Böyük Britaniya vətəndaşı Mark Elliot 2019-cu ilin iyun ayında muxtar respublikada səfərdə olmuş və Naxçıvan barədə nüfuzlu “Experience Azerbaijan” jurnalında məqaləsi dərc olunmuşdur. Həmin məqaləni təqdim edirik.
Nuh Peyğəmbərin məzarı və “Avrasiyanın Maçu Piçusu” Naxçıvandadır. Çox güman ki, bu ərazi barədə eşitməmisiniz. Mədəni və siyasi baxımdan Azərbaycan Respublikasının bir hissəsi olmasına baxmayaraq, coğrafi baxımdan Azərbaycandan ayrı düşmüşdür. Bura eksklavlara və fərqli məkanlara səfər etməkdən zövq alanlar üçün ziyarət həyəcanı təqdim edir.
Azərbaycanın miniatürü kimi, Naxçıvan balaca bir ərazidə olduqca geniş, müxtəlif mənzərələr və adət-ənənələrə malikdir. Batabat ərazisində otla örtülmüş dağlar və göllər, Biçənək ətrafındakı meşəliklər, Haçadağın dramatik qayalıqları və Araz vadisinin cəlbedici yarımsəhra mənzərəsi paytaxt Naxçıvan şəhərindən bir-iki saatlıq məsafədə yerləşir.
Çox cazibədar olmasına baxmayaraq, Naxçıvan ötən əsrdə çoxlu sayda ziyarətçilərin diqqətindən kənarda qalmışdır. Belə ki, bu diyar ticarət baxımından Avrasiyanın əfsanəvi İpək Yolunun bir parçası olmuş, Birinci Dünya müharibəsindən sonra muxtariyyətə çevrilmişdir. Ərazi həssas mövqedə yerləşdiyindən Sovet dövründə əcnəbi turistlər üçün bağlı saxlanılmışdır.
1990-cı ilin əvvəllərində Azərbaycan Respublikasının bu ərazisi Ermənistan tərəfindən blokadaya alınmışdır. O vaxtdan bəri Naxçıvan Muxar Respublikasında yolların yenidən qurulması və sənaye sahələrinin yaradılması (Azərbaycanın əsas avtomobil istehsal edən zavodlarından biri də daxil olmaqla) ilə bağlı mühüm layihələr həyata keçirilmişdir. Son illər Naxçıvanın turizm potensialından da istifadə olunur. Xaricdən gələn qonaqlar bu ərazidə olmağı yüksək dəyərləndirirlər. Xidmət sahələri yaxşı inkişaf edir. Müxtəliflik, qonaqpərvərlik, təbiət mənzərələri, rahatlıq və mətbəx seçimləri Naxçıvanı xüsusilə fərqləndirir.
Gözəl vaxt
Naxçıvan şəhərində turizm infrastrukturuna investisiya qoyuluşu geniş vüsət alıb. 2019-cu ilin yayında açılışı olan Saat Meydanı turistik istirahət mərkəzi buna bir nümunədir. Saat Meydanı müasir üslub və klassik əzəmətin qarışığı ilə memarlıq baxımından fərqli bir konsepsiya əks etdirir. Səkkizguşəli qüllədə hər saat səslənən kiçik musiqili şou Praqa kimi orta əsr şəhərlərindəkitək klassik ekvivalentləri xatırladır. Binanın qalan hissəsi bir az karvansaraya bənzəyir, böyük fəvvarəli həyətin ətrafında ikihissəli tağlar vardır. Bu tağların arxasında Naxçıvanın ən yeni və cazibədar restoranları, dəbdəbəli butik oteli və hətta barista qəhvəsi təklif edilən “İngilis” pivə barı yerləşir. Saat Meydanı gürcü, Anadolu-Türk və Şərqi Asiya restoranlarının cəmləşdiyi ən yaxşı seçimdir. Naxçıvan şəhərindəki tarixi Buzxanada isə turistlərə xidmət edən digər qeyri-adi restoran fəaliyyət göstərir.
Novruz bayramı şənlikləri
Novruz Azərbaycan xalqının ən mühüm bayramlarından biri hesab olunur. Novruz bayramı rəsmi şəkildə mart ayının 21-də keçirilir. Lakin ölkədə bu bayram bir neçə gün öncədən qeyd olunmağa başlayır. Ölkənin hər hansı hissəsinə səfər etsəniz, siz rəngarəng mənzərələrlə qarşılaşacaqsınız. Etiraf edək ki, Naxçıvandakı qədər sehrli tamaşa tapa bilməyəcəksiniz. 1186-cı ildə inşa edilmiş möhtəşəm Möminə xatın abidəsinin yerləşdiyi parkda, Naxçıvanqalada təşkil edilən Novruz şənlikləri çox ecazkar və maraqlı keçir. Milli geyimli musiqiçilər Novruz bayramına xas olan ab-hava yaradır, qəlyanaltıların təklif edildiyi və yerli istehsal hesabına təşkil olunan guşələr isə Naxçıvan xanlarının bərpa edilmiş sarayına qədər uzanır.
Əlincə qalası
2 min pilləkən ilə Əlincəqalanın zirvəsinə qalxmaq üçün ən ideal vaxtlardan biri mart ayının sonlarında, Novruz bayramı ərəfəsindədir. Bu qala XII əsrdə Möminə xatının türbəsini inşa etdirən hökmdar tərəfindən də möhkəmləndirilmişdir. Son illər qala bərpa olunub və Azərbaycanın “Maçu Piçu”su adlanır.
“İncil” və “Quran” əlaqələri
Sərin səmanın aydın olduğu gündə nəhəng bir vulkanik konusun qarlı görünüşü Naxçıvanın şimal-qərb üfüqünün üstündə üzür. Bu Nuh Peyğəmbərin heyvanlarla dolu gəmisinin “İncil”də qeyd olunan daşqından sonra tapıldığı Haçadağdır.
Yerli əfsanəyə görə, Peyğəmbər ailəsi ilə birlikdə indiki Naxçıvan şəhərinə yaxın bir ərazidə üzüm bağları əkib-becərirdi. Nuh Peyğəmbərin Naxçıvanqala və nəhəng yeni məscid kompleksi arasında dayanan, orta əsrlərə aid məqbərədə dəfn olunduğu təsdiq edilir. Naxçıvan şəhərinin cənub-şərqində çəhrayı-qırmızı rəngli geoloji formaya malik olan müqəddəs Əshabi-Kəhf mağarası yerləşir. Müqəddəs “Qurani-Kərim”də adıçəkilən bu dağda inanclı müsəlmanlar 309 il yataraq zülmkarlardan xilas olmuşlar.
Naxçıvanda nələri kəşf edəcəksiniz?
Bu ecazkar diyarda səfər etmək üçün çox maraqlı ərazilər vardır:
- Sovet dövründə aşkar olunmuş duz mədənində yatmaq;
- orta əsrlərdə kərpicdən tikilmiş hamam binasında gizli bir çay evi tapmaq;
- Qafqazın ən yaxşı limonlarının vətəni, tarixi bir oazis şəhəri olan sehrli Ordubad şəhərini görmək;
- aktiv arsen elementinin olduğu müalicəvi mərkəzdə vanna qəbul etmək;
- Haçadağın möhtəşəm zirvəsinə heyranqalmaq;
- Naxçıvan şəhərinin gözəl muzeylərini pulsuz olaraq ziyarət etmək;
- Qarabağlar kəndində mozaika ilə bəzədilmiş məşhur türbəni tədqiq etmək;
- mənzərəli vadilərdə bir sıra orta əsr körpülərini tapmaq;
- ekzotik, klassik üslubda hazırlanmış Şərq hamam kompleksində çimmək;
- Nehrəm və ya Biçənəkdə nadir quş növlərini müşahidə etmək;
- Batabat gölündə üzən adaları kəşf etmək və 2020-ci ilin qış fəslindən başlayaraq Naxçıvanın Ağbulaqdakı yeni xizək kurortunda özünüzü sınamaq.
Səyahət etməyin yolları
Gündəlik bir neçə avtobus İqdır vasitəsilə Naxçıvanla Türkiyənin müxtəlif şəhərlərini birləşdirir. Bu yol sizi Ağrı dağının lap yaxınlığına aparır. İrandan gələndə ən rahat keçid məntəqəsi Culfa şəhərindədir. Bu şəhərin yaxınlığında yeni bərpa olunmuş tarixi Gülüstan türbəsi yerləşir. Türbənin yaxınlığından keçən qatarla Araz vadisi boyunca Naxçıvan şəhərinə səfər edə bilərsiniz. İndi dünyanın hər yerindən gələn turistlər gözəl mənzərələrə tamaşa edərək müasir vaqonlarda səyahət edirlər. Naxçıvandan Bakıya gələnlər üçün ən asan seçim hava yoludur. Gündəlik bir neçə uçuş var, lakin yerlər sürətlə satılır. Buna görə də əvvəlcədən sifariş vermək lazımdır.
Naxçıvanda şəhər və kəndlər arasında avtobus xidməti mövcuddur. Məsafələr kiçikdir və taksilərin qiyməti uyğundur. İngilis dilində danışan sürücü və ya bələdçi istəsəniz, ərazidə fəaliyyət göstərən “Natiq Travel” turizm agentliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm.Turizm agentliyi qış gəzintisi turları, endirimli otel rezervasiyaları, alpinizm turları və Gəmiqaya qayaüstü rəsmlərinə baxmağa səfərlər təşkil edir.