Turizm müasir dünyada inkişaf etdirilməsinə daha çox diqqət yetirilən sahələrdən biridir. Çünki bu sahənin inkişafı istənilən ölkənin büdcəsinə gəlir gətirməklə bərabər, həm də həmin ölkənin tarixinin, mədəniyyətinin, təbii gözəlliklərinin təbliğində mühüm rol oynayır. Hər bir ölkənin özünəməxsus təbii gözəllikləri, tarixi, mədəni abidələri ola bilər. Ancaq turizm o zaman inkişaf edir ki, bu gözəlliklər, sadə dillə desək, pula çevrilsin və bu gözəlliklərdən istifadə davamlı şəkil alsın. Məhz bu gün dünyada bunu bacaran xeyli sayda qabaqcıl təcrübəyə malik ölkələr var. Hansı ki, bu ölkələr turizmin inkişafında təbliğat vasitələrindən düzgün yararlanırlar. Bunun da nəticəsində ölkəyə xeyli turist cəlb edə bilirlər. Yəni demək istədiyimiz odur ki, turizmin inkişafında müvafiq infrastruktur bazanın yaradılması ilə yanaşı, bu bazanın düzgün təbliği də əsas şərtlərdəndir. Elə bu yazıda da muxtar respublikamızın turizm imkanlarından və bu imkanların təbliği yollarından bəhs edəcəyik.
Qeyd etmək lazımdır ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası istər tarixi, istər mədəni abidələri, istərsə də təbii gözəllikləri ilə turizm üçün geniş imkanlar açır. Naxçıvan Muxtar Respublikasının ötən əsrin sonlarından start götürmüş davamlı inkişafı regionda çox mühüm dəyişikliklərə səbəb olmuş, bütün sahələrdə müsbət nəticələrin əldə edilməsinə şərait yaratmışdır. Kompleks şəkildə aparılan quruculuq işləri – tikilən binalar, abadlaşdırılan yollar, salınan park və xiyabanlar, təmir və bərpa olunan tarixi abidələr, yaşıllaşdırılan ərazilər bu diyarı əsl turizm diyarına çevirir. Xüsusilə son 19 ildə müxtəlif məzmunlu dövlət proqramlarının vaxtında və uğurlu icrası çox mühüm keyfiyyət dəyişikliklərinə səbəb olmuş, muxtar respublika öz inkişafına görə Azərbaycanın lider regionuna çevrilmişdir. Belə ki, bəhs edilən dövr ərzində muxtar respublikada 400-dən çox müxtəlif profilli təhsil və səhiyyə müəssisəsi, 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. 2006-2012-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. 530-a yaxın mədəniyyət, incəsənət və turizm müəssisəsinin fəaliyyət göstərdiyi regionda dünya mədəniyyət inciləri sırasında yer tutan Möminə xatın və Qarabağlar türbələri, yaşı tarixin qədim dövrlərinə gedib çıxan Gəmiqaya abidələri, bəşəriyyətin yaradılış tarixinin bu torpaqda yazıldığını əks etdirən Nuh Peyğəmbərin məzarüstü türbəsi, əsrarəngiz Duzdağ mağaraları, adı “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası və adını sadalamadığımız xeyli sayda tarixi, dini, mədəni və təbiət abidələri Naxçıvanın qoynunda nəfəs alır. Bütün bunları düşünərkən qədim diyarın yüksək turizm potensialı bir daha gözlərimiz önündə canlanır. Doğrudur, son illərdə dövlətimiz tərəfindən turizm sektorunun inkişafı istiqamətində atılan addımlar ildən-ilə xarici turistlərin bura axınını sürətləndirsə də, muxtar respublikanın turizm məkanı kimi tanıdılmasında təbliğat vasitələrindən yetərincə istifadə olunması da qarşımızdakı əsas hədəflərdən biridir. Bu təbliğatın aparılması isə təkcə dövlətin yox, həm də vətəndaşların vəzifəsidir. Bəs inkişaf etmiş ölkələrdə bu vasitələrdən necə istifadə olunur?
Rasionallıqdan emosionallığa doğru və ya Baden-Baden gecələri niyə mavidir?
Əvvəlcə söhbəti oradan başlayaq ki, dünyanın istənilən ölkəsində yaşının az və ya çox olmasından asılı olmayaraq, tarixi və mədəniyyət abidələri var. Bu abidələr həmin ölkənin rasional dəyərləridir. Turistlər bu abidələri ziyarət etsələr də, praktik baxımdan bunu bir dəfə edirlər. Bilirsiniz niyə? Çünki bu abidələr emosiya daşıyıcısı deyil. Fikrimizi belə aydınlaşdıraq. Fransanın paytaxtı Parisi ziyarət edən turistlərin böyük əksəriyyəti tarixi tikililərdən fərqli olaraq, Eyfel qülləsini daha çox görməyə can atırlar. Yəni bu qüllə tarixi və mədəni abidələri ziyarət baxımından xeyli geridə qoyaraq şəhər üçün bir dəyərə çevrilmişdir. Bu dəyər isə özlüyündə bir emosiyadır. Və yaxud götürək Nyu-York şəhərini. Bu yeni şəhər daha çox hündür və gözəl göydələn binaları ilə məşhurdur. Nyu-Yorka yolu düşən insanların əksəriyyəti bu hündür binaların fonunda fotoşəkil çəkdirməyi çox sevir. İndi isə başqa bir misal. Son dövrlərdə Yaxın Şərqin ən gözəl şəhərlərindən birinə çevrilmiş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubay şəhərində dənizdə salınmış “Palma ağacı” layihəsi və yelkənli gəmini xatırladan “Burc Xəlifə” oteli şəhərə gələn turistlərin sayını 20 dəfədən çox artırmışdır. Qeyd etdiyimiz tikililərin hamısı özlüyündə emosiya daşıyır. Elə rasional dəyərlər də var ki, bu dəyərlər həm də bir emosiya, hiss, həyəcan daşıyıcısıdır. Məsələn, Misir piramidaları qədim tarixi abidələr sayılsa da, onu ziyarət edən turistləri bu daş tikililərin tarixindən çox onun necə tikilməsi maraqlandırır. Məhz bu amil onları maraq və həyəcanla seyr etdirməyə məcbur edən emosional dəyərə çevirir. İndi isə qeyd etdiklərimizi muxtar respublikamızın misalında təsəvvür edək. Əshabi-Kəhf mağarasının təbliğat baxımından əsas özəlliyi onun adının məhz müqəddəs kitabda qeyd olunmasıdır. Duzdağ mağaralarına emosional dəyər verən, sadəcə, dağın duz yataqlarından ibarət olması deyil, həm də buranın şəfa ocağı olmasıdır. Və ya Naxçıvan şəhərinin embleminə çevrilmiş Möminə xatın türbəsinin dəyəri təkcə onun yüksək memarlıq incilərini özündə əks etdirməsi deyil, eyni zamanda bu abidənin Qərb dünyasında cəhalətin hökm sürdüyü dövrdə Şərqdə qadının şərəfinə tikilən mükəmməl abidə olmasıdır. Və yaxud Əlincə qalasının dəyərini artıran onun dünyanı lərzəyə salan bir hökmdara qarşı mübarizlik göstərməsidir. Əks təqdirdə, bu qala, sadəcə, tarixi tikili kimi tarixin yaddaşında qalacaqdı. Belə misalların sayını çoxaltmaq olar. Demək istədiyimiz odur ki, adıçəkilən məkanların təbliğində onlara dəyər qatan bu amillərin böyük rolu vardır.
Vurğulamaq lazımdır ki, emosional dəyərlər, sadəcə, tarixi abidələr və tikililərlə məhdudlaşmır. Yenə dünya təcrübəsinə müraciət edək. Qardaş Türkiyə Respublikası tarixi, mədəni və təbii gözəllikləri ilə Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniyanı nə qədər qabaqlasa da, alman turizm təbliğatının mükəmməlliyi yenə də öz sözünü deməkdədir. Almaniyanın çox qədim bir kurort şəhəri var. Baden-Baden adlı bu şəhər həm qədim tarixinə, həm də tarixi tikililərinə görə digərlərindən fərqlənir. Yeri düşmüşkən qeyd edək, bu şəhər Almaniyanın İkinci Dünya müharibəsindən salamat çıxmış şəhərlərindən biridir. Almanlar bu şəhərdə milliliyi daim təbliğ etməklə hələ sovet dövründən zəngin rusları bu şəhərə çəkməyi bacarıblar. Yaxın bir dostumun iki ay bundan əvvəl bu şəhər haqqında dedikləri hələ də yadımdadır: “Şəhər restoranlarından birində milli geyimli xidmətçi məşhur rus yazıçısı Dostoyevskinin burada yemək yeməsini elə emosional şəkildə izah edirdi ki, mən də məcbur qalıb naharı orada etdim”. Dostumun dediklərinə görə, almanlar bu şəhəri elə reklam edirlər ki, bütün avropalılar burada pul xərcləməyi, sadəcə, çox sevirlər. Turistlər üçün yaradılmış hərtərəfli şərait – səliqə-sahman, yüksək xidmət, nəzakətli davranış, rahat hərəkət gündüzlər olduğu kimi, şəhərin gecə həyatına da eyni təsiri göstərir. Şəhərdəki canlılıq gecələri də gündüz kimi aydın təqdim edir. Bəlkə də, buna görədir ki, Baden-Badenin gecələri elə gündüz olduğu kimi aydın və işıqlı, yəni mavi görünür. Yəni təbiət bura qeyri-adi bir sərvət bəxş etməyib, sadəcə, “Baden-Badenin mavi gecələri” almanların bu şəhər üçün yaratdığı bir emosiyadır.
Naxçıvanın heç yerdə rast gəlinməyən özünəməxsus keyfiyyətləri
Muxtar respublikamızın tanıdılması və təbliğində özünəməxsus keyfiyyətlər çoxdur. Məsələn, indi paytaxt Naxçıvan şəhəri təmizliyi ilə Avropanın istənilən təmiz şəhəri ilə müqayisə olunacaq bir şəhərdir. Təmizliyi ilə yanaşı, Naxçıvan şəhəri, eləcə də bütünlükdə muxtar respublikamız sakit bir diyardır. Naxçıvan dünyanın ən təhlükəsiz regionlarından biridir. 400 mindən çox sakini olan muxtar respublikada paytaxt Naxçıvan şəhəri də daxil olmaqla, küçələrdə 1 nəfər belə, dilənən insana rast gəlmək mümkün deyil! Və yaxud başqa bir misal: struktur baxımdan muxtar respublikada körpələr evi fəaliyyət göstərsə də, burada bir nəfər də olsun atılmış uşağa rast gəlməzsən!
Son söz
Yuxarıda qeyd etdiklərimiz bu gün muxtar diyarımızın təbliğində mühüm rol oynayar. Yetər ki, bu keyfiyyətləri əcnəbilərə düzgün təbliğ etməyi bacaraq. Turistlər üçün maraqlı olan getdikləri ölkənin dəyərləridir. Çünki bu dəyərlər həm də özlüyündə emosiya daşıyıcısıdır. Emosiyanın isə maraqlar üzərində qurulduğunu hamımız bilirik.
Səbuhi HƏSƏNOV