22 Dekabr 2024, Bazar

Turizm deyəndə sülh və tərəqqi içində yaşayan insanların bir-birlərinin tarixi keçmişinə, mədəniyyətinə, təbiət möcüzələrinə, saf ekoloji şəraitinə, iqtisadi inkişaf səviyyəsinə və milli qonaqpərvərliyinə görə yaranan maraq və motivlər naminə yüz kilometrlərlə uzaq məsafələrə etdikləri səyahətlər başa düşülür. Əgər həyat üçün zəruri olan nemətlər artıq təmin olunubsa və asudə vaxt da kifayət qədərdisə, onda səyahət etməyə, turizm səfərlərinə fürsət tapmaq olar. İlin bu məqamında muxtar respublikamızın dilbər guşələrindən biri olan, adı dillər əzbəri Batabata doğru səyahətin tam vaxtıdır desək, yanılmarıq. Necə ki uzaqlardan Naxçıvanın sorağı ilə gəlmiş qonağımıza israr etdiyimiz kimi: “Naxçıvana gələsən, Batabatı görməyəsən, günahdır!”

 Bu marşrut boyu yola çıxarkən adama elə gəlir ki, Batabat kimi hamının yaxşı tanıdığı bir məkan haqqında oxuculara deməyə yeni bir söz tapmaq çox çətin olar. Söz yox ki, öz şöhrəti ilə muxtar respublikamızda və ölkəmizin hüdudlarından kənarda yaxşı tanınan bənzərsiz təbiət gözəli Batabatı təsvir edərkən təkrarçılıq günah olar. Amma yaxşı ki, təbiət kimi insan da bənzərsiz yaradılmış, ona həmişə yaşadığı yerdə olduğu kimi, kənarda da gözəllik və qeyri-adilik axtarmaq həvəsi verilmişdir. Yəni çox deyil, doğma diyarımızın hər qarışının özünəməxsus gözəlliklərini təkcə bir qonaq, bir tələbkar turist gözü ilə görməyi bacarsaq, onda Şahbuzun, Ordubadın hər qayasına, hər daşına bir nəğmə, hər bulağına şeir qoşmaq istəyəcəyik. Hər dəfə yolumuz Batabata düşəndə Biçənəyin yamyaşıl sinəsində bir-biri ilə sanki pıçıldaşan ağacların sehrinə dalıb onların xalı gözəlliyini azmı seyr etmişik? Nə qədər desən! Hamı rəssam olmasa da, rəssam olmağı arzu edən ürək var insanda. Məhz onun sevgisidir ki, bizi evin içində nə qədər komfort və texnologiya rahatlığı olsa da, bir bazar günü səhər yeddinin yarısından uşaqları da yuxudan oyadıb Şahbuz dağlarına, Batabatın ağ dumandan üzünə örpək çəkmiş yamaclarına doğru tələsdirir. Bu, bizim ana təbiət, yurd sevgimiz kimi, doğma Naxçıvanın ecazkar gözəlliklərini doyunca seyr etmək, havasından doyunca ciyərlərimizə çəkib bulaqlarından “oxay!” deyincə su içib yaxşıca istirahət etmək tələbatımızdır həm də. Odur ki, gəlin bu il istirahətini Aralıq dənizi sahillərində keçirən dostlarımızın təəssüratlarını yarıyolda qoymaq üçün həvəskar fotoaparatı da evdə unutmadan Naxçıvan-Şahbuz-Batabat turizm marşrutu üzrə macəra dolu səyahətə başlayaq.

