22 Dekabr 2024, Bazar

Mənalı istirahətə fürsət tapanda, şübhəsiz, hər fəsildə bunun öz gözəlliyi vardır. Adamların bir çoxu ilin məzuniyyət dövründə istirahətə yollansa da, qışda edilən səyahətlər öz yaddaqalanlığı ilə təəssüratlarda yaxşı xatırlanır. İş-gücü çox olub, yayda uzaq səfərlərə macal tapa bilməyənlər qışda yaşadığı doğma diyarında – evin lap içində yaradılmış gözəl istirahət-rekreasiya mərkəzlərinin xidmətlərindən istifadə edə bilirlər. İşdir, şaxtalı havanın bu nəfəs kəsən vaxtında yolunuzu Ağbulaq İstirahət Kompleksinə salsanız, qalın qarın, çən-dumanın da adamı adi iş mühitindən uzaqlaşdırıb yorğunluğunu çıxaran əla bir fürsət olduğuna inanarsınız.

Çox əvvəl deyil, ötən yay tanışlıq məqsədilə Ağbulağa gedəndə təbiətin dilbər guşələrindən biri olan Şahbuzda yolüstü qaynayan həyatı, görülən işləri görüb seyrə doymuşduq. Dağlarla həmahəng kimi ona sarmaşan hamar yollar, yol üstəki buz bulaqlar, göz işlədikcə uzanan yaşıl xalı çəmənliklər və uzaqdan aydın görünən insan əli möcüzələri adamın şair damarını titrədib ustad Məmməd Arazdan zümzümə etdirirdi. Ancaq bu dəfə yolumuzu Şahbuza salarkən kənarları buz bağlamış asfaltla şütüyən maşının pəncərəsindən baxanda hər şey sanki qış yuxusunu xatırladırdı. Ağbulağa yolumuz dekabrın 19-da düşmüşdü. Xalq təqviminə görə, hələ payızdan günlər qalsa da, üşüməkdən səbri tükənmiş təbiət bircə gündə öz qar örpəyinə bürünərək səssizliyə qərq olmuşdu. Gəncliyində qaynayıb coşmuş, amma artıq səksənində uzun qış gecələrini fürsət bilib yorğun yuxuya gedən ağsaçlı qocanın mürgüsü kimi düşündürücü idi bu səssizlik. Plovtəpənin gündüşən yamacı boyu arabir gözə dəyən ayaq ləpirləri bu sükut mənzərəsini tamamlasa da, Salvartıya doğru uzanan yol boyu qarşımıza çıxan, bəzən də bizi ötüb keçən lüks avtomobillər dağlardakı gur həyatdan xəbər verirdi. Xülasə, Ağbulaq kəndinə doğru irəliləyib təyinat yerinə çatana qədər bu hekayə bir qış nağılından da qısa oldu ki, bir də ətrafa baxıb özümüzü geniş, yaraşıqlı bir məkanda – Ağbulaq İstirahət Kompleksində gördük.
Maraqlıdır ki, hələ təqribən on il bundan əvvəl Naxçıvanın turizm perspektivləri haqqında danışarkən bəzilərimiz yalnız təbii və tarixi-mədəni ehtiyatlarımızı sadalamaqla kifayətlənir, görüləcək iş kimi dərhal reklam haqqında fikirlər söyləyirdik. Əlbəttə, reklam bazar iqtisadiyyatına xas olan mühüm marketinq tədbirlərindən biridir və o, istehsal olunmuş məhsul və xidmətlərin onu almaq istəyənlərə əvvəlcədən tanıdılmasıdır. Diqqət etsək, burada məhz “istehsal olunmuş” kəlməsi təsadüfi olaraq işlənməmişdir. Amma bir anlığa həmin on il öncəsinə qayıtsaq, o dövrdə bizim turizm haqqındakı söhbətlərimizin mövzusunda tez-tez adıçəkilən Batabat, müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Möminə xatın türbəsi, Badamlı, Darıdağ kimi təbii, tarixi-mədəni və mineral ehtiyatlarımızın hələ turizm məhsulu olmadığı, bunların yalnız turizm məqsədilə istifadə oluna biləcək ehtiyatlar olduğunu görə bilərdik. İndi məlum olur ki, xüsusən turizmdə heç bir iş görmədən, kadrlar hazırlamadan, zəruri xidmət obyektləri yaratmadan, sosial infrastruktura heç bir yenilik əlavə etmədən dərhal reklam haqqında danışmaq, öz adını belə, ingiliscə düzgün təqdim edə bilməyən fəlsəfə doktorunun xaricdəki elmi konfrans xəyalları kimi bir şeydir. Odur ki, istənilən sahədə olduğu kimi, turizmdə də ən yaxşı reklamın “olmayan şeyə bir don geyindirmək” fəlsəfəsi deyil, görülən əsl iş, çəkilən zəhmətin bəhrəsi və peşəkarlıqla təşkil olunan nümunəvi xidmətin özü olduğunu deyə bilərik. Bütün bunları isə ona görə vurğuladıq ki, səyahətsevərlər kimi turizm öyrənənlərimiz də xəbərdar olsunlar ki, Ağbulaq kimi füsunkar bir guşədə yaradılmış müasir istirahət kompleksi heç də dənizdəki yaşıl ada deyil, abadlıq və quruculuq ab-havasına bürünmüş bir regionun ucqar bir kəndində yaradılmış sağlamlıq-rekreasiya müəssisəsidir və bura artıq yüksəksəviyyəli xidmətləri, sərfəli qiymətləri ilə istirahət etmək istəyənlərin üzünə açıqdır.
