İlin bu isti dövrlərində iş-gücdən bir az uzaqlaşıb, təbiətlə dostcasına yaşıl bir guşədə ailəlikcə istirahət etmək təklifi çoxları üçün lap göydəndüşmədir. Əgər bu günlərdə şəhərli dostlarımız məzuniyyət ərəfəsindədirsə, onda bir ay müddətində Naxçıvanın axşamları havası adamı bir az üşüdən dağ kəndlərinin birində, sərin-səfalı, bal-qaymaqlı bir istirahət turu – kənd turizmi onların yolunu gözləyir.
Çoxları turizmin təşkili yollarını axtaranda zəruri turizm infrastrukturu, nəqliyyat, servis kimi məsələlər və bunların həlli üçün lazım olan peşəkar kadrların tapılması çətinliyi ilə üzləşirlər. Müasir turistlərin komfort standartlarına olan tələbatlarına, xüsusən xarici turistlərin milli xüsusiyyətlərinə uyğun xidmətlər təklif etmək kifayət qədər mürəkkəb məsələdir və bir çox hallarda istirahət məkanlarında turistlərə göstərilən servislər zamanı bu, özünü göstərir. Bununla yanaşı, kənd turizmi kimi elə sadə istirahət növləri də vardır ki, bu zaman bir aylığa da olsa, dincəlmək üçün gəlmiş qonaqlara nə yer tapmaq, nə qida servisi, nə də mənalı istirahət proqramı təşkil etmək çətinlik yaradacaqdır. Çünki buradakı müştərilər – bir çoxu da tanış-bilişimiz olan yerlilərimiz, onların yerləşmə yeri evimizin onlar üçün ayrılmış hissəsi, qidalanması anamın hazırladığı dadlı yeməklərdən olub, istirahət proqramları da həyətdəki böyük alma ağacının altındakı nərd masasından tutmuş dağdakı baldırğan gözəsinin buz bulaqlarına qədər hər yerdə təşkil oluna bilər.
Kənd turizmi əksər hallarda daxili turizm tipinə aid olunur. Müştərilərin əksəriyyətinin ölkəmizin və muxtar respublikamızın müxtəlif şəhərlərindən olduğu belə turizm növünün inkişafı yollarını mənimsəmək, əslində, gələcəkdə beynəlxalq turizmi də inkişaf etdirmək üçün lazım olacaqdır. Yuxarıda qeyd etdiyimiz kimi, kənd turizmi zamanı güclü reklama və geniş təşkilatçılıq tədbirlərinə ehtiyac yoxdur. Turistlərin gəlişinə qədər tələb olunan hər şey – saf, təmiz iqlim və su ehtiyatları, yaşıllıq, abad kənd şəraiti, ecazkar mənzərələr, şəhərdəki kimi bütün sosial infrastruktur təminatı və qonaqpərvər kənd əhalisi hazır resurslardır. Ona görə də kənd turizmi növü vasitəsilə daxili turizmin inkişafı ilə gələcəkdə əcnəbi turistlərin də bu məkanlara meyil etməsinə, keçən bu müddət ərzində müasir servis standartlarına nail olmaq mümkündür. Çünki bu dövrdə bir çatışmazlıq olsa da, bu, ölkə imicinə zərər vuran antireklam olmayacaqdır. Məhz buna görə də turizmdən xeyli miqdarda valyuta gəlirləri əldə edən ölkələr bir zamanlar kənd turizmi kimi daxili turizm təcrübəsi keçmiş və hazırda turizmin bütün növləri üzrə güclü bir potensial əldə etmişlər.
Kənd turizmi geniş resurslara malikdir. Müasir şəhər həyatının intensivliyi, hər gün rejimlə yaşamağın stresi, çox sayda maşınların törətdiyi səs-küy, beton və asfaltın, rəngli reklamların yaratdığı yorucu mühit bir-iki saat yol keçəndən sonra hər tərəfi yamyaşıl təbii bir mühitlə əvəz olunduqda turizmin ən güclü rekreasiya təsiri özünü göstərməyə başlayır. Kənd əhalisinin xüsusən yay aylarındakı gündəlik qayğıları, buradakı bağçalarda aşıb-daşan meyvə-tərəvəz məhsulları, nənələrdən qalma reseptlərlə hazırlanan saf yeməklər şəhərdən gəlmiş turistlərə çox maraqlı gəlir. Hələ axşam toran çalana yaxın kəndin lap gəlhagəl vaxtıdır ki, bu da şəhərli balacalar üçün əsl nağıllardakı kimidir.
Kənd turizminin muxtar respublikamızda böyük potensialı vardır. Bu həm şəhər əhalisinin fəal istirahətə meyil etməsi, həm də kəndlərimizdə gedən hərtərəfli inkişaf prosesləri ilə əlaqədardır. Aparılan quruculuq tədbirləri genişləndikcə şəhərlə kənd arasındakı gəlir səviyyəsi fərqi azalmağa doğru gedir ki, bu da özünü kəndlinin komfort standartları səviyyəsində öz güzəranını qurmağa imkan verir. Qeyd etmək lazımdır ki, bu fərqin azalmasında kənd turizminin də öz töhfəsi vardır. Şəhərli qonaqlara verilən kirayə evlər, onlara satılan yüksəkkeyfiyyətli ərzaq məhsullarından əldə olunan gəlirlər zəhmətkeş kəndlinin büdcəsinin aktivinə yazılır. Digər bir tərəfdən, kəndə gəlmiş turistlər kənddəki yeni istifadəyə verilmiş xidmət mərkəzinin də müştəriləridir. Söz yox ki, kəndə gəlmiş turistlərin tələbatını ödəmək üçün bərbər və gözəllik salonu, dərzi, pinəçi, avtotəmirçi, kimyəvi təmizləmə və çoxlu sayda digər xidmət sahələri də öz müştərisini tapacaqdır. Kəndli gənclər, xüsusən yay tətilində olan tələbələr də kəndin ekoturizm imkanlarını tanıtmaq və asudə vaxtın təşkili baxımından turistlərə xidmətlər göstərib pul qazana bilərlər.
Xülasə, bunun üçün çox da baş sındırmadan bir az təşəbbüskarlıq göstərməyin və kəndlərimizin mövcud potensialını düzgün qiymətləndirməyin əsl vaxtıdır. Çünki istirahətinə qiymət verən insanları biz cəlb edə bilməsək, onlar başqalarının xidmətlərindən istifadə edəcəklər. Bu, turistlərimizin vaxt, ölkəmizin isə valyuta itkisi deməkdir.
Kənd turizmi fərdi təşəbbüskarlıqla təşkil olunduğundan kəndlərdə yaradılan hər iri istirahət kompleksi bu istiqamətdə görülən işlərə sürət verən ilk addım sayıla bilər. İstirahətin təşkili üçün kəndlərimizin imkanlarını üzə çıxaran və fərdi sahibkarları da bu işə həvəsləndirən kompleks istirahət mərkəzləri artan turizm tələbini ödəyərək bu sahədəki boşluqları doldurmağa kömək edir. Bu yaxınlarda istifadəyə verilmiş Ağbulaq İstirahət Mərkəzi də yay-turizm mövsümünün tam qaynar çağında öz müştərilərinə mənalı istirahət imkanları vəd edərək turizmin hər yerdə təşkil oluna biləcəyi tezisini bir daha sübuta yetirir.
Əli CABBAROV