Naxçıvan Muxtar Respublikasının özünəməxsus coğrafi zənginliklərə malik olması bu qədim diyarda müxtəlif turizm növlərinin inkişaf etdirilməsinə şərait yaradır. Xüsusilə əzəmətli təbiətin bizə bəxş etdiyi nadir landşaft tipləri, ayrı-ayrı bölgələrin təkrarolunmaz gözəlliyi “şəhərdənkənar turizm”in inkişafı üçün yeni imkanlar açır.
Bu gün muxtar respublikamızın yerləşdiyi coğrafi ərazini turizm perspektivliyi baxımından təhlil etsək, ilk növbədə, landşaft turizminin üzərində dayanacağıq. Landşaft turizmi isə hazırda bütün dünyada daha çox piyada və dağ turizminin inkişaf etdirilməsi üzərində qurulur. Turizmin bu növləri haqqında oxucularımıza ötən yazılarımızda bəhs etmişdik. Ancaq mövzuya yenidən müraciət etməyimizin bir səbəbi də bu turizm istiqamətlərinin inkişaf etdirilməsi üçün muxtar respublikanın geniş təbii imkanlara malik olmasıdır. Bu gün bütün dünyada piyada və dağ turizmi sürətlə inkişaf edir. Statistikaya görə, hazırda dünya turizm bazarının 10 faizindən çoxunu ekstremal turizm – piyada və dağ turizmi tutur və bu faiz ildən-ilə yüksəlməkdədir.
Hamımıza məlum olduğu kimi, muxtar respublikamızın coğrafi ərazilərinin böyük bir hissəsini dağlıq və dağətəyi ərazilər, nisbətən düzəngahlar təşkil edir. Bu ərazilərdə yüzlərlə təbiət abidələri, mineral bulaqlar, tarixi tikililər və arxeoloji obyektlər yerləşir. Hazırda muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. Eyni zamanda təbiətin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə, flora və fauna növlərinin sürətlə artmasına gətirib çıxarıb. Naxçıvanın bu cür təbii gözəlliklərini fiziki olaraq görməyin ən yaxşı yolu isə təbii ki, burada piyada və dağ turizminin inkişaf etdirilməsidir. Bəs piyada və dağ turizminin digər turizm növlərindən fərqi və dünyada bu qədər geniş miqyasda yayılmasının səbəbi nədir?
İlk olaraq piyada turizmindən bəhs edək. Piyada turizmi istənilən yaşda insanın psixoloji olaraq emosiyalarına və fiziki aləminə müsbət təsir edir, həmçinin insanda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır. Piyada turizmi həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Bu turizm növü ilə məşğul olan insan ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərərçəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir.
Digər tərəfdən belə turizm növünə üstünlük verənlər, adətən, macərapərəst olurlar. Macərapərəstlər isə daim təbiətdə maraqlı bir şey axtarmağa, ona sevgi ilə yanaşmağa meyilli olur, təbii gözəlliklərdən zövq almağı bacarırlar. Piyada turizminin üstün cəhətlərindən biri də odur ki, bu turizm növü yerli sakinlərin, xüsusilə yeniyetmə və gənclərin yaşadıqları bölgənin təbii coğrafiyasını praktik olaraq öyrənmək və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır. Son onillikdə dünyada Skandinaviya yürüşü ilə məşğul olanların sayının da artdığını nəzərə alsaq, piyada turizminin necə sürətlə inkişaf etdiyinin bir daha şahidi olarıq.
Dağ turizmi isə piyada turizminə ən yaxın olan bir turizm növüdür. Dağ turizmi dünyada dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsi üçün təklif olunan istiqamətlərdən biridir. Bunu da xatırlatmaqda fayda var ki, dağ turizmi alpinizmlə məşğul olmaq demək deyil. Onun alpinizmlə fərqli cəhətlərindən biri odur ki, turistlər alpinistlərdən fərqli olaraq hər hansı dağ zirvəsini fəth etməyi qarşılarına məqsəd qoymurlar. Onlar üçün dağlıq ərazilərə gəzinti xarakterli səyahətlər, çətin yol şərtlərinə dözümlülük, səyyar çadırlarda gecələmək daha çox ön planda olur. Bu turizm növünün inkişafında da dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən püxtələşmiş kadrların hazırlanmasına ehtiyac var. Ekstremal turizmin bir növü kimi dağ turizmi özündə müəyyən risk və təhlükələr daşısa da, nəticə etibarilə, bu, bir çoxları üçün əsrarəngiz istirahət deməkdir.
Bütün bu xüsusiyyətlərinə görə Kiçik Qafqaz dağlarının əhatəsində olan Naxçıvan Muxtar Respublikasının ərazisi turistlər üçün regionda ən maraqlı coğrafi ərazilərdən biridir. Buradakı mövcud bölgələrin hər biri ayrılıqda dağlıq ərazilərə malikdir. Bu əraziləri bir-biri ilə əlaqələndirəcək yeni dağ-piyada turizm marşrutlarının işlənilməsinin, düşünürük ki, zamanı gəlib çatıb. İstər piyada turizmi və ultramarafon üçün patikaların, istərsə də dağlıq və nisbətən düzəngah vadiləri əhatə edəcək veloyürüşlərin təşkili üçün təbiətin bizə bəxş etdiyi bu unikal imkanlardan yararlanmalıyıq. Uzağa getməyək, qardaş Türkiyə Respublikasının Kapadokya bölgəsi bir neçə il bundan əvvələdək turistləri yalnız şiş qayalıqları ilə cəlb edirdisə, bu gün artıq həmin bölgə dünyamiqyaslı ultramarafonların (ultramarafonlar normal marafonlardan fərqli olaraq həm də dağlıq və səhralıq ərazilərdə keçirilir), beynəlxalq dağ-velosiped yarışlarının keçirildiyi məkan kimi qəbul olunur. Bir kiçik məqamı da vurğulamaq istərdik. Bəzən dağ-piyada turizmindən bəhs edərkən muxtar respublikanın quru iqlim şərtlərinin bu cür layihələrin həyata keçirilməsində maneələr yaratdığını düşünənlər də var. Amma bu, əsla belə deyil. Məsələn, bu gün inkişaf etmiş ölkələrin hər birində geniş yayılmış ultramarafon yarışlarının çətin şərtlər çərçivəsində keçirilməsi daha çox arzuolunandır. Buna görədir ki, hər il ənənəvi olaraq Kaliforniyanın (ABŞ) “Ölüm vadisi”ndə müsbət 50 dərəcədən yuxarı temperaturda təşkil olunan “Badwater” ultramarafonu (215 kilometr) dünyanın ən güclü ultramarafonçularını bir araya toplayır. Dayanıqlılıq, səbir, yüksək dərəcədə istiliyə məruz qalan dağlıq və səhralıq ərazilər hərəkətdə olan insan orqanizminin gücünü ortaya qoymaqla yanaşı, çılğınlıq sevən turistlərin cəlbi üçün də ideal məkanlardan sayılır. Demək istədiyimiz odur ki, Naxçıvanın təbii imkanlarını qiymətləndirmək, bu imkanlardan səmərəli və uzunmüddətli istifadə etməklə yeni uğurlara nail ola bilərik.
Qeyd edək ki, piyada-dağ turizmi ölkəmizdə yeni formalaşan turizm sahələrindən biridir. Bir zamanlar məhdud alpinist kütləsindən başqa heç bir cəlbediciliyi olmayan dağlıq ərazilər bu gün artıq turizmdə yeni istiqamətləri ortaya qoyur. Təbii ki, digər sahələrdə olduğu kimi, dağ və piyada turizminin inkişafında da bu istiqamətlər üzrə bələdçilərin hazırlanmasına ehtiyac var. Düşünürük ki, dünyada piyada-dağ turizminin inkişaf dairəsi ilbəil daha da genişlənir. Bunun da səbəbləri var. Səbəblərdən biri odur ki, bütün dünyada şəhərləşmə prosesi ildən-ilə daha da sürətlənir. Yəni bütün ölkələrdə şəhərlərə böyük axın var. Rusiyada nəşr olunan “Elm və həyat” jurnalının məlumatına görə, hazırda dünya əhalisinin 55 faizdən çoxu şəhərlərdə yaşayır. 2050-ci ilədək isə bu rəqəmin 70 faiz olacağı gözlənilir. Ancaq elə ölkələr də var ki, orada əhalinin 70-80 faizi şəhərlərdə yaşayır. Beynəlxalq statistikaya görə, hazırda dünyada turist axınının 80 faizdən çoxunu da elə şəhərlərdə yaşayanlar təşkil edir. Bunun da bir çox səbəbləri var. Şəhərlərdə iş imkanlarının böyük olması səbəbindən qazancın da çox olması, kənd yerlərində yay mövsümü ərzində təsərrüfat işlərinin çoxluğu və sair səbəblər şəhərdə yaşayanların daha çox gəzintiyə zaman ayırmaları ilə nəticələnir ki, bu da sonda həmin insanların şəhərdənkənar yerlərə – təbiətlə birbaşa təmasın yarandığı bölgələrə üz tutmalarına imkan verir. Muxtar respublikaya gələn turistlər arasında sorğu aparsaq, biz də onların çoxunun fərqli şəhərlərdə yaşadığının şahidi olacağıq. Şəhərdə yaşayanların isə daim təbiətə üz tutduqlarını hər birimiz bilirik.
Digər tərəfdən dağ və piyada turizmi sağlamlıq baxımından çox faydalıdır. Həkimlər, demək olar ki, bütün pasiyentlərinə fiziki imkanları yetərlidirsə, gəzməyi, təbiət qoynunda dincəlməyi məsləhət görürlər. O ki qaldı idmançılara, alpinistlər, qayayadırmananlar, ultramarafonçular və digərləri hər zaman fərqli yerlərdə olmağı sevirlər. Bütün bu tərəfləri nəzərə alaraq deyə bilərik ki, dağ-piyada turizmi yaxın gələcəkdə daha da populyarlaşacaq.
Səbuhi HƏSƏNOV
http://oldserqqapisi.az/index.php/humanitar/turizm/19839-mukhtar-respublikan-n-aerazisi-dazhh-piyada-turizmi-udzhun-unikal-imkanlara-malikdir.html#sigProGalleriadc1231dc3e