Əvvəllər kəndimizdən Naxçıvana gələndə, yaxud əksinə, Şahbuz istiqamətinə qayıdanda yolu qısa etmək üçün sürücünün zövqünə görə səsləndirdiyi bəzi musiqi parçaları, ya da ki, radio verilişləri lap yerinə düşərdi. Yol adamın canını sıxanda onun tez bitməsi üçün söhbətcil yol yoldaşınız yoxdursa, bu, belə də olmalı idi. Amma indi Şahbuz istiqamətinə bircə dəfə yolu düşən səyyah azacıq belə diqqət etsə, bu dəfə yol boyu başqa bir nəğmənin nəqarətinə qulaq kəsiləcək. Bu, Ordubadın qarlı zirvələrindən Xalxalın gündən yanmış yamaclarına qədər sıra ilə düzülmüş Naxçıvan dağlarının nəğməsidir. Bəli, bu ahəngə qulaq vermək, buradakı məntiqi duymaq dünyanın dərinliklərində möcüzə axtaran müasir turistlər üçün ən dərin təəssürat olacaqdır. Məncə, təkcə bunun özü turizmdən heç nə bilməyib, “biz Naxçıvanda turistlərə nə göstərə bilərik ki?” deyənlərə ən tutarlı cavabdır. Əgər tur bələdçisi təcrübəlidirsə, o, Cəhri kəndinə ayrılan yola çatana qədər qonaqları hökmən bu ecazkar gözəlliyin seyrinə dəvət etməyi bacaracaqdır. Şübhə yox ki, insanın köksünü qabardan sərkərdə dağların məğrurluğu, Uca Yaradanın əzəmət verdiyi zirvələr qədər həmin dağlara sanki təzim edərək vəfalı dostlar kimi o dağlarla bir sırada düşmən üstünə yeriyən qayaların səfi arif insanda heyrət doğurmaya bilməz. Çünki dünyanın çox təbiət möcüzələri olsa da, bu görüntülər təkcə Naxçıvana məxsusdur. Burada heç nə təsadüfi deyildir: zirvənin də, təpənin də öz yeri vardır.
Əgər Naxçıvandan Batabata yola çıxan turistləri bu minvalla deyil, adi Naxçıvan-Biçənək sərnişini kimi aparsaq, bu, bir saatdan da çox çəkməz. Amma müasir turizm marşrutları metodologiyası qarşısında belə bir vəzifə qoyulmuşdur ki, turmarşrutlar boyunca təşkil olunan səyahətlər zamanı turistlərə hər bir cazibə elementinin təqdim olunması üçün maksimum səy göstərilməlidir. Başqa sözlə, regiona gəlmiş qonaq 3-5 günlük qısa bir istirahət proqramı boyunca buradan maksimum təəssüratla geri qayıtmaq, dost-tanışlarına daha çox ecazkar mənzərələr, təbiət və insan əli möcüzələri haqqında danışmaq istəyir. Odur ki, turistləri ancaq yağlı kabablarla təəccübləndirmək istəyənlərin “tezislərinin” əksinə olaraq, Naxçıvan-Şahbuz-Batabat marşrutu üzrə hərəkət edən turistlərimizə bol təəssürat vəd edən reseptlər işləyib hazırlamaq daha məqsədəuyğundur.
Batabat yaylağı Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində yerləşir. Bu yerlər Şahbuzun təbiətinə, onun bənzərsiz landşaftına xas olun unikal təbiət abidələri ilə zəngindir. Odur ki, Heydər Əliyev Su Anbarının mənzərəsini doyunca seyr edən turistlər Şahbuza ayaq basar-basmaz bir-birindən ecazkar görüntülərin təsiri altına düşürlər: alınmaz qala bürcləri kimi yalçın qayalar, itiaxan dağ çayları, yol üstündə qaynayan buz bulaqlar, hardasa qaqqıldaşıb öz nəğmələrini oxuyan kəkliklər və dağ küləklərinin bir düz, bir tərs sığal çəkib daradığı süsənlərlə dolu Plovtəpə. Biçənək meşəsinə yaxınlaşdıqca oksigen dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə istisindən yenicə qurtulmuş adamı məst etsə də, qarşıya çıxan yamyaşıl xalının sehrli naxışları bu gözəlliyə biganə qalmayan hər kəsi dördgöz edir.
Batabat füsunkar bir təbiət abidəsidir. Qədim Naxçıvan torpağı öz təbiət abidələri ilə çox məşhurdur. Amma Batabat özünün qalın meşəsi, buranın bitki və canlılarla zəngin biomüxtəlifliyi, bir-biri ilə növbələşən landşaft mənzərələri, saniyələr sonra adamın əllərini donduran Zorbulağı, dünyada bənzəri olmayan üzən adası, Naxçıvanın qədim mədəniyyətlərin kəsişmə nöqtəsi olduğunu sübut edən və dünyanın ən qədim mehmanxanasıolma dəyərinə malik Fərhad evi ilə bambaşqa bir kimliyə sahibdir. Onun bu məxsusiyyətlərinin, burada insana şəfaverici xüsusiyyətlərə malik olan otların, çiçəklərin, ağac və kolların hər birinin turistlər üçün ayrıca bir dəyəri vardır. Burada kamil turizm mütəxəssisi onlarla məzmunda ekskursiyalar, yürüş və əyləncə xarakterli tədbirlər keçirməklə turistlərin asudə vaxtlarını mənalı təşkil edə bilər. Batabat ekoloqların, təbiət dostlarının, velosiped həvəskarlarının, məktəblilərin, fotoovçuların, herbari həvəskarlarının və ya sadəcə, turistlərin sevimli məkanı kimi təqdim oluna bilər. Düzdür, indi yalnız yarımgünlük “yeyib-içmə” məqsədilə səfər edənlərlə yanaşı, Batabata əsl ekoturizm məqsədilə səfər edənlər də az deyil. Bu ərazinin təbii quruluşu və yaradılmış müasir yol infrastrukturu Batabatda ciddi elmi araşdırmalara da şərait yaradır. Odur ki, Batabat həvəskar turistlərlə bərabər, artıq dünyanın dörd bir yanından gələcək peşəkar turistləri də gözləyir. Batabat Astrofizika Rəsədxanasının burada yerləşməsi təsadüfi deyildir. Buranın coğrafi mövqeyi və havanın son dərəcə təmizliyi günün istənilən saatında aparılan araşdırmalar üçün çox əlverişlidir. Elə isə bu imkan var ikən nəyə görə burada maraqlı turistlər üçün səma cisimlərinin müşahidəsi turları təşkil olunmasın? Dünyada belə xidmətlər təklif edən yerlər az deyil. Batabat kamp turizmi üçün də ideal şərtlərə malikdir. Təkcə xarici turistlər üçün deyil, həm də yerli turistlərimiz, naxçıvanlı gənclər, tələbə və yuxarı sinif şagirdləri üçün burada çadır-kamplar təşkil etmək mümkündür. Bu həm mənalı istirahət, həm də ekoloji tərbiyə baxımından çox səmərəli bir turizm növüdür. Həftəsonu Batabatda dincəlib istirahət edən, lakin qeyri-ekoloji davranışlarla xaotik görüntü yaradan bəzi insanların gözü qarşısında təşkilati qaydada, səliqə ilə yaradılmış və bütün zəruri şəraiti olan belə kamplar gələcəkdə bir nümunə kimi batabatsevənlərin yaddaşında qalacaqdır.
…Zəngin təəssüratla dolu günün sonunda, Günəş Dərələyəzin ən yüksək zirvəsi Kükü dağına sancılanda evə qayıtmaq vaxtı gəlib çatdı. Bələdçimiz Zorbulaqdan adama bir qab da su tədarük edən qrup üzvlərini üzü Salvartıya doğru əyilən cığırla lüks mikroavtobusa doğru tələsdirir. Çünki şəhərə doğru yola çıxmazdan öncə burada sonuncu bir xatirə fotoşəkli də çəkdiriləcək – bələdçinin peşəkar fotokamerası ilə. Qoy sonra turistlərimiz elektron ünvanlarına göndəriləcək bu şəklə baxıb şairin dillər əzbəri olan misralarını da xatırlasınlar:
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR