Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində turist xidməti obyektlərinin və turist firmalarının nümayəndələri ilə görüş keçirilmişdir. Mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikanın turizm potensialından səmərəli istifadənin təmin edilməsi, turizmin müxtəlif sahələrinin inkişafı ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nazirlik qarşısında qoyulan əsas vəzifələrdən biri olmuşdur.
Qeyd edilmişdir ki, nazirlik bu işlərin görülməsi üçün turist obyektləri və turist firmaları ilə əlaqələri düzgün qurmalı və mövcud potensialdan düzgün istifadəyə səy göstərməlidir. Son illər muxtar respublikanın turizm potensialını təbliğ edən 50-dən çox buklet, açıqca, məlumat xarakterli çap materialları nəşr olunmuşdur. Turist obyektləri və turist firmaları bu çap məhsullarının, xəritələrin yayılmasına maraq göstərməlidirlər.
“Muxtar respublikanın mədəni-tarixi irsi, müalicə-sağlamlıq obyektləri, dini ziyarətgah yerləri də turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır”, – deyən nazir vurğulamışdır ki, turist marşrutlarının təşkil edilməsində turist firmaları da öz təkliflərini verməli və bu marşrutların hazırlanmasında fəal iştirak etməlidirlər.
Görüşdə nazirliyin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva, Naxçıvan Turizm-İnformasiya Mərkəzinin direktor əvəzi Nurlan Fətəliyev, “Nəqşi-Cahan” Holdinq Şirkətlər Qrupunun nümayəndəsi Hüseyn Sosun və başqaları çıxış edərək muxtar respublikada turizmin inkişafına töhfə verə biləcək təklif və fikirlərini bildirmişlər.
Xəbərlər şöbəsi