Naxçıvandakı müasir otellər Novruz bayramı günlərində muxtar respublikamıza gələn qonaqlara yüksək səviyyədə xidmət göstərəcək
Mehmanxana və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Ona görə turizm sənayesi dedik ki, burada rekreasiya məhsulu istehsal edilərək turistlərə lazım olan bütün növ xidmətlər göstərilir. Turizm sənayesi isə çox geniş olub, mehmanxanalardan başqa, yemək, nəqliyyat, ekskursiya, müalicə, rekreasiya, təhlükəsizlik, ticarət, informasiya, rezervasiya xidmətlərinin, hədiyyəlik əşya istehsalı və satışı, habelə turizm sektoru üçün kadr hazırlığı kimi onlarla digər xidmətlərin məcmusudur. Mehmanxanalar turistlərin gecələməsi üçün vacib olduğundan onların fəaliyyəti və burada tətbiq olunan komfort standartları regiondakı turizm xidmətlərinin, peşəkar qonaqpərvərliyin səviyyəsi haqda ilkin fikir söyləməyə imkan verir. Hər halda, yaradılmış zəruri infrastruktur vardırsa, onda əsas yük də təşkilatçılığın, kadr məsələsinin üzərinə düşəcəkdir.
Söz yox ki, turizm sosial xidmət sahələri arasında müstəqil inkişaf gücünə malik olmaqla bərabər, həm də iqtisadiyyatın digər sahələrinə də güclü təsir etməkdədir. Başqa sözlə, turizmin inkişafını iqtisadiyyatsız təsəvvür etmək mümkün deyildir. Ona görə də ölkəyə və ya onun bir regionuna səfər edən turistlərin sayı haqqında danışdıqda ilk olaraq onlara göstərilən zərf xidmətlər nəzərdə tutulur ki, bunun da əvvəlində mehmanxana xidmətləri gəlir. Çünki mehmanxanalar olmasa, turistlərin gəldikləri regionda 12 saatdan artıq qalması praktik olaraq mümkün deyildir.
Ölkəmiz inkişaf etdikcə onun sahib olduğu rekreasiya potensialı da daha qabarıq olaraq üzə çıxır və hər il daha çox turist ölkəmizə səfər edir. Muxtar respublikamız da özünün bənzərsiz turizm ehtiyatları ilə təkcə Azərbaycanın deyil, yaxın regionun əlverişli turizm destinasiyalarından biridir. Naxçıvan ona görə əlverişli turizm regionudur ki, burada turistləri maraqlandıran cazibədar təbii, tarixi-mədəni ehtiyatlardan tutmuş təhlükəsizliyədək bütün cazibədarlıq vardır. Turistlər səyahət etdikləri regionda qısa səfər müddəti ərzində onları maraqlandıran bir çox obyektlərlə rahat şəkildə tanış olmaq istədiklərindən Naxçıvan Muxtar Respublikasının cəmi bir neçə saatlıq tur marşrutları boyunca onların istər təbii, istər tarixi-mədəni, istərsə də müasir insan əli möcüzələri ilə yaxından tanış olmaq imkanları vardır. Bu da, öz növbəsində, muxtar respublika ərazisində müxtəliftəyinatlı və komfort dərəcəli otellərin əhəmiyyətini artırır.
Hazırda Naxçıvanda tutumuna və yerləşmə mövqeyinə görə xeyli sayda otel vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumatda muxtar respublikada 21 mehmanxana və mehmanxanatipli müəssisənin olduğu göstərilir. Ümumi nömrə sayı 654, lüks dərəcəli nömrələrin sayı isə 217 olan bu mehmanxanaların birdəfəlik tutumu 1500 nəfərdən çoxdur. Başqa sözlə, muxtar respublikanın otellərində bir gecədə 1500 nəfər turist yer alıb qala bilər. Yəqin ki, təkcə muxtar respublika sakinləri deyil, həm də hər gün regiona səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini, habelə yeni istifadəyə verilmiş Ağbulaq İstirahət Kompleksini yaxşı tanıyırlar. Bunlardan əlavə, şəhərimizdə və muxtar respublikanın digər yaşayış məntəqələrində, habelə magistral yol kənarlarında bir neçə otel müəssisələri də vardır. Ancaq təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin turistlər tərəfindən ən çox sevilən turizm məkanlarından olan Ordubadda hələ də müasirtipli mehmanxananın olmaması buraya gələn turistlərin gecələməsi üçün çətinliklər yaradır.
Düzdür, Ordubad, onun ən ucqar kəndləri muxtar respublikanın digər guşələri kimi özünün intibah dövrünü yaşamaqdadır. Və bu da Ordubada gəlmiş hər bir qonağın bəzilərinin komfort təminatı lüks dərəcəli otellərdən də geri qalmayan kənd evlərində yerləşdirilməsi üçün lazımi imkanlar yaradır. Yəni özünün qonaqpərvərliyi ilə seçilən Ordubada kiminsə özünə gecələməyə yer tapa bilməməsindən danışmaq qeyri-mümkündür. Ancaq o da var ki, turizm təkcə milli qonaqpərvərlikdən ibarət deyildir və onun vacib elementlərindən biri də peşəkar qonaqpərvərlikdir ki, onun da əsas xidmət yeri otellərdir. Çünki turizmin növləri təkcə kənd-yaşıl turizmi ilə məhdudlaşmır.
Otel və ya oteltipli müasir mehmanxana müəssisələri turizm sənayesində ən çox zərf xidmətlərin göstərildiyi və bilavasitə ən çox gəlirlər əldə olunduğu xidmət obyektləridir. Ümumi turizm xidmətlərinin 60 faizinə yaxını otellərdə təşkil oluna bilər. Bunlar adi səhər yeməyindən tutmuş konfrans və işgüzar görüşlərədək hər cür xidmətlər ola bilər. Turistlərin rahatlığı üçün nəzərdə tutulmuş bütün bu xidmətlər həm də otellərin gəliri deməkdir. Ona görə də müasir dövrdə mehmanxanaların yenilənməsi, onların texniki və komfort standartlarının təkmilləşdirilməsi üçün görülən hər bir iş xidməti personalın bacarığı ilə üst-üstə düşdükdə çəkilən xərclər bir neçə mövsümdə geri qaytarıla bilir. Mehmanxana təsərrüfatının təşkili isə təkcə müvafiq infrastrukturla bitmir. Yəni yaradılmış şərait regiona turist gətirən turoperatorların və qonaqpərvərlik sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrinin səriştəli fəaliyyəti ilə tamamlanmalıdır. Çünki mehmanxanasız turizm olmadığı kimi, peşəkar kadrlarsız da mehmanxanalar, sadəcə, yaraşıqlı bir binadırlar.
“Turizm sənayesi” rubrikasında ilk olaraq otel təsərrüfatına və muxtar respublikamızda otellərin hazırkı vəziyyətinə nəzər saldıq. Naxçıvanda bu gün dünya standartlarına cavab verən, dövlət başçıları səviyyəsində beynəlxalq tədbirlərin keçirilməsinə imkan yaradan otellər vardır. Bu otellər öz müasir şəraiti ilə bu günlərdə çoxlu sayda turistləri qarşılamağa hazırlaşırlar. Novruz bayramı ərəfəsində elan olunmuş qeyri-iş günlərində muxtar respublikamıza həm xarici ölkələrdən, həm də ölkəmizin digər yerlərindən gələn qonaqlara nümunəvi xidmətlər göstərmək üçün mehmanxanalarımız buna tam hazırdırlar. Novruz ərəfəsində şəhərimizin “Duzdağ”, “Təbriz” və digər otellərində keçiriləcək bayram tədbirləri regiona gəlmiş turistlərdə zəngin təəssürat yaradacaqdır. Artıq otellərimizdə müşahidə olunan qaynar işgüzarlıq bundan xəbər verir.
Əli CABBAROV