22 Dekabr 2024, Bazar

Adım Əli, soyadım Sökməndir. 2000-ci ildən bəri Türkiyə Respublikası Səhiyyə Nazirliyində çalışıram. Evli, iki uşaq atasıyam. 1997-ci il təvəllüdlü bir qızım və 2000-ci ildə dünyaya gələn bir oğlum var. Övladlarımın yaxşı təhsil almaları dövlətə, millətə və bütövlükdə bəşəriyyətə xeyir verən bir şəxsiyyət olmaları üçün əlimdən gələni edirəm. Özüm səhiyyə işçisi olduğum üçün qızım da bu sahəni seçdi və hazırda tibb bacısı kimi çalışır.
Oğlum da məni və bacısını nümunə götürərək həkim olmaq istəyirdi. Ancaq Türkiyədə təxminən 3 milyon məzundan 10-15 mini Tibb fakültəsində oxumaq imkanı qazanır. Bunu nəzərə alaraq xaricdəki bir çox universitetlərin Tibb fakültələrini araşdırmağa başladım. Bunlardan biri də “Bir millət, iki dövlət” olaraq tanıdığımız qardaş ölkə Azərbaycan idi. İlk olaraq din, dil və dəyərlər baxımdan doğma hiss etdiyim öz qardaş və bacılarımızın təhsil aldığı Azərbaycan Tibb Universitetini və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini nəzərdən keçirdim.
Naxçıvandakı ali təhsil ocaqlarının səviyyəsi, təhsil şəraiti, eləcə də Türkiyədəki bir çox universitetlərlə müqavilələrinin olması (ERASMUS, MEVLANA proqramları) diqqətimi daha çox çəkdi. Seçim etdiyimiz Naxçıvan Dövlət Universitetində başqa təhsil ocaqlarında çətin tapıla biləcək imkanlardan biri də tələbələrin müəllimlərlə birbaşa dialoq qurmaq fürsətinin olmasıdır. Nəqliyyatın rahatlığı, təhsilin hər keçən gün daha da yüksək səviyyəyə qaldırılması bizim üçün inamın ən yaxşı ünvanı, qardaş ölkəmiz Azərbaycanın incisi olan “GÖZƏLLİKLƏR DİYARI NAXÇIVAN”ı və Naxçıvanın gözəl insanlarını əvəzedilməz etdi.
Niyə Naxçıvan? Çünki təhlükəsizlik baxımından son dərəcə etibarlı bir yer olan Naxçıvan valideyinlər üçün də əsas seçim nöqtəsidir. İnternet vasitəsilə Naxçıvan Dövlət Universitetinin telefon nömrəsini tapıb xarici tələbələrin təhsil aldığı fakültə ilə əlaqə yaratdıq. İstanbuldan Iğdıra təyyarə, Iğdırdan da Naxçıvana quru yolu ilə 3 tələbə və onların valideynləri ilə birlikdə gəldik. Bununla da çoxdan arzuladığımız qardaşlarımıza qovuşduq. Bu, Araz çayının ayırdığı, araya məsəfələr və manelər qoyulduqdan çox uzun illər sonra bir-biri ilə görüşmək imkanı tapan əsl qardaşların görüşü idi sanki. Maşından düşdüm və diz çökərək qardaş Naxçıvan torpağını öpdüm, havasını, qoxusunu həsrəti yox edərcəsinə dəfələrlə içimə çəkdim və çox təsirləndim. İşğal altındakı Qarabağ torpaqları barədə düşünəndə isə göz yaşlarımı saxlaya bilməyib ağladım. “Rəbbim, bu torpaqları Azərbaycan xalqına və bizə fəth etməyi, geri almağı nəsib et!” – deyə dəfələrlə dua etdim. Belə həsrət dolu emosional bir vəziyyətdə Naxçıvana gəlib çatdıq. Bu şəhərdə çox gözəl qarşılandıq. Əvvəlcə Naxçıvan Dövlət Universitetində olduq, qeydiyyatdan keçib Tibb Fakültəsi ilə tanış olduq. Artıq bu ildən övladlarımız Naxçıvan Dövlət Universitetində təhsil almağa başlayıblar. Oğlumun burada oxumağına çox şadam. Burada xarici tələbələrə necə isti münasibətlə yanaşdıqlarını gördükdən sonra könül rahatlığı ilə ölkəmə qayıtdım...

Bir neçə kəlmə Naxçıvan barədə yazmaq istəyirəm. Qarşımızda tarixi və mədəni quruluşunu pozmadan inkişafa əhəmiyyət verən çox gözəl bir şəhər var idi. Ailəmlə birlikdə Naxçıvanı gəzmək fürsətimiz oldu. Urbanizasiya baxımından şəhər parklar və bağlara, geniş küçələrə, bir çox tarixi və mədəni binalara sahibdir. Naxçıvanda gəzib görmək üçün bir çox yerlər var. Biz əvvəlcə Nuh Peyğəmbərin uyuduğu qəbri ziyarət edib, Nuh Tufanı ilə əlaqədar geniş məlumat aldıq. Başqa bir vacib ziyarət yerimiz də müqəddəs “Qurani-Kərim”də adı keçən “Əshabi Kəhf” mağarası oldu.
Eramızdan 3-5 min il əvvəl meydana gələn, tarixə şahidlik edən Naxçıvandakı tarixi qalaya baş çəkdik və bir çox məlumatla tanış olub qədim geyim və əşyaları görmək fürsəti tapdıq. Bu yer bizi tarixi zaman yolçuluğuna çıxardı. Öyrəndik ki, burada müxtəlif festivallar təşkil olunur və Naxçıvan ləzzətləri gələnlərə təqdim edilir. Festivallardakı gözəl vizual görüntülər insanları mənəvi cəhətdən xoşbəxt edir. Mən bu gözəllikləri təşkil edənlərə minnətdarlığımı bildirirəm.
Naxçıvanda ziyarət etmək üçün yalnız bu qədərmi yer var? – Xeyr! Astma və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi üçün çox gözəl şəkildə inşa edilən Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etdik. Sonra Azərbaycanın qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan parkda olduq.
Özümüzü təmiz və dinc yerdə rahat hiss etdik. Naxçıvanlılar bizi bizdən daha çox sevirlər. Kiminlə görüşsək “Qonağımız olun, biz qardaşıq”, – deyirdilər. Türkiyəyə gəldiyimizdən bəri hər kəsə Naxçıvandan bəhs edirik. Onlara bu gözəl diyarı mütləq gəlib görmələrini, övladlarını yüksək keyfiyyətlə təhsil verən Naxçıvan ali təhsil ocaqlarında oxutmağı tövsiyə etdik. Xüsusilə söyləyirəm: Türkiyəmin gözəl xalqı, Naxçıvan istər təhsil sahəsində, istərsə də digər sahələrdə övladlarınızı könül rahatlığı ilə əmanət edə biləcəyiniz ən doğru, etibarlı ünvanlardan biridir. Burada məzun olan tələbələrin bir çoxu bu gün işlə təmin olunub, bəziləri isə müxtəlif ölkə­lərdə təhsillərini davam etdirirdirlər.
İnşallah, bir gün Naxçıvandan olan qardaşlarımızı, yoldaşlarımızı Türkiyədə qonaq etmək mənə nəsib olar.

Ali Sökmen
Tekirdağ
siyasalbirikim.org

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR