22 Dekabr 2024, Bazar

Turizm və onun inkişafı məsələləri müasir dövrdə cəmiyyətin iqtisadi və mədəni inkişafı prioritetlərinə görə aktual olub, ölkələrin sosial-iqtisadi inkişaf indeksləri arasında mühüm yer tutur. Çünki turizm ümumi inkişafın nəticəsi, onun bəhrələrinin cəmiyyətin bütün üzvləri arasında paylanmasının bir mexanizmidir. Ölkəmizdə və muxtar respublikamızda turizmə verilən diqqət onun regional inkişaf və tanıtım məsələlərindəki xüsusi çəkisi ilə izah olunur. Turizmin imkanlarından geniş istifadə edə bilən və öz təbii, tarixi və mədəni ehtiyatlarından dayanıqlı istifadəni təşkil edən ölkələrin təcrübəsi göstərir ki, turizm heç də təkcə zəngin ehtiyatlar hesabına öz-özünə inkişaf edən bir sahə deyil, əksinə, hər kəsdən töhfəsini gözlədiyi çox həssas bir münasibətlər sistemidir. Buna görə də səmərəli işləyən turizm-rekreasiya kompleksinə ixtisaslaşmış bir sahə kimi yanaşma tələb olunur ki, bu da regionda turizmin inkişafına məsul olan hər kəsdən bilik, bacarıq və yüksək məsuliyyət tələb edir.

Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində turizmin öz spesifik xüsusiyyətləri vardır. Əgər, təqribən, on il bundan öncəyə qədər regiona turist cəlb etməkdə, turizmin sərfəli növlərinin inkişafında özünü açıq göstərən bir sıra çətinliklər var idisə, artıq muxtar respublikanın istənilən nöqtəsində ölkəmizin və dünyanın hər yerindən gələ biləcək çoxlu sayda turistləri qəbul edib, yola salmaq üçün geniş imkanlarımız vardır. Dövlətimizin regional inkişafa, qeyri-neft sektoruna göstərdiyi diqqət, turizm infrastrukturunun yenilənməsi bu sahənin də sürətli inkişafına öz təsirini göstərməyə bilməz. Digər bir tərəfdən, muxtar respublikamız yaxın regionun elə bir strateji nöqtəsində yerləşir ki, burada turizmdən arzuedilən nəticələrin alınmaması, ən azından, unikal turizm ehtiyatlarımıza qarşı laqeydlik olardı. Regionda isə turizmdən gözlənilən nəticələr çoxdur. Nəzərə alsaq ki, təkcə 2018-ci ildə qarşımızda Naxçıvanın İslam Mədəniyyəti Paytaxtı kimi çox vacib tanıtım imtahanı durur, onda artıq indidən turizmin inkişafından əldə edə bildiyimiz nəticələri götür-qoy edib belə mühüm tədbirlərə müxtəlif qurumların və muxtar respublikanın hər bir sakininin necə hazırlaşdığına vaxtaşırı qiymət verməliyik.
Naxçvan ildən-ilə abadlaşıb gözəlləşir və buraya səfər edənlərin də sayı artmaqdadır. Söz yox ki, Şərqlə Qərbin qovşağındakı bu qədim Azərbaycan torpağının turizmə öz töhfələrini verməsi baxımından bu, yaxşı fürsətdir. Turizmin sirlərini yaxşı bilənlər təsdiq edər ki, Naxçıvan Muxtar Respublikası ümumi halda özünün bütün turizm potensialı ilə turistlərə həm zəngin rekreasiya, həm də mənəvi zənginlik təəssüratı vəd edən nadir bölgələrdən biridir. Çünki burada təbiət və insan əli möcüzələri sanki ahəng qanununa uyğun səslər kimi bir-birini əvəzləməkdə, müasir turizmin ən mühüm şərtlərindən biri olan təhlükəsizlik və rahat həyat şərtləri ən yüksək dərəcədə təmin olunmaqdadır.