Ağbulaq İstirahət Kompleksi Şahbuz şəhərindən təqribən 20 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Bu ilin yayında istifadəyə verilən kompleksdə turistlərin istirahəti və mənalı vaxt keçirmələri üçün hər cür şərait vardır. İstirahət kompleksinin yerləşdiyi yer öz relyefinə və təbii iqlim xüsusiyyətlərinə görə ilin bütün fəsillərində buraya müxtəlifməzmunlu istirahət turları təşkil etməyə imkan verir. Naxçıvan şəhərindən bu kompleksə qədər yolun tam asfaltlanması Ağbulağa səyahət edənlərin cəmisi bir saat vaxtını aparır. Və bu bir saatın özü də tamamilə ətraf gözəlliklərin seyri ilə dolu bir əyləncədir.
İstifadəyə verildiyi gündən istirahət kompleksinin xidmətlərindən müxtəlif kateqoriyadan olan çoxlu sayda turist istifadə etmişdir. Buraya naxçıvanlı tələbə-gənclərdən tutmuş İsveçrənin ölkəmizdəki səfirinədək müxtəlif qonaqlar səyahət etmiş, ərazinin unikal təbii-rekreasiya potensialı ilə tanış olmuşlar. Kompleksdə xidmətin təşkilində yerli imkanlara üstünlük verilir. Gözəl təbiəti, təmiz havası və suyu olan bu məkanda təndir lavaşı ilə kəndin bal-qaymağının ayrı ləzzəti var. Burada öyrəndik ki, istirahət guşəsində işlə təmin olunanlardan biri turizm mütəxəssisi olmaqla, 4 nəfəri alitəhsillidir. Xidməti işçilər də, əsasən, yerli gənclərdən ibarətdir. Artan tələb nəzərə alınaraq, kompleksdə yeni binanın inşası davam etdirilir. İdman və oyun zallarının da yaradılması nəzərdə tutulmuşdur. Ağbulaq İstirahət Kompleksinin həm yay, həm də qış turizm mərkəzi kimi gələcək perspektivləri nəzərə alınaraq, kompleksdəki yerlərin internet vasitəsilə sifarişinə imkan verən www.booking.com saytına qeydiyyat təmin olunmuşdur. Beləliklə, dünyanın istənilən yerindən bu sayt vasitəsilə səyahət həvəskarları Ağbulaq İstirahət Kompleksini asanlıqla taparaq buradakı şəraitlə virtual şəkildə tanış ola və Naxçıvana səfər haqda qərar verə bilərlər. Elə kompleksin özündə də istirahət edən qonaqlar sürətli internet və rabitə xidmətlərindən istifadə edirlər. Dövri qəzet və jurnalların da çatdırılması həll olunarsa, burada dincələn qonaqlara ölkəmiz və muxtar respublikamız haqqında vaxtında məlumatlar çatdırmaq mümkündür. Xülasə, Ağbulaqda gördüyümüz qış mənzərələri elə bir təəssüratla yekunlaşır ki, qısa bir dekabr gününün hardan keçdiyi belə hiss olunmadı.
Bəzən qış turizmi üçün qar əsas şərtlərdən hesab olunsa da, göründüyü kimi, bu heç də belə deyilmiş. Qar bu yerlərdə həmişə olsa da, o, çox zaman insanların gündəlik həyatı üçün müxtəlif çətinliklərdən başqa bir şeyə yaramırdı. Soyuq qarı gəlir mənbəyinə çevirmək üçün indi hər imkanımız var. Qarşıda isə yeddigünlük bayram tətili günləri var. Qışı qış kimi keçirmək istəyən varsa, bu dağlara çıxmağa dəyər.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR