24-26 iyul tarixlərində İspaniya vətəndaşı, arxeoloq Rodriguez Oscar Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Ölkəsinə qayıtdıqdan sonra o, “Tripadvisor” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası barədə aşağıdakı məlumatı paylaşmışdır.
Naxçıvan Qafqazın gözəl, gizli bir guşəsidir. Bura səfər etsəniz, türk və islam mədəniyyətlərini özündə birləşdirən abidələr, zəngin mətbəx, qonaqpərvər insanlar və əsrarəngiz təbiət mənzərələri ilə rastlaşa bilərsiniz. Kaşı və kərpiclə bəzədilmiş türk-islam mədəniyyəti abidələri ilə tanışlığımız inanılmaz dərəcədə gözəl keçdi. Bir arxeoloq və tarixçi olaraq deyə bilərəm ki, I-IV əsrə aid olan məşhur Əlincəqalaya səfərim çox yaddaqalan oldu. Ərazidəki dağların, təpələrin, qaya birləşmələrinin və Araz çayının yaşıl vadisinin inanılmaz mənzərəsi insanı valeh edir. Azərbaycana səfər edərkən iki və ya üç gün Naxçıvanda qalmağınızı tövsiyə edirəm. Xatırladım ki, Bakı ilə yanaşı, İstanbul və Moskvadan da Naxçıvana səfər etmək mümkündür.