Ancaq bunlarla yanaşı, bölgənin ümumi inkişafı fonunda gəlinən nəticə odur ki, turizm kimi bir fenomenin gücündən hələ də lazımi səviyyədə istifadə edilmir. Ola bilər ki, kimsə, hansısa bir xidmət obyekti öz işini quraraq onun xidmətlərindən istifadə edən turistlərdən yaxşı gəlir əldə edə bilər. Bunlar vardır və bütövlükdə, müsbət hal kimi yüksək qiymətləndirilir. Çünki turistlərə göstərilən xidmət müqabilində qazanılan hər manat region iqtisadiyyatına bir töhfədir. Bu, bütün dünyada da belədir və bəzi ölkələrin Ümumi Daxili Məhsulunda turizmin payının 30 və hətta 50 faizə qədər çatması təsadüfi deyildir. Biz indi real olaraq görürük ki, əslində, turizm keçmiş dönəmdə olduğu kimi gənclərin “proletar tərbiyəsinə” deyil, turistləri qəbul edən regionun təbliğinə və əhalisinin rifahına xidmət etməlidir. Bunun üçün isə xidmət sahələri, bunlarla əlaqəli olan qurumlar birgə fəaliyyət göstərməli, özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, turoperator sahibkarlığı üçün real təkliflər, əsl biznes ideyaları ortaya qoyulmalıdır. Turistlər gəldikləri regionda keçirdikləri hər günü, hər saatı proqramlı olaraq daha mənalı və məzmunlu keçirməyə, daha çox təəssürat əldə etməyə çalışırlar. Bu proqramı isə onlara hazır turlar satan turoperatorlar təklif edə bilərlər. Bizdə isə hələ belə turların təşkili zəif olduğundan regiona gələn turistlərə heç bir zərf xidmətləri təklif edə bilmədən onlara yalnız pərakəndə olaraq bir sıra yemək, taksi və ticarət xidmətləri göstərib öz ölkələrinə yola salırıq. Bu isə turizmin ikinci və bizim üçün daha mühüm olan tanıtım funksiyasının imkanlarından, demək olar ki, istifadə olunmaması, muxtar respublikamızın tarixi və bu günü, iqtisadi və mədəni inkişafı haqda heç bir dolğun məlumatın ötürülməməsi deməkdir. Çünki gəlmə turizm təkcə valyuta gəliri mənbəyi deyil, həm də informasiya mübadiləsi deməkdir.
Bir vaxt vardı, hələ nə müasir hava limanımız, nə komfortlu otellərimiz, nə də belə hamar yollarımız olmayanda turizm haqqında danışanda dərhal infrastruktur şərti ortaya qoyular, məhz bunların həlli zərurəti göstərilərdi. Ancaq həmin dövrlər üçün real göstərilən problemlərin artıq həll olunduğu, qaz, elektrik enerjisi, istilik mövzularında söhbətlərin kəsildiyi, muxtar respublikamızın ucqar kəndlərində belə, müasir yaşayış və turizm-istirahət guşələrinin tikildiyi bir vaxtda muxtar respublikamızda turizm vasitəsilə diyarımızı necə tanıdırıq deyə düşünək.
Bəri başdan deyək ki, işdə öz üzərinə düşən vəzifəni yaxşı bilmək həmişə təqdiredici haldır. Amma bu sual ilə bağlı apardığımız araşdırma və sorğuların nəticələri bu baxımdan heç də birmənalı olmadı. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bizə verdiyi arayışda hər il ölkəmizin paytaxtında ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq Səyahətlər Sərgisində və Novruz bayramı şənliklərində iştirakdan, muxtar respublikaya səfər etmiş səyyahlara bələdçilik etməkdən, Naxçıvan Dövlət Universitetində turizm ixtisası üzrə təhsil alan tələbələrə istehsalat təcrübəsinin təşkilindən, regionun tanıdılması üzrə keçirilən digər tədbirlərdən və hazırlanmış bukletlərdən bəhs olunur. Bunlar yaxşı işlərdir və daha da rəngarəng olmasını arzu edərdik. İndi isə təsəvvür edin ki, bir əcnəbi turistlə bərabər Naxçıvanın giriş qapılarının birindən muxtar respublikamıza daxil oluruq. Həmin o qeyd olunan bukletlərdən bircə dənəsini də nə hava limanında, nə avtovağzallarda, nə də ki, otellərimizin birində tapa biləcəyik.
Qeyd edək ki, turizmdə reklam-tanıtım heç də buklet məsələsi ilə bitmir və belə “problemləri” təkcə bir nəfərin üzərinə də yükləmək olmaz. Necə deyərlər, burada hər kəsin məsələyə öz qayğısı, işinə öz sevgisi olmalıdır. Belə ki, turizm bir tanıtım vasitəsi olaraq, güclü təbliğat kampaniyaları kimi vaxtaşırı keçirilən tədbirlərə də çox həssasdır. Biz buklet, broşür, qəzet-jurnal, radio-televiziya proqramlarından danışırıq. Bunlar, bəlkə, xərc­aparan işlər ola bilər. Bəs internetdəki elektron resurslar necə? Düşmənlərimizin ölkəmizə qarşı hər cür virtual hücumlar etdiyi internetdə Naxçıvan haqqında, onun müasir inkişafı haqda nə qədər elektron resurslarımız vardır? Bunlar “böyuk problem­dir”sə, ən azından, sosial şəbəkələrdə gördüyümüz hansı işlər və nə qədər izləyicimiz vardır? Yoxdur! Regionumuzun tanıdılması təkcə buradakı görsəl və yazılı medianın vəzifəsidirmi? Nə zaman gündən-günə gözəlləşdirilən şəhərimizdə, misal üçün, “Naxçıvana xoş gəlmisiniz” məzmunda bir tədbir keçirdik, onun haraya bir afişası asıldı ki, biz də onu elektron yaddaşlara köçürüb resurs yaradaq. Hamının gözlədiyi vaxtaşırı, ənənəvi tədbirlər, festivallar keçirilmirsə, yaxud bunlar haqqında bir təşəbbüskarlıq da yoxdursa, deməli, deməyə də sözümüz olmayacaq. Necə ki, Naxçıvan Bələdiyyəsinin də bu barədə deməyə sözü, bir kəlməsi olmadı. Halbuki dünya praktikasında bələdiyyələr mühüm turizm-tanıtım işləri görüb, bununla da, azlığından gileyləndikləri həmin gəlirləri əldə edir, turistlərlə dost bir qurum kimi yaxşı tanınırlar. Şəhərimizdə yaradılmış abadlıqdan istifadə edib gələn qonaqlarda öz fəaliyyəti ilə bir təəssürat yarada bilməyən bir qurumun, yəqin, işləri çox olmalıdır ki, təbliğat və tanıtım işlərinə də vaxtı qalmasın.
Turizm deyəndə çox vaxt mehmanxanalar və buradakı xidmətlər yada düşür. Ancaq bilinməlidir ki, yalnız qonaqların gecələməsi üçün nəzərdə tutulan bu mühüm yerləşdirmə müəssisələrinin maraqları öz xidmətlərini tanıtmaqdır. Necə ki, şəhərimizdəki mehmanxanalarda da bu, belədir. Turist yerləşdirmə obyektlərində onların öz şəraitlərini tanıdan çoxlu reklam vasitələri olsa da, şəhərimiz, muxtar respublikamız haqqında təsəvvür yaradan materiallara az rast gəlmək olar. Bundan əlavə, otellərimizdə qonaqların yerli televiziya kanallarına baxmaq imkanı olsa da, burada nədənsə “Şərq qapısı” qəzetinin bircə nömrəsi də yoxdur.
Və insan resursları. Bu barədə fikirləri daha da dərinləşdirib regionda turizmin inkişafına dəstək üçün görüləcək işlərin, qarşıya qoyulmuş vəzifələrin əhatə dairəsini genişləndirmək olar. Çünki turizmin inkişafında hamı maraqlı olduğu kimi, burada şəhər İcra Hakimiyyətindən tutmuş ucqar kənd bələdiyyəsinədək hamının işə dəstək olması lazımdır. Bu həm də peşəkar qonaqpərvərliyin bir tələbidir. Ancaq bütün bunlar ümumən regionun turizm sənayesində çalışacaq yetkin, bacarıqlı, xarici dillər bilən kadrlarsız mümkün deyildir. Elə bu perspektivin vaxtında düzgün qiymətləndirilməsi idi ki, hələ, təqribən, on il əvvəl Naxçıvan Dövlət Universitetində turizm ixtisası üzrə kadr hazırlığına başlanılmışdır. Ötən dövr ərzində buradan yüzdən artıq turizm mütəxəssisi məzun olmuş, muxtar respublikamızın və ölkəmizin müxtəlif yerlərində ixtisaslarına uyğun işlərlə təmin olunmuşlar. Ancaq unutmaq olmaz ki, turizm başda iqtisadiyyat olmaqla coğrafiya, mədəniyyətşünaslıq, xarici dillər və sair kimi sahələrlə ortaq tezisləri olan bir tədqiqat sahəsidir. Bu da, öz növbəsində, turizm tədrisinin keyfiyyət amilini daim ön plana çıxaran, beynəlxalq təcrübənin öyrənilməsini, təhsilin dünya standartları səviyyəsində olmasını tələb edən vacib bir şərtdir.
...Muxtar respublikamızda həyat axışı sürətlənməkdə, inkişaf və yenilik hamının qapısını döyməkdədir. Turizm də daim yenilik, dinamika və axtarış tələb edir. Turizmın inkişafı problemləri isə bəzən mürəkkəb görünsə də, əslində, burada işə doğma münasıbət, çalışqanlıq və əməksevərlik çox məsələlərin həlli sayılır. Bunları mənimsəyib işə başlamaq üçün isə hələ vaxtımız var.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR