22 Dekabr 2024, Bazar

Turizm marşrutları mövcud turizm ehtiyatları əsasında yaradılır. Turizm ehtiyatları isə rekreasiya cazibədarlığı baxımından praktik olaraq tükənməzdir. Ancaq inanc və dərketmə tələbatı baxımından uzaq səfərlərə yollanmaq tarixən ən qədim səyahət növlərindən biri olmuşdur. İnsanlar min illərdən bəri yaddaşlarında əbədiləşən müqəddəs ziyarətgahlara etdikləri səfərlərlə dünyadakı ən savab işlərdən onlara da pay düşdüyünə inanmışlar. Naxçıvanın dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahı marşrutu üzrə hərəkət edən zəvvarların əsl qazancı budur. Əgər duaların Allaha çatdığı yerdə, Peyğəmbər ayağının toxunduğu torpaqda öz inanclarını daha da dərinləşdirib Uca Yaradana bir addım daha yaxın bir yerdən xitab etmək istəyənlər varsa, Naxçıvan–Əshabi-Kəhf turizm marşrutu bütün turistlərin yolunu gözləyir.

Naxçıvanın turizm ehtiyatları arasında Əshabi-Kəhf ziyarətgahının öz yeri vardır. Bu, turizm marşrutları qarşısında qoyulan ümumi tələblər və onların elmi-nəzəri və metodoloji cəhətdən əsaslandırılması baxımından Naxçıvan–Əshabi-Kəhf turizm marşrutuna da öz təsirini göstərir. Daş mağarada haqqın ədalətinə sığınıb ondan mərhəmət gözləyənlər kimi, sonsuzluq qavramını da kainatın dərinliklərində deyil, elə yaşadığı şəhərin lap yaxınlığındakı təbiət möcüzəsində axtaranlar üçün qədim Naxçıvanın müqəddəs məkanları, onun Əshabi-Kəhf ziyarətgahı hamının axtardığı bir yerdir.

Əshabi-Kəhf ziyarətgahı haqqında dini-tarixi mənbələr, elmi araşdırmalar kifayət qədərdir və bu kiçik yazıda onun haqqında iddialı danışmaq çətindir. Buranın dini-ziyarət turizmi resursu kimi heç reklama da ehtiyacı yoxdur. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, bu müqəddəs məkan Naxçıvanın Batabat və Ordubadı ilə birgə hələ çox onillər öncəsindən tanınmış, indiki anlayışlarla marklaşaraq Naxçıvanı dünyada tanıdan simvollardan birinə çevrilmişdir. Keçmişdəki dəmir rejimin qadağalarına baxmayaraq, Əshabi-Kəhfə ziyarətlər heç kəsilməmiş, insanlar ürəyinin hökmü ilə paklığına inandığı nə əməl varsa, onu yerinə yetirmək inadından dönmə­mişlər. İndi isə ölkəmiz müstəqildir və müqəddəs Əshabi-Kəhf ziyarətgahı da azad ölkənin azad inanc sahibi olan insanları ilə bərabər, bütün dünyanın zəvvarlarının və muxtar respublikamıza səfər edən qonaqların ziyarətinə tam açıqdır. Yəni artıq zaman turizm zamanı, turizmin bütün növlərindən pay qazanmaq zamanıdır.
Naxçıvan–Əshabi-Kəhf turizm marşrutunu işləyib onu turist qruplarına təklif etmək çox asan və həm də məsələnin bütün tərəfləri nəzərə alınmaqla çox mürəkkəb və məsuliyyətli işdir. Söhbət heç də Naxçıvan şəhərindən 21 kilometr aralı məsafədəki bir məkana, klassik turizm formulu ilə desək, “yemək, yataq, nəqliyyat və ekskursiya” formulu əsasında insanların səfərlərinin təşkilindən getmir. Dünyada mövcud olan təcrübə əsasında bu ziyarətgaha turzərflərin təşkili dövrün tələbinə çevrilmişdir. Başqa sözlə, bugünkü vəzifə ziyarətgah istiqamətində hərəkət edən turistlərin motivlərini, xarici turistlərin ölkə mənşəyini, onların ziyarətdən başqa əlavə xidmətlərə olan tələbatlarını düzgün qiymətləndirmək, Naxçıvanda olduqları müddətdə onların asudə vaxtlarını mənalı təşkil etməkdir. Çünki “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi Naxçıvan şəhərinə çox yaxın və oraya gediş-gəliş şəraiti çox rahat olduğundan buraya təşkil olunacaq ziyarəti bir neçə saatda da tamamlamaq mümkündür. Ancaq söz yox ki, Naxçıvana yüzlərlə və hətta minlərlə kilometr yol qət edərək gəlmiş zəvvarların bu diyarda, heç olmasa, bir turist həftəsi, yəni 5 gecə 6 gün qalması niyyətləri vardır. Bəs onda?
...Beləliklə, Naxçıvan–Əshabi-Kəhf turizm marşrutu üzrə hərəkət edən turistlərin ilk qarşılanacağı yer muxtar respublikamızın giriş qapılarıdır. Bu istər Naxçıvan Beynəlxalq Hava Limanı, istərsə də muxtar respublikanın Sədərək, Şahtaxtı və Culfa gömrük-keçid məntəqələrindən biri ola bilər. Ümumiyyətlə, əgər təkcə hava yolu seçilərsə, ölkəmizin paytaxtı Bakıdan və Gəncə şəhərindən başqa, Naxçıvana bir saatlıq uçuşla 4-5 ölkədən, iki saatlıq uçuşla isə 20-dən artıq ölkədən zəvvar cəlb etmək mümkündür. Bu məntəqələrdə zəvvarların qarşılanması və onların əvvəlcədən müəyyənləşdirilmiş oteldə yerləşdirilməsi turun ilk gününün təlaşıdır. Amma bu proses, əslində, yaxşı turoperator üçün təlaş deyil, turistlərə muxtar respublikamızı tanıtmaq üçün əlverişli bir fürsət zamanıdır. Gömrük-keçid məntəqələrində və hava limanındakı sürətli və dəqiq xidmət burada işini yerinə yetirən personalın gülərüzlüyü ilə həmahəng olduqda turistlər elə buradaca mobil telefonlarından yaxınlarına ilk ismarıclarını göndərəcəklər: “Kaş ki sən də burada olaydın!”
Daha sonra isə oteldə yerləşdirilmiş turistlərə şəhər turu təqdim olunmalıdır. Lüks avtobusun pəncərəsindən turistləri qısqandıracaq Naxçıvan görüntüləri, Nuh Peyğəmbərin məzarüstü abidəsi, Möminə xatın məqbərəsi kimi tarixi zənginliklərimiz müasir şəhərsalma və arxitektura ansamblında turun növbəti günlərində turistlərimizə təqdim olunacaqdır. Və ilk günün sonunda turistlərə milli mətbəximizi tanıtmaq üçün Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsinin yerləşdiyi ərazidə sifariş edilmiş milli yeməklər bizi gözləyir.
Turun ikinci günü zəvvarların proqramında əsas motiv, yəni Əshabi-Kəhfə səfər vardır. Qeyd edək ki, bu, turistlərin seçiminə görə bir, yaxud ikigünlük bir vaxt apara bilər. Əgər qrupda ahıllar və uşaqlar da varsa, onda ilin fəslinə görə səfər günortaya qədər, yaxud günortadan sonra yarımgün müddətinə planlaşdırılmalıdır. Bu məqamda Əshabi-Kəhfə özü müstəqil səfər edən insanları və yerli əhalinin də axınını hökmən nəzərə almaq lazımdır. Bu ziyarətgahda insanlara lazım olan tələbatlar normal səviyyədə ödənilsə də, hər halda, adamların ziyarət əsnasında çox qələbəlikdən əziyyət çəkdiyi də nəzərə alınmalıdır. Ortayaşlı insanlara isə bütün gün ərzində ziyarətgahda qalıb istəklərinə görə ziyarət əməllərini yerinə yetirmələri təklif oluna bilər.
Naxçıvan–Əshabi-Kəhf turizm marşrutu üzrə üçüncü gün sərbəst gündür. Bu qayda bir çox yerdə də belədir. Sərbəst gün çərçivəsində zəvvar turistlərimiz Naxçıvanın muzey və kitabxanalarına, hədiyyəlik əşya mağazalarına, bazar və dükanlarına baş çəkmək, müxtəlif sosial-mədəni xidmətlərdən istifadə etmək imkanı qazanacaqlar. Qeyd edək ki, ziyarət turları da daxil olmaqla, istənilən turlarda əlavə xidmətlərin göstərildiyi sərbəst gün və saatlar turizmin bölgə iqtisadiyyatına gəlir qazandırması vaxtıdır. Odur ki, regiondakı bütün sosial xidmət obyektləri bu fürsəti yaxşı dəyərləndirib “dəqiqə ilə işləmək” şablonundan nəhayət ki, qurtulub, real xidmətlər göstərib gəlir qazanmalıdırlar.
Səyahətin dördüncü günü turistlərimizin artan maraqlarına təşkilati qaydada cavab vermək lazımdır. Axı onlar dünən şəhərdə çox maraqlı yerlər görmüş, heyrətlənmişlər. Bu gün qrupumuzu bir yerə yığıb qısa planlaşdırmadan sonra Naxçıvan şəhərində və şəhərdən kənardakı bütün dərketmə məzmunlu obyektlərin sırası ilə tanıdılmasına başlayacağıq. Qoy bu proqram Oğlanqala divarlarından, Qarabağlar türbəsindən tutmuş Nəiminin məzarüstü abidəsinin ziyarətindən keçərək Ordubad şəhərinədək davam etsin. Turistlər qeyri-adi tələbatlı olub, bizdən peşəkar xidmətlər gözləyən insanlardır. Ona görə də bu proqramın bir, ya iki gün çəkəcəyini proqnoz etmək çətindir. Yaxşı olar ki, səyahətin bu bölümü digər sosialməzmunlu tədbir və xidmətlərlə birgə bir gündən artıq olsun. Buna bizim resurslarımız da var, imkanlarımız da, kadrımız da.

Və nəhayət, səyahətin beşinci günü turistlərimizə ziyarətlərini yaddaşlarında möhkəmləndirmək üçün haqqı turfirma tərəfindən ödənilən Əshabi-Kəhfə ikinci, vida səfəri təşkil olunur. Əslində, bütün turistlərimiz bunu gözləyirdilər. Kiminsə üç gün əvvəldən hansı mənzərədəsə gözü qalmış, nəsə yaddan çıxmış, nəyisə yenidən görmək, ona yenidən toxunmaq, onun qarşısında daş kimi donub düşünmək istəyi yaranmışdı. Qoy bu da bizdən olsun. Çünki onlarla bərabər, biz də bir daha tarix, təbiət və haqq qarşısında düşündük, zənginləşdik. İki gündən sonra isə yeni qrup gələcək. Sabah erkəndən turistlərimizi yola salmaq lazımdır.

Allah ziyarətinizi qəbul etsin!

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR