhərlərdə turistlərə təqdim olunan tarixi, mədəni abidələr sırasında dini abidələrin öz yeri var. Bəzən möhtəşəm tikilişinə, bəzən də cəmiyyətdə mövqeyinə görə bu dini abidələr turistlər tərəfindən maraqla izlənilir. Digər tərəfdən yanaşsaq, adı müqəddəs “Qurani-Kərim”də çəkilən istənilən dini abidələri dünyanın hər tərəfində minlərlə insan ziyarət edir ki, bu da həmin abidənin yerləşdiyi şəhərə xeyli sayda turist axınına səbəb olur. Həmçinin adıçəkilən ziyarətgahın möhtəşəm təbii görüntüsü də buranı görməyə gələn hər kəsi özünə valeh edir.
Təbii ki, yuxarıda adları qeyd olunan ünvanların hər biri qədim Naxçıvanın rəmzləri sayıla biləcək abidələrdir. Eyni zamanda bu abidələr qədim diyarımızın emosiya bağlarıdır. Çünki bu ünvanlarla tanış olanlar öz hiss-həyəcanını, təəccüb və marağını gizlədə bilmir. Məsələnin digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu emosiya daşıyıcılarının bir-biri ilə də bağlılığı var: Nuh Peyğəmbərin və Əshabi-Kəhf mağarasının adı “Qurani-Kərim”də çəkilir, eyni zamanda Nuh Peyğəmbərin qədim Duzdağ mağaralarında çalışdığı haqda tarixi mənbələrdə məlumatlar var.
Ötən dövr ərzində hər üç məkanın tanıdılması və təbliği istiqamətində görülən işləri həm də muxtar respublikada həyata keçirilən sistemli brend-marketinq fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək olar.
Səbuhi HƏSƏNOV