İnsanların asudə vaxtının düzgün təşkil olunması onların yaradıcı enerjisindən daha səmərəli istifadəyə, məşğul olduğu işindən möhkəm yapışmağa və həyatdan zövq almağa imkan verən ən sınanmış vasitələrdəndir. Bu baxımdan muxtar respublikamızda da regionun zəngin turizm-rekreasiya ehtiyatlarından istifadə olunaraq fəal istirahətin təşkili məsələləri hazırda dövlətin diqqətində olan sahələrdəndir. Regionda təşkilati turizmin yaradılması və turizmin bir çox növlərinin gizli qalmış potensialının üzə çıxarılması istiqamətində atılan addımlar bu sahədə ilk bəhrələrini verməyə başlamışdır. Naxçıvan-Şahbuz turizm marşrutunun Şahbuz-Ağbulaq qolu üzrə səyahətə çıxan turistlər bir anda təbiət gözəllikləri ilə insan əli möcüzələrinin vəhdətinin, insan rifahına xidmət edən bütöv bir rekreasiya-istirahət kompleksinin cazibəsinə düşürlər. Doğrudan da, Şahbuz dağları ilin bütün fəsillərində gözəldir!
Regionda turistlərə təklif olunan turizm marşrutlarının işlənib hazırlanması turizmin təşkilinin əsas problemlərindəndir. Onların uğurlu həlli isə, hər şeydən əvvəl, təşkilati turizmin inkişafına şərait yaradır ki, bu da turizmdən arzuedilən səviyyədə gəlirlər əldə olunmasının ən yaxşı yoludur. Buna görə də muxtar respublikamızda turistlərin səyahətlərinin təşkil oluna biləcəyi bütün istiqamətlərdə turizm marşrutlarının işlənib hazırlanması, onların bütün tələblərə uyğun şəkildə əsaslandırılması qarşıda duran vacib məsələlərdəndir. Yaradılacaq marşrutların davamlılığı, onların texniki və iqtisadi cəhətdən əsaslandırılması, təhlükəsizlik məsələləri bu istiqamətdə görüləcək işlərin ən mühümləridir.
Şahbuz rayonuna gəlmiş turistlərin fəal istirahətini təşkil edə bilmək üçün müxtəlif istiqamətlərdə turlar təşkil etmək mümkündür. Rayonun təbii şəraiti, dəniz səviyyəsindən hündürlüyü, habelə bitki örtüyü və canlı aləmi ərazinin hər kvadratkilometrində müxtəlif məzmunlu istirahət proqramları təşkil etməyə imkan verir. Rayon ərazisində aparılmış geniş infrastruktur yenilənməsi işləri yerli əhalinin rahat yaşayışı ilə bərabər, buraya gələn turistlərin də mənalı istirahətinə şərait yaradır. Ona görə də Şahbuzun girişindən başlayaraq rayonun Batabat, Ağbulaq, Kükü, Badamlı, habelə Keçili və Nursu istiqamətlərində yay və qış turizmi üçün geniş imkanlar olduğunu deyə bilərik. Şahbuz-Ağbulaq istiqamətində isə müxtəlif yaş və məşğuliyyət kateqoriyasından olan turistlərimizə bir-birindən maraqlı istirahət günləri təşkil etmək olar.
Qeyd edək ki, Ağbulaq istiqamətində turlar artıq başlanmışdır. Bu yaxınlarda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi inkişaf edən bir regionun füsunkar bir dağ kəndində təşkil oluna biləcək hər cür xidmətləri özündə əks etdirir. Səhər erkəndən, Günəş parlamadan Ağbulağa doğru hərəkət edən turistlər Şahbuz şəhərindən çox da uzaqda olmayan, cəmi 20-25 dəqiqəlik rahat bir yolun ardından rayonun geniş panoramasını canlandıran bir təbiət mənzərəsi ilə üzbəüz qalacaqlar. Xüsusən belə bir səyahət yay fəslinə təsadüf edərsə, şəhərdən gəlmiş qonaqları təəccübləndirmək, onlarda dərin təəssürat yaratmaq çox da çətin deyildir. Hələ Ağbulaq kəndinə çatmamış yol boyu qaynayan kənd həyatı, müxtəlif təsərrüfat işləri, dağ yamaclarındakı bal-bərəkət, dişqamaşdıran buz bulaqlar və bir də… Dağ kəndində böyümüş bir çox insanlar üçün bu, bəlkə də, qeyri-adi görünməyə bilər, ancaq Salvartının bu zirvələrinə birnəfəsə çıxandan sonra unudulmaz Məmməd Arazın “Qıy vuran qartallar yox oldu çəndə” misrası insanın ürəyində özü baş qaldırıb onu dağa döndərir. Avqustun bu qızmarında sübh vaxtı dərələrin süsən-sünbülünü şehə bürüyəndən sonra naz-qəmzə ilə dağın zirvəsinə doğru çəkilən o həzin çən yatdığı sinədə insana gəl-gəl deyir. Bu seyr incəruhlu təbiət sevdalılarını, foto-video həvəskarlarını saatlarca məşğul edər. Belə mənzərə pillə-pillə dolanan Ağbulaq yolunda hərəkət edərkən daha da gözəlləşir və buna görə qonaqlarımızla istirahət mərkəzinə çatmamış yolüstü bulaq abidələrinin birində fasilə verməyə dəyər. Hər keçən dəqiqədə onlarla metr yüksəkliyə qalxan turistlərin bu yüksəkliyə uyğunlaşmaları və “ikinci mərtəbədən” gəldikləri yola doyunca tamaşa etmələri üçün onlara vaxt verilməlidir.
Ağbulaq kəndi və ətrafı çox cazibədardır. Buraya gələn turistlər ilk olaraq ərazinin ekoloji cəhətdən çox təmiz olduğunu görəcək, heç bir tullantıya rast gəlməyəcəklər. Son illər muxtar respublikamızda hətta ən ucqar dağ kəndlərinin təmizliyinə ciddi diqqət yetirilməsi hər yerdə özünü göstərməkdədir. Kənd yerlərində sənaye tullantılarının, demək olar ki, olmaması, məişət tullantılarının da mərkəzləşdirilmiş qaydada toplanması kəndlərimizdə arzuedilən nəticəni yaratmışdır ki, bu da müasir kənd turizmi qarşısında qoyulmuş ən mühüm şərtlərdəndir. Təmiz olduğu qədər sadə kənd həyatı da buranı seçmiş turistlərin görmək istədikləri arasındadır. Ağbulağa qalxarkən yol boyu gözədəyən arı pətəkləri turistlərimizin diqqətindən qaçmamalıdır: indi hamı ekoloji təmiz qida məhsullarından danışsa da, onu tapmaq asan deyil. Necə deyərlər, yerində alıb, daddığın məhsula söz ola bilməz. Xülasə, biz hələ bu yerlərin özünəməxsusluğunu tamamilə qonaqlara tərif etməmiş təyinat yerimiz Ağbulaq İstirahət Mərkəzinə çatırıq.
Ağbulaq İstirahət Mərkəzi eyniadlı kəndin kənarında, gözəl mənzərəli geniş bir ərazidə yerləşir. Mərkəzə gəlmiş turistlər lazımi qeydiyyat və yerləşmə işlərindən sonra qısamüddətli dincəlmə keçməlidirlər. Bu, dəniz səviyyəsindən iki min metrə qədər hündürlüyü olan belə bir yerə gələn xüsusən yaşlı insanlar üçün çox vacibdir. Sərin havanın ideal təmizliyi, oksigen bolluğu və yol boyu izlənən yaşıl mənzərələr insanlarda günün istənilən saatında şirin yuxu ehtiyacı yaradır. Odur ki, günortaya qədər qonaqlarımız onlar üçün ayrılmış lüks otaqlarda yolun yorğunluğunu çıxara bilərlər.
Nahar yeməyindən sonra turistlər Ağbulaqda keçirəcəkləri günlərin sayına görə turun proqramı və buradakı şəraitlə tanış olacaqlar. Yuxarıda qeyd etdiyimiz kimi, turistlər yaş qruplarına görə dəyişdiyindən uşaq və gənclər üçün təklif olunan proqram yaşlı insanlar üçün təklif olunan proqramdan fərqlənir. Həm də belə proqramların müxtəlif məzmunlu olması və tərkibinin tez-tez dəyişdirilməsi də müasir turizmin tələbləri arasındadır. Ancaq istənilən halda təbiətlə sıx ünsiyyəti əsas tələbatı kimi görən insanlarda dolğun təəssürat yaratmaq üçün Ağbulaqda hər cür imkanlar vardır. Əldəyməmiş təbiət guşələri, zümzüməli bulaqlar, mineral su mənbələri, bir-birinə qaynayıb qovuşmuş meşə və kolluqlar bir-iki həftə deyil, bir neçə aylığa da buraya gəlmiş turistlər üçün əvəzedilməz təəssürat mənbələridirlər.
Müasir turistləri səyahət müddətində təklif olunan yemək servisləri çox maraqlandırır. Ağbulaq İstirahət Mərkəzinə təşrif buyurmuş qonaqlarımız turizmdə ümumi qəbul olunmuş qaydalara əsasən, səhər yeməyi ilə təmin olunurlar. Yəni hazırkı qiymətlərlə turistlərə ödədikləri təknəfərlik 35 manat və ikinəfərlik 50 manat qalma xərcinə görə geniş çeşiddə səhər yeməyi verilir. Digər yeməklərə gəldikdə, mərkəz müdiriyyəti günorta və axşam yeməyi üçün menyuda daha çox kənd üsulu yeməklərə üstünlük verdiklərini və bunun da müştərilər tərəfindən razılıqla qarşılandığını bildirdi. Məsələn, nəyə görə qonaqlarımız burada hamının əzbərlədiyi lülə, tikə, bozpört, nə bilim kotlet yerinə heç olmasa, nənələrimizin o məşhur yarpızlı dovğasından, yaxud ələyəzli əriştə aşından dadmasınlar? Unudulmaqda olan daş küftəsinin dağ nanəli dadından kim doyar? Turistlər arasında sırf təbii yemək həvəskarları varsa, buyursun, ağbulaqlı kəndlinin təsərrüfatında sadə üsulla hazırlanan pendir-lavaşnan baldırğan gözəsi boyunca bitmiş körpə yarpızın da bir dadına baxsınlar. Necədir? Bu da sizə unudulmaz kənd təəssüratı! Hə, bir də yerlər məhduddur, əgər istirahət mərkəzində boş yer tapılmasa, gəldiyinizə heyifsilənməyin, ağbulaqlıların geniş həyətlərində özünüzə yer ayırıb istədiyiniz qədər kamp turizmindən də faydalana bilərsiniz. Bunun üçün kənddə hər cür sosial-mədəni şərait yaradılmışdır.
Əli CABBAROV