Payız turizm mövsümünün başlaması ilə hər yerdə olduğu kimi, Naxçıvanda da turist axınının artması müşahidə olunur. Xüsusən soyuq Şimal ölkələrinin vətəndaşları bol Günəş, istiqəlbli insanlar görmək, dünyagörüşlərini daha da artırmaq üçün ölkəmizə səyahət etməkdə çox həvəslidirlər. Onlar arasında muxtar respublikamızı seçənlər də az deyil. Ötən həftəsonu Naxçıvana səyahət edən əcnəbilər arasında İsveçrə Konfederasiyası vətəndaşları Andre Enqetşuler və xanım İnqrit Kundertlə həmsöhbət olub təəssüratlarını öyrəndik.
Azərbaycana bir neçə dəfə, Naxçıvana isə ikinci dəfə səyahət edən Andre Enqetşuler 67 yaşında olmasına baxmayaraq, Əlincəqalanın zirvəsinə yenidən qalxmaqla, sanki gəncləşdiyini deyir. O, ötən ilin iyununda Naxçıvana ilk səfərində olduğu kimi, yenə də Duzdağa və müqəddəs Əshabi-Kəhf ziyarətgahına baş çəkib. Qarabağlar türbəsi ilə tanışlıq onda dərin təəssürat yaradıb.
Andre Enqetşuler deyir ki, Avropada, xüsusən İsveçrə kimi ölkələrdə insanların Naxçıvana xas olan təbiət gözəlliklərinə, əsrarəngiz mənzərələrə, sakit, təmiz ətraf mühitə çox ehtiyacları vardır. Odur ki, əgər gələn dəfə yolu bu istiqamətə düşsə, hökmən yenə də Naxçıvana gəlib görə bilmədiyi yerlərə də getmək istədiyini dilə gətirdi. Digər əcnəbi turistlər kimi, o da Haçadağın cazibəsinə, buradakı mineral suların şəfalı gücünə heyran qaldığını, Naxçıvan mətbəxinin, xüsusən Araz balığının dadından doymadığını bildirdi.
Onunla bir qrupda səyahət edən xanım turist isə Naxçıvanda keçirdikləri iki günün və gördükləri maraqlı yerlərin onda yüksək təəssüratlar yaratdığını dedi. İndiyə qədər dünyanın 50-dən çox ölkəsində olmuş səyyah buradakı muzeylərin zənginliyini çox bəyəndiyini, Azərbaycan xalçalarının gözəlliyinə doyunca tamaşa etdiyini bildirdi: “Səyahətçi yoldaşlarımın Azərbaycanın “Maçu-Piçu”su adlandırdığı Əlincəqala indiyə qədər gördüyüm yerlərin ən möhtəşəmidir. Naxçıvana səfərim güman etdiyimdən çox rahat oldu. Ölkəmizə geri qayıtdıqda dostlarıma da buraya gəlməyi tövsiyə edəcəyəm. Çünki Naxçıvanın bənzərsiz payız mənzərələrinə, Əshabi-Kəhf ziyarətgahına, Duzdağ ətrafı dağlara və qaldığımız “Təbriz” otelindən açılan mənzərəyə heyran olmamaq mümkün deyil”.
Həmsöhbət olduğumuz turistlər, ümumilikdə, bir turizm destinasiyası kimi Naxçıvanda bütün lazımi xidmətlərin təşkilindən, onların keyfiyyətindən və qiymətindən razılıq etdilər ki, bu da diyarımıza bir dəfə səyahət edən turistlərin yenidən bu istiqamətə gəlməyi üçün ən əsas şərtlərdəndir.
Əli CABBAROV